10 İyul 2014 11:30

Sovet dövründə, təbii, həm də totialitar quruluşun tarixçilərə etdiyi nəzarət səbəbindən Səfəvilər dövlətinə və Şah İsmayıla qarşı Azərbaycanın intellektual dairələrində, əsasən, vahid baxış olub.

Azərbaycanın quzey hissəsini 19-cu yüzilin başlarında ələ keçirmiş çar Rusiyasının varisi olan SSRİ-nin ideoloqları çox yaxşı anlayırdılar ki, Səfəvilərin İranla identifikasiya edilməsi fars şovinizminin işinə yaraya bilər. Odur ki, Səfəvilərə bağlı simpatiya aşılamaqla bir tərəfdən Əfşar, Qacar və Pəhləvi xanədanlarına, teokratik rejim qurmuş islam inqilabçılarına qarşı çıxış edir, digər yandan da Azərbaycan türklərini Osmanlı-Türkiyə cizgisindən uzaqlaşdırırdılar. Ancaq məqsəd və niyyət hər nə olursa-olsun, sovet tarixşünaslığında Səfəvilərə baxış xeyli dərəcədə obyektiv idi.

SSRİ-nin dağılması qalan respublikalar kimi Azərbaycanda da ideoloji vakuum yaratdı və bu boşluqdan yararlanmağa çalışan maraqlı qüvvələr Şah ismayılı da hədəfə aldılar. İrandakı fars millətçiləri onun etnik mənsubiyyətini özlərinə bağlamağa, islam inqilabçıları isə Şah İsmayılın mənsub olduğu Ərdəbil şeyxlərinin yaydığı etiqadı rəsmi inancları olan Cəfəriliklə eyniləşdirməyə cəhd göstərdilər. Məhz elə bu aralıqda Şah İsmayıl Azərbaycana qeyri-ənənəvi dini cərəyanlar ixrac etmək istəyən ərəblərin, xilafət xiffətçilərinin və Osmanlı zehniyyətindən qurtula bilməyən Türkiyəli qardaşlarımızın da əsas dartışma mövzusu oldu.

Bu cəbhələrdən Şah İsmayıla qarşı edilən hücumlarda onun islamı və türkləri parçaladığı vurğulanır, fəxr ediləsi, qürur duyulası bir tarixi şəxsiyyət olmadığı iddia edilir, adam əti yeyən, başkəsən, kəsdiyi başlardan piyalə düzəldib şərab içən sapıq və əyyaş obrazı yaradılmağa çalışılır, ana qatili kimi qələmə verilir, yaşının azlığına görə dövlət idarə edə bilməyəcəyi, çevrəsinin təlqini ilə hərəkət etdiyi qabardılırdı. Ancaq istər mətbuatda, istərsə də akademik çevrələrdə bu iddialara qarşı ortaya qoyulan təkzibolunmaz faktlar Azərbaycan xalqının təsəvvüründəki Şah İsmayıl obrazını böyük ölçüdə qoruya bilmişdi.

Bir müddət əvvəl isə Güney Azərbaycan kökənli Güntay Cavanşirin “Qanun” nəşriyyatında çap edilən “Səfəvilər” kitabı böyük rezonans doğurdu. Mən o kitabı təxminən 2012-ci ilin may ayında oxumuşdum və sözün doğrusu, Səfəvilərə qarşı ciddi önyarğı, qəzəb və qərəzlə yazıldığını görərək akademik baxımdan ciddiyə almamışdım. Ancaq həmin kitabda Güntay faktoloji baxımdan mübahisəyə səbəb olmayacaq dərəcədə əsassız olsa da, Azərbaycan ictimai şüuru üçün son dərəcə təhlükəli olan bir şübhə yaratmağa çalışıb. Gəncalpın bəzən eyhamla, bəzən də inamla sərgilədiyi mövqeyə görə, Şeyx Heydər vəfat etdikdən sonra oğullarının ölməsi və yoxa çıxmasında hansısa konspirativ örgütün əli var və Şuubiyəyə bağlı sandığı həmin təşkilat əsl İsmayılı da məhv edib, başqa bir adamı onun adı ilə taxta çıxardaraq farslara xidmət edən bir səltənət qurub.

