23 Aprel 2014 10:19
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Abdullayev qatıb yenə aləmi bir-birinə. "Neftçi"nin və milli komandamızın gənc futbolçusu bu dəfə də qalmaqalla diqqət mərkəzindədir.

Bir vaxtlar adı ölkənin ən yaxşı və ən perspektivli oyunçuları sırasında çəkilən Araz, deyəsən, erkən şöhrətdən ulduz xəstəliyinə tutulub.

Əgər belə olmasaydı, onun adı son vaxtlar oynadığı oyundan, vurduğu qollardan və verdiyi ötürmələrdən daha çox intizamsızlıqda, avtoxuliqanlıqda və başqa ona heç də baş ucalığı gətirməyən işlərdə hallanmazdı.

Bir ara ölkənin idman gündəmini zəbt eləmiş, Arazın başına gələn məlum avtomobil qəzası haqqında çox danışmağa ehtiyac görmürəm. Həyatdı, heç kəs bu cür bədbəxt hadisələrdən sığortalanmayıb.

Ancaq hətta başına gələn belə məşum hadisədən sonra da çılğınlığından əl çəkməyən futbolçu yaxşı bir cəzaya layiq olduğunu bir daha göstərdi.

Bütün digər hadisələri, günahlarını bir tərəfə qoysaq da, sonuncu hərəkəti, azarkeşi təhqir etməsi heç cür həzm olunacaq hərəkət deyil. Belə görünür ki, bundan sonra nə azarkeşlər, nə ictimaiyyət, nə də mətbuat Arazı belə asanlıqla bağışlamayacaq.

Görünür, Araza bir daha, dəfələrlə xatırlatmaq gərəkdir ki, futbol sırf azarkeşlər üçün oynanan oyundur. Və əgər sən futbolun çörəyini yeyirsənsə, onun sayəsində bu cür rahat, firavan və lüks yaşayırsansa, azarkeşə də hörmət qoymalısan.

Futbolçunun azarkeşi söyməsi, təhqir eləməsi isə yemək yediyin qaba tüpürmək kimi bir şeydir.
Ümumiyyətlə, söhbət təkcə Arazdan getmir, biz bu cür hadisələrin bir neçə dəfə şahidi olmuşuq. Bunun əsas səbəbi isə bu cür halların dəfələrlə təkrarlanmasına baxmayaraq, hər dəfə cəzasız qalmasıdır.

Araz mütləq cəzalanmalıdır. Bu, birmənalı şəkildə belədir və aydın məsələdir. Doğrudur, artıq klub rəhbərliyi vitse-prezident səviyyəsində bu olaya münasibət bildirib, deyilənə görə, cəzası da artıq verilib.
Ancaq bu işdə mətbuata da böyük yük düşür. Bu tip hərəkətlərə yol verən futbolçu da, məşqçi də kimliyindən asılı olmayaraq, hər kəs mütləq ictimai qınağa məruz qalmalıdır.

Son günlər belə müzakirələri yaxından izləyirəm. Bəzi həmkarlarım daha sərt tədbirlər görülməsini tələb edirlər. Əslində onların haqlı tərəfləri var. Klubdan uzaqlaşdırılsın deyən də var, pul cəzası verilsin deyən də.

Fikirlər müxtəlifdir və hər kəs də özlüyündə haqlıdır bu məsələdə. Ancaq normal inkişaf eləmiş, futbolu ilə tanınan ölkələrdə bu cür hərəkətlər qətiyyən bağışlanmır.

Futbol azarkeşləri yaxşı xatırlayarlar, Paskal Numa bir zamanlar "Beşiktaş"lı azarkeşlərin ən sevimli oyunçularından biri idi. Ancaq fransız futbolçunun bir oyunda rəqib azarkeşlərə göstərdiyi ədəbsiz jest onun Türkiyədəki karyerası bahasına başa gəldi.

Araz Numadan artıq oyunçu deyil ki. Ancaq mövsümün bu çağında "Neftçi" rəhbərliyinin belə ciddi bir addım atacağını gözləmək sadəlövhlük olardı. Çünki onsuz da çətin vəziyyətdə olan kluba bu oyunçu gərəklidir və həm baş məşqçinin, həm də klub rəhbərliyinin sevimlilərindən biridir.

Məsələyə başqa aspektdən yanaşsaq, belə düşünmək olar ki, məhz belə şəraitdə, bu cür sevilən bir oyunçunu heyətdən kənarlaşdırmaq cəsarəti olan klub bununla həm də növbəti oxşar halların qarşısını birdəfəlik almış olacaq. Klub rəhbərliyi göstərmiş olacaq ki, heç bir oyunu əvəzolunmaz deyil.
Di gəl, deyir, sən saydığını say, gör fələk nə sayır. Deyəsən, klub rəhbərliyi heç biz sayanı saymır.


Müəllif: Zaur Xudiyev