5 İyul 2014 19:55
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz il əvvəlki müəmmalı sualın cavabını ki tapmamışıq, bu ki ritorikaya çevrilib də alt şüurumuzda yaşayır - demək, məmləkət əhlinin əsas düşüncəsi hələ də pul qazanmaqdır. Amma qazanmaq da var, qazanmaq.

Əhli-vətən bir gerçəkdən halidir - halal yolu qoyuram bir kənara - bu yolla olsa-olsa ayın bu başıını o başına calamaq mümkün - qeyri-halal yollarsa bir deyil, beş deyil - bədən alverindən tutmuş ruh alverinə, yəni cinayətə - oğurluğa, rüşvətə qədər - qazan ha qazan, yığ ha yığ, xərclə ha xərclə. Bitib-tükənən deyil. Bir qorxu-hürküsü o dünyada əməllərə görə veriləcək cavabdır ki, çox adam bunun da yolunu tapıb: o cavabdan qaçmaq məqsədilə 60-dan sonra ziyarətlərə gedib də haramlıqla qazandıqlarını müqəddəs yerlərdə fəqir-füqəraya paylayır ki, axirətdə özünə bir gün ağlasın. Amma ulu Yaradan kimin əlinin kimin cibindən çıxdığını, o çirkli pulun haradan gəlib hara getdiyini pul yiyəsindən daha yaxşı və daha əfzəl bilir deyə əslində bu istiqamətdə də hər hansı çabalar - tam yersiz. Və çox vaxt cəzanı o dünyaya da saxlamır Tanrı. Hay-hayla gələn elə vay-vayla da gedir. Başqalarına görk olsun deyə. Amma və lakin məmləkətin zəhmətsiz gəlir həvəskarları çox nadir hallarda gördüklərindən nəticə çıxarır, hər zamankı kimi öz işlərində olurlar.

***

Pul ehtirası və zəhmətsiz gəlir həvəsi ki var - bu məmləkətdə ta bineyi-qədimdən bu həvəs olub - lap sovet dönəmindən üzü bəri. Sovetlər ölkəsində Qorbaçovun hakimiyyəti zamanı rəsmi dövlət qərarı da verilmişdi - zəhmətsiz gəlirlərə qarşı hamılıqla mübarizə aparılırdı. Nə idi zəhmətsiz gəlir? Yəni tək oğurluq, rüşvət yoluyla varlanma yox ki, xırda alver, fərdi ticarət də qanundankənar sayılırdı. Quruluş yalnız dövlətin nəzarətində olan fəaliyyət sahələrini məqbul hesab edirdi. Camaatsa, təbii ki, öz işində idi. Və həmişəki kimi millət bir-birini dolandırırdı. Hərçənd ifşa olunmaq, qazamata düşmək riski elə hər zaman vardı.

***

Bəlkə də, o riskləri göz önünə alanların törəmələri, yəni de-fakto həmin dövrün məhsulu olduğumuzdan biz hələ də toplum olaraq qanuni məvacib istisna olmaqla digər gəlirlərimizi məhz qanunsuz yolla əldə etməyə amadəyik. Dünya isə sözün həqiqi mənasında daşdan pul çıxarmaq işinin sirrini tapıb - həm də tam qanuni bir yolla.

***

Britaniyalı tələbələr Ross Harperlə Ed Moys pul qazanmaq üçün bədənlərini satmaq qərarına gəliblər - amma əxlaqsızlıq etmədən. Oğlanlar başqa orqanlarını yox, məhz üzlərini satışa çıxarıblar. Bu satış da başqa həzzlərə yox, yalnız reklama xidmət edir. Dostlar adi karandaşla üzlərinə bu və ya digər şirkətin loqosunu həkk edib küçələri dolaşır, insanların sıx toplaşdığı məkanlarda olurlar. Beş il əvvəl sifətlərində reklam yazdırmaq üçün günə 1 dollar qazanan gənclərin bugünkü xidmət haqqı günə 600 dollardır. Üç ilə gənclərin hərəsi 50 min dollar qazanıb.

***

Başqa bir ağıllı daha irəli gedib. Ceyson Sedler hər gün bir şirkətin loqotipini əks etdirən yeni köynək geyərək şəhərdə dolaşıb. 2009-cu il yanvarın birində adam bu işə görə 1 dollar aldığı halda, yanvarın 31-i tarixində eyni iş üçün 365 dollar qazanıb. Birinci il ərzində reklamçının gəliri 70.000 dollara çatıb.Sonralar adam ilə yarım milyon pul qazanmağa başlayıb.

Cənubi Koreyada yaşayan Park Seo-Yön də qeyri-adi gəlir mənbəyi tapıb - gödəninin hesabına pul qazanıb. Qız hər gün üç saat fasiləsiz və əndazəsiz yemək yeyir. Bu görüntülər youtube-a qoyulur. Videoçarxın izlənmə sayı artdıqca acgöz qızın qazancı günə 9000 dollara çatır.

***

Bu qazanc vasitələrinin üçü də bizim üçün yenidir. Bəlkə, nə vaxtsa oldu, hələ ki yoxdur. Amma saç satmaq ki bizdə də var. Uzun saçlarını kəsən xanımlar elə bərbərdəcə müştəri tapırlar- artıq saç bəzən 30-50 manata satılır. Amerikalı Debra Yorqa isə 80 santimetrlik qızılı saçlarını 4000 dollara satıb. Bax, saçınız uzundursa, hairwork.com saytına daxil olun. Online alış-verişdə, bəlkə, sizin də bəxtiniz gətirdi. Zəhmətsiz gəlir olsa belə, nə oğurluqdu, nə əxlaqsızlıq, nə rüşvət. Heç qumar da deyil. Demək, haram sayılmaz.


Müəllif: Afaq Vasifqızı