5 İyul 2014 19:05
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda futbol mövsümü, nəhayət, iki klubumuzun Avropa səhnəsindəki çıxışı ilə açıq elan olundu. UEFA Avropa Liqasına erkən, birinci mərhələdən başlamalı olan “İnter” və “Qəbələ” ilk oyunlarında fərqli nəticələrlə yadda qaldılar.

Əvvəlcə, ümumiyyətlə, qitəmiqyaslı turnirlərdə ilk dəfə qüvvəsini sınayan “Qəbələ”nin oyunu haqqında. “Qırmızı-qaralar” beynəlxalq səviyyəli yarışlarda debüt oyununda istədiyi nəticəni qazana bilmədi.

Əlbəttə, oyunun belə nəticələnəcəyini nə azarkeşlər, nə futbolçular, nə məşqçi heyəti, nə də klub rəsmiləri arzulamırdılar. Ancaq bu da bir reallıqdır ki, debütant kimi ilk dəfə çıxış elədiyi turnirdə bu komandadan gözləntilər də o qədər yüksək deyildi.

Bəs yaxşı, öz meydanında “Qəbələ”nin qələbə qazanmasına nə mane oldu? Bir neçə mülahizə ilə bunu aydınlaşdırmağa çalışaq.

- İlk olaraq onu qeyd eləməliyik ki, ötən mövsümkü heyətdən birdən-birə 17 oyunçunu yollayan klub onları layiqincə əvəzləyə bilməyib. Bəhs edilən oyunda bunun bir daha şahidi olduq.

- Baş məşqçi sarıdan da işləri düz getməyən komanda da Yuri Syominin ayrılmasından sonra bir neçə məşqçi ilə aparılan danışıqlar nəticə vermədi. Sonradan anlaşma əldə olunan Dorinel Muntyanu isə komandaya kifayət qədər gec qoşulub və hələ öz kollektivini formalaşdırana qədər müəyyən vaxta ehtiyacı olacağı dəqiqdir. Oyunboyu hiss olunurdu ki, komanda hələ də onun taktiki tapşırıqlarını tam mənimsəyə bilməyib.

- Yeni cəlb olunan oyunçuların yaxşı formada olmadığı açıq-aşkar müşahidə olunurdu. Nə Ruslan Abışov, nə Kristea, nə də Ropotan hələ ki onlardan gözlənilən oyunu göstərmək əzmində deyillər. Ruslan Abışovun oyun praktikası sarıdan əziyyət çəkməsi aşkar məsələdir. Rumın oyunçular isə deyəsən, hələ uyğunlaşma problemlərini həll eləməyiblər.

Ancaq sadalanan səbəblər və bu gözlənilməz məğlubiyyət yoluna qoyulmayacaq problem deyil. Klubun hələ qarşıda bir həftə vaxtı var və bu günlər ərzində müəyyən dəyişiklərlə mərhələ adlamaq olar.
Bəlkə də məni aşırı optimistlikdə günahlandıracaqsıınız, ancaq hər kəsə məlumdur ki, “Şiroki-Briyeq” də Avropanın top komandalarından biri deyil. Aşağı-yuxarı bizim təmsilçimizlə eyni səviyyəli klubdur. Demək ki, onların səfərdə qazandığı nəticəni biz də təkrarlaya bilərik. Yetər ki, düzgün hazırlaşmaq, istək və inam olsun.

“İnter” isə gözlənildiyi kimi səfərdə zəif rəqibi qarşısında qələbə qazanaraq vətənə yaxşı əhval-ruhiyyədə və böyük ümidlərlə qayıtdı. Şübhəsiz ki, “bankirlər”in bu qələbəsində baş məşqçiləri Kaxaber Tsxadadzenin rolu hər kəsdən böyükdür.

Bank komandasının heyətində də mövsüm başa çatandan sonra xeyli dəyişikliklər olmuşdu. Xüsusilə də bir neçə əsas heyət oyunçusunun, ən əsas da Vaqif Cavadovun komandanı tərk etməsindən sonra heyətlə bağlı problemlər yaşanacağını düşünmək olardı.

Ancaq göründüyü kimi ilk oyunda bu o qədər də hiss olunmadı. Səfərdə oynayaraq üç qol vurmaq elə də asan iş deyil.

Və bunu gürcü mütəxəssis bacara bildi. İndi qalır səfərdə qazanılmış əla nəticəni evdə də qoruyaraq növbəti mərhələyə adlamaq. Bir həftə sonra baş tutacaq cavab qarşılaşmalarında hər iki klubumuza uğurlar.


Müəllif: Zaur Xudiyev