9 İyul 2014 11:40
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

(İkinci yazı)

Yol daşını, yol quşuna
Atma qardaş, kərəm eylə

Xətai

Azərbaycanda təzə-təzə, təkcə Türkiyədəki dini təmayüllərə görə yox, həm də ölkəmizə Ərəbistandan ixrac olunan vəhhabilərin təsiri ilə Şah İsmayılın dini çalışmaları yerli-yersiz tənqid olunmağa başlanılıb.

Ancaq çox təəssüflər olsun ki, bu tənqidlərin müəllifləri əksər hallarda nə Şah İsmayılın şəxsiyyəti, nə onun mənsub olduğu Ərdəbil təkkəsi, nə də dövrün sosial-siyasi tendensiyaları barədə yetərincə bilgi sahibi kimi görünürlər. Bir sıra hallarda isə Ərdəbil şeyxlərinin yaydığı və Şah İsmayılın qurduğu dövlətin dininə çevirdiyi Qızılbaşlıq bugünkü İranın rəsmi məzhəbi ilə eyniləşdirilir, bu isə öz növbəsində Səfəvilərin tarixdəki yeri və rolu, o cümlədən Azərbaycanın siyasi və ictimai fikir tarixi ilə bağlı yanlış təsəvvürlər formalaşdırır.

Ərdəbil şeyxləri öz soyadını Şeyx Səfiəddindən götürür. “Safvetu-s-Safa”da yer olan bir bilgiyə görə, Şeyx Səfiəddindən məzhəbi sorulmuş, o isə “biz səhabənin məzhəbindənik, dördünü də sevər, dördünə də dua edərik” deyə ilk xəlifələrə sayğıda ayrı-seçkilik etməmişdi. Bu deyimə istinad edən bəzi tarixçilər Şeyx Səfiəddinin sünni, daha dəqiq desək, Şafi olduğunu iddia edirlər. Bəlkə də, ilk başlanğıcda gələcək Şeyxin yerəl inancı belə idi, ancaq diqqət ona çəkilməlidir ki, Şeyx Səfiəddin kamillik dalınca getdiyi Gilanda Zahid Gilaninin müridi və kürəkəni olmuş, onun ölümündən sonra icmaya rəhbərlik etmişdi. Zahid Gilani isə bir sünni sufisi idi, Xəlvətiyyə təriqətinin Şabaniyyə qolunda öz icmasını qurmuşdu. Xəlvətiyyə/Şabaniyyə silsiləsinin şeyxləri “Tanrıdan başqasını özündən uzaqlaşdırmağı və zikr edərək Yaradana çatmağı” təlqin edirdilər və öz əqidələrini İşraqiyyə düşüncəsindən əxz etmişdilər. İşraq fəlsəfəsi kəşf və sezgini əsas götürür, təsəvvüf və eklektikdir. Cərəyanın yaradıcısı Sührəverdidir. Onun işıq və qaranlıqla bağlı mühakimələrdə Zərdüşt inanclarına istinad etdiyi sirr deyil. Bundan əlavə, həm Zahid Gilaninin, həm də Səfiəddin İsaqın moğol kökənli Elxanilərdən maddi və siyasi dəstək aldığını da unutmamaq gərəkdir.

Şah İsmayılın babası Şeyx Cüneydin və atası Şeyx Heydərin əsas tərəfdarları isə türk boyları idi, köçəri və yarımköçəri həyat tərzi keçirən həmin tayfalar öz şaman inanclarını xeyli dərəcədə saxlamaqla, “kitabsız islam”ın daşıyıcıları idilər. Elə bu səbəbdən də onların öz düşüncələrini Azərbaycanda, Anadoluda, Xorasanda tarixən mövcud olmuş inanclarla, xüsusən də məzdəkilik və xürrəmilik kimi fikir axınları ilə sintez etmələri çətin başa gəlmirdi.

İstər Şeyx Cüneydin, istərsə də onun oğlu Şeyx Heydərin əsas siyasi və hərbi dayağı Ağqoyunlu hökmdarı Uzun Həsən idi. Uzun Həsən etiqadca sünni olsa da, toplumsal dayaqlarından Osmanlılara, Xilafətə və Şirvanşahlara qarşı faydalanmaq üçün Ərdəbil şeyxləri ilə qohum olmuşdu. Şeyx Cüneydə qədər siyasətlə elə də maraqlanmayan Səfəvi pirləri onun icmanın başına keçməsindən sonra hərbi və maliyyə güclərini artırmaq həvəsinə düşdü, bölgədəki xanədanlar arasında gözlərinə daha zəif halqa kimi görünən Xəlilullaha hücum etdi. Şeyx Cüneyd 1460-cı ildə Samur çayı sahilindəki döyüşdə Şirvanşahlara əsir düşdü və öldürüldü.

Şeyx Cüneyd öldüyündə Səfəvi təkkəsinin gələcək piri hələ anadan olmamışdı. Ərinin həlak olmasından sonra hamilə qadın qardaşı Uzun Həsənin yanına qayıtdı və Şeyx Heydər də elə Ağqoyunlu sarayında dünyaya gəldi. Erkən yaşlarında Heydər Ağqoyunlu sarayından ayrıldı və Ərdəbilə gedərək təriqətin başına keçdi, müridlər onu böyük sayğı və çox sayda hədiyyə ilə qəbul etdilər. Elə bu məqamda sözü ona gətirək ki, Səfəvilərdə digər təriqətlərdən fərqli olaraq şeyxlik atadan oğula keçirdi. Hələ Şeyx İbrahimin vaxtından onlara “Şah” da xitab edilirdi, Şeyx Cüneyd atasının bu titullu ilə yanaşı, özünə “Sultan” da dedizdirirdi.

