4 Oktyabr 2016 12:46
1 655

Dilqəm ƏHMƏD

Dünən tarix üzrə fəlsəfə doktoru, dostumuz Fariz Xəlilli Feysbukda belə bir qeyd yazdı:

Təkbaşına qalmışam...
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi dağılır...
3 aydır ki, Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığım həyəcan məktubuna cavab verilmir...
Son yağışlar çox çöküntüyə səbəb olub, kanalizasiya xətti uçub, buzxanaya su sızıb... Bu il siçan çox olub, hər yeri dəlmə-deşik ediblər...
Məsuliyyətdən yaranan yalvarışlarımıza baxmayaraq mühafizə müqaviləmiz yenilənmədiyi üçün işçilərimiz də qalmayıb...
Durum acınacaqlıdır...
Əli çatan, ünü yetən bütün dostlarımı köməyə çağırıram...

Fariz bəyin qeyd etdiyi Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində olmuşam və bu barədə Nadir şahın mirası adlı yazı yazmışam. Yəni kompleksin necə bir əhəmiyyət daşıdığını yazını tıklayaraq oxuya bilərsiniz.

İndi daha önəmli bir məqam var: Azərbaycanda ilk arxeoloji turizm kompleksi dağılmaq üzrədir!

Fariz bəyin qeydini oxuduqda ilk ağlıma gələn bir həftə öncə Türkiyədə yaşanan hadisə oldu.

Belə ki, sentyabrın son günlərinin birində “Hürriyyət” qəzetinin manşetində belə bir xəbər vardı: “Topkapı sarayı ayakta zor duruyor”

Türkiyənin ən iri tirajlı qəzeti FETÖ, Yeniqapı ruhu, PKK, Suriya kimi gündəmi daim məşğul edən manşetlik xəbərləri bir tərəfə atıb indi muzeyə çevrilən Osmanlı sarayının dağılması təhlükəsini baş xəbər etmişdi.

Şübhəsiz ki, “Hürriyyət” kimi ciddi bir keçmişi olan, ən prestijli köşə yazarlarının çalışdığı bir qəzet bunu edəcəkdi. Amma bununla bərabər türk toplumunun müəyyən hissəsində tarix şüurunun olması bu kimi problemləri daim gündəmə gətirilməsinə səbəb olur.

Bir qəzetin belə bir təhlükəni manşetdən xəbər verməsinə ilk kim reaksiya verəcəkdi?

Təbii ki, yenə də tarix şüuru olan, mədəniyyət sevgisi olan adi vətəndaşlar və bu sahələrdə ixtisaslaşmış tanınmış alimlər.

Təsadüfi deyil ki, bu xəbərin yayımlanmasından cəmi 6 gün sonra “Hürriyyət” qəzetindəki həftəlik bazar yazısında professor İlbər Ortaylı bu məsələni daha da ictimailəşdirdi, “Topqapıya həqiqətən bilənlərin müdaxilə etməsi lazımdır” deyərək məqalə yazdı.

İlbər Ortaylı ona görə “həqiqətən bilən” ifadəsini işlədib ki, yazısından da aydın olur ki, II Dünya müharibəsi illərində savaşın Türkiyəyə sıçrama ehtimalına görə saraydakı nadir əsərləri Anadoluya aparıblar. Müharibədən sonra əsərlər yenidən muzeyə daşınarkən muzeydə müəyyən “təmir” işləri görülüb və muzeyin təhlükəyə düşməsinə səbəb olan addımlar atılıb. Saray ilk dəfə olaraq sementlə də tanış olub... 1999-cu il zəlzələsindən sonra isə Topqapının dağılması məsələsi daim aktuallığını qoruyub. Hazırda isə Topqapıda dərin çatlar yaranıb və mütəxəssislər həyəcan təbili çalmaqdadırlar.

Sözüm ona ki, Azərbaycanda da jurnalistlərlə yanaşı, bu sahədə mütəxəssis olan alimlər toplaşaraq müvafiq qurumlara rəsmi sənəd təqdim etməli, belə bir arxeoloji mərkəzin dağılmasının qarşısını almaq üçün həyəcan təbili çalmalıdırlar. Tarixçilərimiz də Səfəvi mövzusunu bir kənara atıb daha ciddi bir problemimizlə məşğul olmalıdırlar.

Əgər bu gün Ağsudakı mərkəz yox olarsa, bu, Azərbaycanda az-çox inkişaf etmiş arxeologiya sahəsinə ciddi zərbə olacaq, bu sahə ilə məşğul olanlara və olmaq istəyənləri həddindən artıq məyus edəcək.

Yeri gəlmişkən, bu il Əfşar dövlətinin yaranmasının 280 illiyidir. Nadir şahdan qalan mirası bu ildə qorumaq daha vacibdir...


Müəllif: Dilqəm Əhməd