11 Oktyabr 2016 14:18
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmişə başıma bəla olub darıxmaq.

Ömür boyu danlanmışam, üzümə söz gəlib.

Səbəb nə olsa yaxşıdır?

Darıxmaq!

Qəribə bir xasiyyətim də var.

Ən çox düşmənimdən ötrü darıxıram.

Harada məndən xoşu gəlməyən adam varsa gedib onun yanında dayanıram.

Nə bilim, ürəyim belə istəyir.

Hətta könlümdən düşmənimə əl uzatmaq keçir.

Düşmənimə demək istəyirəm ki, səndən ötrü darıxıram.

Görəsən, məni başa düşərmi?

Bəlkə düşmənim məni ələ salar, bilmirəm.

Bəlkə sevinə-sevinə deyər ki, özün gəlib mənə möhtac oldun, bunu da bilmirəm.

Ancaq mənim üçün fərqi yoxdur.

Qoy kim sevinir sevinsin, kim gülür gülsün.

Lap əl çalıb oynasın.

Təki mən darıxmayım.

Təki canımı göynətməsin bu eşşək oğlu darıxmaq!

Atam tez-tez deyir iradəsiz adamsan, ona görə bərk darıxırsan.

Həyat çətindir.

Yalnız güclü olmalısan.

Ölməyə nə var, yaşamağa hünərin çatırmı?

Atam həssas adam olduğu üçün məni başa düşür.

Ancaq bəzən o da məni anlamır, anlamır...

Təbii, anam da atamla eyni fikirdədir.

Sadəcə, anam bir az emosionaldır.

Sözünü daha sərt deyir.

Bu da mənim xətrimə deyir, inciyirəm, pis oluram.

Hərdən anamı qucaqlamaq istəyirəm.

Demək istəyirəm ki, ana, mən səndən də ötrü darıxıram.

Dünyada ən dəhşətli hiss yanında olan adamdan ötrü darıxmaqdır.

Təsəvvür eləyin, üzünü görürsən, əllərin tutursan, qucaqlaya bilirsən, amma həm də ondan ötrü darıxırsan. Bu hissin heç bir izahı yoxdur.

Buna görə adama dəli deyərlər.

Yanındakı adamdan ötrü darıxmaqmı olar?

Bu qədər bədbin əhvali-ruhiyyə, sarsıntılar içində yol getmək də mənə çətin gəlir.

Getdiyim yolda tez-tez dayanmaq istəyirəm.

Elə bil bir əlim o biri əlimi qəbul eləmir.

İki axmaq əlin arasında qalmışam.

Bir-birini yola vermirlər ki, vermirlər...

İkisi də tək yaşamaq istəyir.

Bəlkə əllərim də darıxır?

Ayaqlarım da eyni vəziyyətdədir.

Elə bil bir ayağım o birinə demək istəyir ki, ay qardaş, sən bir dəqiqə dayan, mən bu yolu tək yerimək istəyirəm.

İki qanmaz ayaq arasında qalmışam.

Ona görə də hər gün işə gecikirəm.

Müdir də məni danlayır.

Daha üzümün abırı tökülüb.

Müdirə necə başa salım ki, günah məndə deyil, hamısını eləyən ayağımdır.

Hərdən yıxılıb yerə yolu qucaqlamaq istəyirəm.

Demək istəyirəm ki, yol, mən səndən də ötrü darıxıram.

Bir az hissiyyatlı adam olsa yatdığım çarpayıya baxan kimi necə darıxdığımı bilər.

Gecələr yerimin içində o qədər o üzə-bu üzə çevrilirəm ki, bəzən yorğanımla döşəyim yerini dəyişir. Döşəyim yorğan kimi üstümə sərilir.

Yorğan altda qalır.

Onlar da yola getmir.

Bir yorğanla bir döşəyin arasında qalmışam.

Gecələr yata bilmirəm.

Evimizin buz kimi divarına üzümü söykəyib demək istəyirəm:

– Divar, mən səndən də ötrü darıxıram.


Müəllif: Kəramət Böyükçöl