15 Mart 2017 14:04
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının hamamdan yenicə çıxan qadına bənzədiyi bu səhər təmiz havanın rayihəsini sinəmə çəkib özümü metroya təpdim. Hamı mənim kimi tələsirdi. Saat 8 radələrində boş-bekar adamın metroda nə iti azıb?

Perronda bədənimin yekəliyindən istifadə edib itələşə-itələşə vaqonların birinə dürtüldüm. Arxadan insan seli məni döşünə alıb arıq, ucaboy bir oğlanla qarın-qarına, burun-buruna gətirdi. Bakendardları yavaş-yavaş ağarmağa başlayan bu uzun burunlu, qıyıq gözlü adam xeyli tanış gəldi. Kim ola, yahu? Bəlkə bu qədər yaxın – göz-göz dayanmasaydıq daha tez tanıyardım. Axı nə qədər xoş münasibətimiz olsa da ona ömrümdə belə yaxından baxmamışdım! Amma yox, şükürlər olsun allaha, hələ zehnim korşalmayıb. Vəlidir, əlbəttə! Qonşu kənddən, Əbil kişinin oğlu Vəli. Əbilin savadlı ekiztayısı! Kənddə hamı onu belə tanıyırdı. Özündən 15 dəqiqə böyük olan qardaşı Əli məktəb üzü görmədi ömrü boyu. Atası ilə o dağ sənin, bu aran mənim hərlənib heyvan saxladı. Vəlini isə kənddəki evlərinə qoydular ki, oxusun. Vəli də, sağ olsun, bütün qohum əqrəbanın üzünü ağ elədi. Öz gücünə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil oldu. Universiteti fərqlənmə diplomu ilə bitirdi, başladı elə təhsil aldığı yerdə müəllimlik eləməyə. Amma maaşla dolana bilmədiyi üçün Universiteti tərk etməyə məcbur oldu. Rayonumuzun Bakıda yerləşən orta məktəblərindən birinə müəllim düzəldi və başladı uşaq hazırlaşdırmağa. Hərdən pulla diplom işi də yazır, test-sınaq kitabları tərtib edirdi.

Dolanırdı yəni!

Bu arada Vəli həyatının ən böyük səhvini etdi – evləndi! Allah yubanmadan ona bir övlad bağışladı. Ancaq xəstə doğuldu uşaq. Vəli başı güllü yaylıqlı kənd qızı olan həyat yoldaşı ilə qaldı paytaxtın xəstəxanalarında.

O ərəfələr bir dəfə rastlaşdım Vəli ilə. Dedi, əgər o məktəb üzü görməyən qardaşım Əli olmasa, acından ölərik. Sağ olsun, nə soğan-kartofumuzu kəm eləyir, nə də ətimizi-pendirimizi! Hələ ara-sıra pul da göndərir mənə!

O səbəbdən Bakının çimmiş qadına bənzədiyi bu səhər metroya dürtülüb Vəli ilə göz-gözə gələndə salam-kalam və marçça-murçdan sonra yalnız Əlini soruşdum. Bildim ki, Vəlinin vəziyyəti və hal-əhvalı Əlidən asılıdır. Vəli ürəkdən güldü! Özündən 15 dəqiqə böyük olan səxavətli qardaşını soruşmağım onun xoşuna gəldi. Güldü-güldü və başını buladı. O qədər güldü ki, deməyə başqa bir söz qalmadı. Mən bir stansiya o üzdə Vəlinin əyri-üyrü əllərini sıxaraq düşdüm. Əlimi sıxanda burnu daha da dikəldi Vəlinin... Məğrurcasına... Sonra yenə güldü, ağzı cırılıb qulaqlarının altına qədər uzandı. Bu dəfə mən də ürəkdən güldüm.

Vəlini bilmirəm, məni güldürən bu ekizlərin rayonumuzda dastana dönmüş aşağıdakı əhvalatı idi.

Bir gün ədəbiyyat müəllimi Əbilin savadlı ekizini, yəni Vəlini özündən 15 dəqiqə böyük olan qardaşı Əlinin dalınca yaylağa göndərir ki, a peydasız, neçə illərdi ürəyin istəyən kimi gəzirsən, biz də xətir-hörmətə görə sənə qaib yazmırıq. Amma bu dəfə yazı işi var, iki dünya bir olsa da gərək məktəbə gəlib o mübarək xəttini cümlə-cahana göstərəsən! Başqa əlac yoxdur.

Vəli yaylağa çatanda Əli bir toğlu kəsir, yeməyə otururlar. Yemək-içməyin şirin yerində Vəli üzünü qardaşına tutur:

- Əli, qaqa, müəllim dedi ki, hökmən məktəbə gəlsin, yazı yazacağıq!

Əli süfrədən başını qaldırmadan buyurur:

- Yekə kişisən, adam çörəyin üstündə pis-pis danışmaz!


Müəllif: Şərif Ağayar