17 Oktyabr 2016 14:24
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

O Ayaz Vəfalı “Ədəbiyyat qəzeti”ni elə günə qoymuşdu ki, hamımız ölkədə bu adda, bu nişanda bir qəzetin varlığını belə unutmuşduq. Azər Turan AYB adlı ədəbiyyat həbsxanasının hücrələrindən birinin pəncərəsini çox yox, azca aralamaqla əməllicə səs-küy yarada bildi.

Reallığı nəzərə almaq lazımdır, sabah mən belə qəzet çıxarsam, hamı deyər, Mövlud, ayıb olsun, o nədir, istedadsız akademikləri doldurmusan qəzetə. Amma Azər müəllimdən, Yazıçılar Birliyindən çox şey gözləmirik deyə 32 səhifəlik qəzetdə normal 4-5 səhifə bizə Lələtəpə kimi görünür. Buna da şükür eləyib, hər şənbə qaçırıq köşklərə.

“Ədəbiyyat”da ən çox gənc dostların yazılarını oxuyuram. Görüm təzə hansı kitabdan yazıblar, hansı filmdən danışıblar, hansı problemdən söhbət açıblar.

Dostum-qardaşım Sərdar Aminin “Füyuzat” və böyük Əli bəy Hüseynzadə məktəbiylə “Molla Nəsrəddin” jurnalını, onun baş redaktoru Mirzə Cəlili qarşılaşdıran yazısında razılaşmadığım məqamlar məni klaviatura taqqıldatmağa ilhamlandırdı.

Sərdarın məqaləsini oxuyanlar oxuyub, oxumayanlar üçün deyim ki, yazıda Əli bəy Hüseynzadənin və ümumilikdə “Füyuzat” məktəbinin ədəbiyyatımız, fəlsəfi fikrimiz üçün daha faydalı olduğu, sovet dövrünün Mirzə Cəlili, “Molla Nəsrəddin”i qəsdən qabartdığı iddia olunur.

O yazır: “Azərbaycan xalqının milli kimliyini yaradan insanların qanına bulaşmış, Azərbaycan mədəniyyətini, ədəbiyyatını öz təbii axarından ayırıb ən azından bir əsr geriyə atmış SSRİ belə, “Molla Nəsrəddin”in dərcinin davam etməsində demək olar ki, problem görmədi”.

Burda “demək olar ki” ifadəsiylə özünü sığortalamağa çalışırsan, dostum, ancaq bu ifadə Mirzə Cəlilin məhz sovet dövründə başına gətirilənlərin fonunda çox zəif qalır.

Mirzə Cəlil əlyazmalarını hansı dövrdə yandırmışdı, Sabirin heykəlinin açılışına onu hansı dövrdə çağırmamışdılar, “Molla Nəsrəddin”i ateizmin düşük təbliğatçısına kimlər çevirmək istəyirdi?

Daha sonra dil məsələsini qabardırsan: Əli bəy Hüseynzadənin dili daha aristokratmış, daha bədii imiş. Mirzə Cəlilin aqrar leksikası ədəbiyyatımızı geri salıbmış, bu gün hər cür istedadsız adamın özünə yazıçı deməyinə şərait yaradırmış.

Bu, nə məntiq, bu, nə yanaşma?

Onda gərək Ramiz Rövşənin havasına oynayan istedadsızlara görə Ramizi, Balaxan Qəribə görə Salamı dara çəkək.

Mirzə Cəlil dünyanın bütün vicdanlı yazıçıları kimi öz xalqının, öz millətinin, yaşadığı dövrün ağrıları, dərdləri ilə əlləşib, onları qələmə alıb. Əli bəy də bu dərdlərə ağlayırdı, onun da ürəyi bu ağrılardan ötrü yanırdı. Sadəcə, Mirzə Cəlilin bədii istedadı daha güclü olduğuna görə o ilk baxışda sadə, amma tamamilə bənzərsiz bir üslub, məktəb yarada bilib, bununla da Azərbaycan ədəbiyyatında özündən sonra heç bir yazıçının qalxa bilmədiyi bir məqama ucalıb.

İki məktəbin dilləri arasında müzakirə apararkən alovla müdafiə etdiyin Əli bəy Hüseynzadə poeziyasından Azərbaycan xalqının yaddaşında ən çox yaşayan misraların hansı olduğunu unudursan:

– Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi!

Allah bu müqəddəs kişiyə rəhmət eləsin, onun məhz bu misralarla başlayan şeirinin yaddaşlarda qalmasının səbəbi Mirzə Cəlil dilinə (anlaşıqlılıq, sadəlik baxımından) yaxın olması deyil, bəs nədir?