Ancaq dediyimiz kimi, Güntayın səpmək istədiyi bu şübhə toxumu heç vaxt cücərə bilməz.

Şeyx Heydər Uzun Həsənin qızı Marta- Aləmşah bəyimlə 1471, yaxud 1472 ci ildə evlənmiş, bu evlilikdən Sultan Əli, İbrahim və İsmayıl dünyaya gəlmişdi. Şeyx Heydər 1488-ci ildə Fərrux Yasarla döyüşdə öldürüldü, bu qələbə üçün Şirvanşahlara dəstək verən Ağqoyunlu Sultan Yaqub qızılbaşları özünə təhlükə gördüyündən bacısının və bacısı uşaqlarının İstəxr qalasında nəzarət altında saxlanmasını əmr etdi. Bir neçə il sonra Sultan Yaqub öldü və Ağqoyunlu taxtına çıxan Rüstəm 1493-cü ilin yazında Şeyx Heydərin ailəsini Təbrizə gətirdi. O, Şeyx Heydərin böyük oğlu Sultan Əlini hökmdarlara layiq təntənə ilə qarşıladı. Ağqoyunlu liderinin qurduğu təmtərağın arxasında qızılbaşların gücündən taxt mücadiləsində əmisi oğlu Baysunqura qarşı istifadə etmək planı yatırdı.

Çox keçmədən Sultan Əlinin artan nüfuzu Ağqoyunlu hakiminin özünü də narahat etməyə başladı. Bu zaman qüvvələr arasındakı balansı düzgün hesablayan və Rüstəmlə ədavəti qarşısında həyatda çox qalmayacağını anlayan Sultan Əli qardaşı İsmayılı öz varisi elan edərək ən yaxın silahdaşları ilə birlikdə Ərdəbilə göndərdi.

İsmayıl Ərdəbildə əvvəlcə Qazı Əhməd Kakolinin evində qaldı, ancaq təhlükəsizliyinə təminat olmadığından Xancan adlı bir qadının evinə köçürüldü. İsmayılın Xancanın evində olduğunu anası belə bilmirdi, bu barədə məlumatı olan təkcə Şeyx Heydərin bacısı Paşa xatun idi. Paşa Xatun qardaşı oğlunun maddi ehtiyaclarını da ödəyirdi. Bir aydan sonra İsmayıl Xancanın evindən də çıxarıldı və Aba xatun adlı bir qadına əmanət edildi. Aba xatun vaxtı ilə Şeyx Səfiəddinin Teymurdan xahiş edərək azadlığa qovuşdurduğu Anadolu türklərinin məhəlləsində yaşayırdı və onun evi də gözdən iraq deyildi. Odur ki, Aba xatun əmanət uşağı Ərdəbil yaxınlığındakı Allahvermiş ağanın məqbərəsinə apardı və ona orada 10 gün boyunca qulluq etdi. Elə oradan oğlunun sağ və yanında olması barədə Aləmşah bəyimə xəbər yolladı. İsmayıl daha sonra Qaramanlı Rüstəm bəyin başçılığı, təxminən 80-90 nəfər qızılbaş müridinin müşayiəti ilə Begrunun Qarğan kəndinə aparıldı. 3 günün tamamında İsmayılın Rəşt valisi Əmir İshaqın- bibisi Paşa xatunun əri Məhəmməd bəyin yaxın dostunun yanına göndərilməsinə qərar verildi. Yenə Rüstəm bəy Qaramanlının başçılıq etdiyi 80-90 nəfərlik sufinin qoruması altında İsmayıl Gilan əyalətinin Tul qəsəbəsinə gətirildi. Zira, Ağqoyunlu Rüstəm öz əmisi oğlu İbə Sultanı onun arxasınca saldığından balaca Şeyx burada da çox qala bilmədi, bir neçə yer dəyişməli oldu, nəhayət, Rəştə vardı. Rəşt valisi də onu yanında çox saxlaya bilmədi.