Şeyx Heydər öz müridlərinə 1488-ci ildə “Tac-i- Heydər” adlanan on iki qırmızı dilimli börk geyindirdi və bu baş geyimi onları həm fərqləndirir, həm də “qızılbaşlar” tanımının yaranmasına rəvac verərək bütünləşdirirdi.

Uzun Həsənin Trabzon imperatorunun qızı Despinə xatundan olan övladı Aləmşah bəyimlə evlənən Şeyx Heydər həm atasının qisasını almaq, həm də təriqətdən dövlətə gedən yolda qəti addım atmaq üçün Şirvanşahlara hücum etdi. Şeyx Heydərin Ağqoyunlu xanədanı üçün ciddi təhlükəyə çevrildiyinin fərqinə varan Sultan Yaqub Şirvanşah Fərrux Yasara hərbi yardım etdi və məhz bu dəstəyin sayəsində Qızılbaş ordusu məğlub oldu. Şeyx Heydərin kəsilmiş başını isə Sultan Yaqub bir neçə gün xalqa sərgilədikdən sonra bibisi Xədicə bəyimə- Uzun Həsənin bacısı və mərhum pirin anasına verdi. Sultan öz bacısını- dul qalmış Aləmşah bəyimi övladları ilə birgə İstəxr qalasına əsir göndərdi.

Şah İsmayılın dini inancını təftiş edərkən onun Şeyx Heydərin üçüncü oğlu olduğunu və bir yaşından başlayaraq dörd ildən çox bir müddətdə qalada əsir qaldığını unutmamaq gərəkdir. Kiçik yaşlarında, təkkəsindən uzaqda və sərt nəzarət altında Şah İsmayıla dini biliklər verən kimsə yoxdu. Şah İsmayılın anası Aləmşah bəyimin dini etiqadı və bilikləri haqqında konkret bilgilər yoxdur. Ancaq anasının xristian, atasının sünni olması ucbatından Aləmşah bəyimin tolerant bir kimliyə malik olduğunu güman etmək mümkündür. İsmayılın böyük qardaşı və Şeyx Heydərin ölümündən sonra təriqətin lideri sayılan Əlinin də ona inanc aşılaması yaş baxımından ağlabatan deyil. Ancaq o vaxtkı böyük qardaşları öldürüldü və lider olmaq missiyası İsmayılın boynuna düşdü, anası və tərəfdarları gələcək Şeyxi qorumaq üçün Lahicana göndərmək qərarına gəldilər. Gilan sufilər bölgəsi idi, əhalinin çoxu şiə idi. İsmayıl orada Mövlanə Şəmsəddindən, hətta bəzi bilgilərə görə, dövrün məşhur astronomu, riyaziyyatçısı və dilçisi Əli Quşçudan dərs aldı. Ancaq onun yanında daha yeddi nəfər vardı və Şeyx Heydərin ən yaxın silahdaşları olan həmin adamların görəvi İsmayılı həm Şeyx, həm də Şah kimi yetişdirmək idi. Şeyx Heydərin yeddi sufisi Tanrının insanla bütünləşdiyinə inanır, dini ayinlərin yerinə yetirilməsini vacib saymırdılar, hər nə qədər qatı Həzrət Əli tərəfdarı olsa da, Şah İsmayıl da şərab içəcək, islamın ənənəvi sərhədlərini pozaraq sufiyanə şeirlər yazacaqdı.

İstər Şah İsmayılın şeirlərini incəlidikdə, istərsə də Səfiəddin İsaqdan üzübəri Ərdəbil şeyxlərinin və təkkəsinin fəaliyyətini araşdırdıqda Səfəviliyin, sonrakı təbirlə, Qızılbaşlığın bir təriqət olduğuna əminlik yaranır. Bu təriqət Şah İsmayılın timsalında Zərtüştilik, Məzdəkilik, Babəkilik kimi İslamla bağlılığı olmayan düşüncələri, qədim yunan fəlsəfəsi və Türküstan şamanizmini Həzrət Əli və ondan sonrakı imamların qutsallığı ilə sintez edərək bir dövlət ideologiyası formalaşdırmağa nail olmuşdu. Başqa sözlə, qızılbaşlıq hətta Məhəmmədi peyğəmbər, ondan sonrakı xəlifələri əmir kimi qəbul etməyən Babəkin düşüncələrini əsrlər boyu mövcud olan inanclarla zənginləşdirilmiş və Həzrət Əlini qutsallaşdırıraq ənənəvi islama qarşı çıxan bir sistem idi. Osmanlı sultanı Səlim Yavuz xəlifə titulunu da öz şanına əlavə edərək sünni teokratiya yaratdığı kimi, Şah İsmayıl da qızılbaş on iki imamçılığını öz dövlətinin rəsmi etiqadına çevirərək təbəələrinin özünə bağlılığını bu sistem çərçivəsində təmin etmək istəmişdi.

Əlbəttə, bütün orta çağ dövlətləri sayaq Səfəvi imperiyasının məhkəmə-cəza sistemi də dini ehkamlar üzərində qurulmuşdu. Ancaq Səfəviliyin, qızılbaşlığın bu gün İran İslam Respublikasının rəsmi etiqadı olan Cəfərilikdən fərqi fiqhi olmaması, məhz təriqət kimi formalaşması, təsəvvüfçülüyü idi. Daha konkret desək, cəfəriliyin qızılbaşlıqla fərqi onunla bugünkü Anadolu Ələviləri arasında olan ziddiyyətlərdən az deyil. Qızılbaşlıqla ələvilik isə çox cüzi istisnalar olmaqla, eynidir.

Taleh Şahsuvarlı


Müəllif: Taleh Şahsuvarlı