Yaxşı, mən tutaq ki, razı, bu dili köpəkoğlu sovet hökuməti bizə unutdurdu. Axı, canım-gözüm, biz sovet hökumətindən əvvəl də belə danışmırdıq, axı, bu dil heç Füzulinin də dili deyil – hibrid osmanlıcadır. Həmin osmanlıca ki, böyük Atatürk o dili sadələşdirmək, xalqa yaxınlaşdırmaq üçün gecə səhərə kimi alnını ovuşdurub çarə fikirləşirdi.

Yəni sən doğrudanmı elə düşünürsən ki, sovet hökuməti olmasaydı, bizim xalqımız Hadinin, Cavidin, Əli bəyin dilində danışacaqdı?

Əsla!

Ola bilər ki, rus gəlməsə, bu dil qorunub-saxlanacaq, qəzetlərdə, kitablarda yaşayacaqdı, amma xalq... Allah köməyin olsun, yad dildən gələn “Ürfani” sözünə “Urfanı” deyən aşıqların döşündə osmanlıcamı dayanardı?

Türkiyədə ki rus yox idi, niyə Yəhya Kamalların dili tab gətirə bilmədi? Çünki orda da aşıq Nazim Hikmət vardı. Yunus babasının saf-duru dillə tikdiyi qalanın üstündə qüdrətli bir səltənət ucaltdı. Bu gün türkiyəli yazıçılar, şairlər, jurnalistlər məhz bu səltənətin əzəmətindən ilhamlanıb əllərinə qələm alırlar.

Yazında sovet dövrünün gözəl şairlərindən olan Əhməd Cəmilin tərcüməsində Hötenin “Faust”undan sitat gətirirsən, sonra eyni yeri Əli bəyin tərcüməsində təqdim edirsən:

"Əli bəy Hüseynzadə dilində orijinaldan tərcümə edilmiş “Faust” əsərindən bir bəndlə, elə həmin bəndi müasir dilimizdə Əhməd Cəmilin tərcüməsində paralel paylaşaq. Dilimizin necə dəyişdiyi, o dönəmdəki və indiki potensialı, eyni zamanda tərcümə işində önəmsənilən kriteriyalar və dəyərlər göz önündədir. Mefistofel Allah haqqında:

Hərdən xoşum gəlir lap bu qocadan,
Onunla aranı vurmamaq şərtdir.
Şeytanın özüylə belə mehriban
danışmaq özü də bir kəramətdir.

(Ə.Cəmilin tərcüməsi)".

Mefistofel Rəbbi-aləm haqqında:
Bəzən də ziyarət xoş olur zati-qədimi
Heç istəməm etmək ona izhari-ədavət
Bunca əzəmət heyrətə şayəstə deyilmi
Şeytanə belə göstəriyor rıfkı-nəzakət.

(Ə.Hüseynzadənin tərcüməsi)".

Mən mərhum Əhməd Cəmilin tərcüməsinin ideal olduğunu demirəm (hərçənd ideal şeir tərcüməsi, az qala, mümkünsüz bir şeydi), ancaq gəl insaflı olaq, Qusarın ucqar dağ kəndindən gələn bir gəncin dahi alman klassikinin yaradıcılığı ilə tanış olması, dünya ədəbiyyatının bu şah əsərinin, heç olmasa, süjetini öyrənməsi üçün bu tərcümələrin hansı normaldır?

Və nəhayət, söhbət sırf bədii siqlətdən gedirsə, Əli bəy Hüseynzadənin bütün şeirləri Əhməd Cəmilin bir dənə “Can nənə, bir nağıl de”sinə uduzar, məncə.

Bəli, ədəbiyyat tam danışıq dili də deyil, hər yazıçın öz üslubu, öz dili olur. Biz danışıqda Əkrəm Əylislinin sintaksisindən istifadə etsək, nəfəsimiz kəsilər. Amma Əkrəm bu dilin bədii həllini verə bilib, onu bizə yedirib. Hər halda, zamanın sınağından çıxan bütün ciddi əsər siyahılarında yer alan povestləri bunun sübutudur.

Bəli, bəli, ədəbiyyat tam danışıq dili də deyil, hər yazıçın da öz üslubu, öz dili olur. Amma o dili, o üslubu tutuzdurmaq, alındırmaq hər alına yazılmır. Bu alın Tanrı, tarix və millət qarşısında açıq olsa belə.

Özün də dur gəl “İnşaatçılar”a, bir çay içək!..


Müəllif: Mövlud Mövlud