Bu aralıqda Lahican valisinin onu himayəsinə dəvət etməsi İsmayılın mühafizləri üçün göydəndüşmə fürsət oldu. Karkiya xanədanından olan Mirzə Əli Şeyx Heydərin oğlunu görmək şərəfinə nail olduğu üçün çox sevindi, Lahicandakı Firudin mədrəsəsinin önündə evlə təmin etdi, Mövlanə Şəmsəddini ona müəllim verdi. Bir müddət qardaşı İbrahim və ögey qardaşı Süleyman da onunla bu evdə yaşadı. Günlərin birində qardaşları Ərdəbilə dönmək üçün yola çıxdı, tanınmamaq üçün “Heydər Tacı”nı başlarından çıxarıb Ağqoyunlu sarığı bağladılar. İsmayıl isə bu hadisədən bir qədər sonra xəstələnir, lakin Mövlanə Nemətullah adlı bir həkim tərəfindən müalicə edilir.

Güntay Gəncalpın şit komplosu da məhz burdan qaynaqlanır. Onun iddiasına görə, Şeyx Heydərin oğulları əslində Lahicanda öldürülmüş, İsmayıl adıyla başqa bir nəfər Mövlanə Şəmsəddin tərəfindən yetişdirilmiş və taxta çıxarılmış, bu planın ifşa olunmaması üçün Aləmşah bəyim boğdurulmuşdu.
Gəncalp qardaşı İbrahimin yaşca böyük olmasına rəğmən, kiçik İsmayılın Sultan Əlinin varisi elan edilməsini də bu konteksdə dəyərləndirir və “tarixin saxtalaşdırılması” kimi yozur.

Gerçəklik isə ondan ibarətdir ki, Ərdəbil şeyxlərinə və onların davasına canından keçməyə tərəddüd etməyəcək dərəcədə bağlı müridlər vardı və o müridlərin ən sadiqləri İsmayılı qorumaq üçün görəvləndirilmişdi. Onlar İsmayılı həm şeyx kimi tərbiyə edir, həm də liderliyə hazırlayaraq hərb sənətini öyrədirdilər. Bu baxımdan, İsmayıla farscanı, ərəbcəni və Quranı öyrətməsinə rəğmən, Şəmsəddin Lahicanın İsmayıl üzərində həmin sufilərdən daha çox təsirə malik olduğunu iddia etmək gülüncdür.

Məlumdur ki, Ağqoyunlular həmin ərəfədə son dövrlərini yaşayırdılar, Uzun Həsənin varisləri arasında taxt uğrunda qanlı mücadilə gedirdi və belə bir ortamda Mirzə Əli Karkiyanın İsmayılı himayə etməsi həm də onun siyasi mənafelərinə uyğun idi.

Nəhayət, Lahicanda olduğu müddətdə İsmayıl bibisi Paşa xatunun maddi və mənəvi dəstəyini hiss etmişdi. Əgər İsmayılın hakimiyyətə gətirilməsi bir layihə idisə, o zaman bu layihənin müəllifləri Sultan Əli, Paşa xatun, Lahicandakı 7 qızılbaş sufisi, onlardan da ziyadə dövlətləşmə yolunda həyatlarını itirmiş dədəsi Şeyx Cüneyd, atası Şeyx Heydər sayılmalıdır.

Fəqət tarixi qaynaqlardan məlum olur ki, istər Lahicanı tərk etməsi, istərsə də Şirvanşahlara hücum İsmayılın şəxsi qərarı olmuşdu və elə buna görə də Gilandan çıxdıqda yanında belə olmayan Mövlanə Şəmsəddini Səfəvi dövlətinin əsas və gizli qurucusu kimi qələmə vermək istehza doğurur. (ardı var)


Müəllif: Taleh Şahsuvarlı