10 Mart 2017 13:31
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşamaq bir ağac kimi tək və hürr

Və bir orman kimi qardaşcasına…

Nazim Hikmət

Məhəmməd əleyhissəlamın həyatı haqqında çəkilən "Dəvət” filmində bir səhnə var: Qazancı büt alverindən çıxan Məkkə oliqarxları Əbu Talibin qardaşı oğlunun gətirdiyi dinin belə surətlə yayılmasından narahatdır. Onlar mafioz Əbu Süfyanın evində toplaşıblar. Məhəmmədə iman gətirən dəliqanlı Əmmar Yasiri də qandallatdırıb hüzurlarına gətirdiblər.

Məkkə milyonerləri Əmmar Yasirə təzyiq edir, təxminən, belə məsləhətlər verirlər: “A bala, yazıqsan, sənin beynini doldurublar, yolundan azmısan. Bizim 300 tanrımız var. Onları atsaq, hər il bütpərəst ziyarətçilərdən qazandığımız pulu itirərik. Əbu Talibin qardaşı oğlu səni azdırıb. Həftədə bir dəfə Hira dağına gedib oradan şeirlə qayıdır. Ona necə inana bilərsən? Atan ağıllı kişidir, sən niyə belə oldun?..”

Onu şirin dillə başa sala bilməyəcəklərini görəndə isə keçirlər hədə-qorxuya.

Əmmar Yasir mafiozların bütün hücumları qarşısında dəyanətlə dayanır. Peyğəmbərindən öyrəndiyi bir kəlməni danmır. Axıracan insanın bir bütə səcdə eləməsinin, bir-birini qul kimi alıb-satmasının yanlış olduğunu deyir.

Söhbət qulların ağaları ilə bərabər olmasına gəlib çatanda mafiozlardan biri ayağa qalxır və Əmmar Yasirdən soruşur: “İndi siz mənim pul verib aldığım zənci Bilalla bərabərmi olduğumu deyirsiniz?”

Əmmar Yasir gözünü də qırpmır:

- Bəli, Allah rəsulu bizə bütün insanların Allah qatında bərabər olduğunu öyrətdi!

Məkkə oliqarxlarına belə sözmü demək olar? Bilalın sahibi onu yanına çağırıb qamçını uzadır:

- Bilal, ona əfəndi ilə kölənin fərqini başa sal!

Gözləri az qala hədəqəsindən çıxan, ürəyi köksünə sığmayan zənci kölə qamçını qəzəblə yerə çırpır. Əfəndisi dəfələrlə əmr versə də, Bilal Əmmar Yasirə zülm verməkdən imtina edir!

Bununla da onun bütün həyatı dəyişir. Allah rəsulunun sevimli səhabələrindən olur. Hicrətdən sonra Mədinədə tikilən məsciddə islamiyyətin ilk azanını verir. Öləndə harınlamış bir məkkəlinin köləsi kimi yox, peyğəmbərin ilk müəzzini kimi ölür. Bilal Həbəşi kimi!..

Nelson Mandelanın bütün ömrü boyu imperializmə qarşı açdığı savaş həmişə mənə Bilal Həbəşinin Əmmar Yasirə işgəncə verməkdən imtina etməsini xatırladıb.

Qamçını qəzəblə yerə çırpan Bilal Həbəşi, irqi ayrı-seçkiliyə qarşı dirənən Martin Lüter Kinq, bütün ömrünü Afrikanın istiqlalına adayan Nelson Mandela, rus istilasına qarşı mücadilə aparan Əbülfəz Elçibəy… Onlar azan çəkirlər. İnsanlığı bərabərliyə, qardaşlığa, həqiqətə çağırırlar…

Səslərinə səs verək!


Müəllif: Mövlud Mövlud