3 İyul 2014 11:17
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin 90-cı illərində Qarabağ müharibəsinin ölüm-itimli vaxtlarında redaksiyanın qapılarını tez-tez əlində əzik-üzük, köhnə şəkil tutmuş insanlar döyürdü. İncəliyinə varsaq, bəzi detalları da qeyd eləməliyəm: Dərdin böyüklüyünə baxmayaraq, bu adamlar daha şax yeriyir, haqqı varmış kimi özünü və necə deyərlər, kədərini vüqarla təqdim edirdilər. Sonra da razılıqla qayıdıb gedirdilər. Onlar şəhid düşmüş övladlarından, qohum-əqrəbadan yazı yazmağın ricasında bulunurdular.

Onda Azərbaycan Tərcümə Mərkəzinin “Yol” ədəbiyyat qəzetində işləyirdim, qəzet ayda iki dəfə çap olunurdu, sırf ədəbi yönümlü bir nəşriydi, bununla belə, redaksiyaya şəhid şəkli, sənədi gətirənlərin ardı-arası kəsilmirdi. Çoxu da mətbuat aləmindən tamam uzaq adamlardı.

Yaşı müharibəyə düşən, üstəlik, milli və insani ağrının qarşısında dözümsüz olan birisi kimi utana-utana, kövrələ-kövrələ qeydləri götürür, əlbəttə, yazını növbəti nömrəyə hazırlayırdım. Ancaq şəhid yiyələrinin bu kiçik, mənasız təsəllisinə ürəyimdə həm də acıyırdım. Nəyə və kimə gərəkdi bu bir qırıq yazı - deyə düşünürdüm.

Onda söz vermişdim - qardaşım şəhid düşsə nə bir cümlə özüm yazacam, nə də bir kimsənin yazmasına izn verəcəm. Onsuz da millət bir ucdan qırılırdı.

Qardaşlarımdan biri könüllü cəbhəyə yollandı, “gəzən güllə” olan “5.45" avtomat gülləsindən ağır yara aldı, bir neçə millimetrlik təsadüf hesabına ölümdən sağ qurtuldu. Bu haqda ilk dəfə yazıram.

Mən yenə də həmin problem haqda düşünürəm: İnsan yaxınlarının və ya özünün ölümünü necə qarşılamalıdı? Bir az da dəqiqləşdirim mövzumu - mən ölümü necə qarşılardım?

Əgər xəstəxanada yatardımsa, məndən yazmağa gələn jurnalistləri (əgər belə bir istəkdə bulanan olardısa) palataya buraxmazdım! İkincisi, jurnalistlərin ölməkdə olan bir insandan açıqlama təşəbbüsünə yox deyərdim. Hər halda, ölüm döşəyində olan bir Allah bəndəsinin, bir respublika vətəndaşının özü, xəstəliyi və ölümü haqda KİV-ə məlumat ötürməyə mükəlləf deyil. Üçüncüsü, kimsə məndən yazı yazmaq arzusuna düşsə deyərdim: Allah xətrinə, imkan ver ölüm, sonra kefinə gəlsə, nə istəsən yazarsan. Özü də mümkünsə, “qırx” çıxandan, meyit soyuyandan sonra.

Təzəcə ölən adam haqda qələmə alınmış yazılardan həmişə bir az da ölü qoxusu, cənazə və sidr-kafir iyi gəlir. Özüm də yazmışam. Gözümün yaşıyla yazdıqlarım da olub. Daha yazmayacam. Allah hamıya uzun ömür versin.

Mən isə sakit ölməkçün çabalar göstərərdim. Hər şeyin bitdiyi fikrini özümə yaxın buraxmadan ümidlə ölərdim.

Həmişə ölüm mövzusunda tər tökmüş, daim ağrılarını ifadə eləməyə çalışmış və əksərən bunu bacarmış şairin-yazıçının xəstəlik açıqlamaları, inciməsələr deyərdim, mənə saxta görünür. Ya özünün, ya da ölümün reklamı kimi. İçində bir az da təmənna olur. Bir az da sayıqlama... Daha nələr, nələr...

Bir tanınmış var, yatağa düşən kimi yuxarılara müraciət edir. Neçə illərdi belə yaşayır. Səhiyyənin hazırkı müdhiş durumundan, sağlamlığa qoyulmalı kapitalın həcmindən, həkimlərin iştahından xəbərim var. Ancaq sən özün də düşün - belə səs-küy salıb yaşamağa dəyərmi?

Həyat təkcə yaşamağı yox, ölməyi də bacarmaqdı. Bu haqda düşünmək gərəkdi. Nə qədər ki əbədi həyat kəşf olunmayıb, neçə ki insan həyatı 70-dən, 75-dən çox deyil, üstəlik, hər birimiz azar-bezardan, qəza-qədərdən göz qırpımında ölüb gedə bilərik, deməli, ölmək sənətinə də yiyələnməliyik.


Müəllif: Qurban Yaquboğlu