15 Mart 2017 14:21
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

I

Etirafdan intihara bircə addımdır. Etirafdan boyun qaçırmayan və başdan sona hər şeyi düzgün deyən, bütün pis əməllərini ifşa edən, ən əsası, ləyaqət hissini tam itirməmiş insana naqisliyinin faşından sonra bircə yol qalır – intihar. Burda söhbət iyrənc mahiyyətini və mənfi kimliyini etirafdan gedir, bir əməli, bir günahı və bir pis nəticəni etiraf etməkdən yox. Dediklərim daha çox tövbə etməyi mənasız sayanlara, daxili təmizlənməyin mümkünsüzlüyünə inananlara aiddir.

Əgər əksər insan öz mahiyyətini, pis əməllərini etiraf etsə, çox güman, həmin kəs intihar haqqında düşünəcək. İnsan böyük günahlarını bilə-bilə ona görə uzun illər yaşayır ki, o heç vaxt tam etiraf etmir və həmişə özünə az-çox bəraət qazandırır. Etiraf ən ağır özünüifşadır. Bu gün günah əsrində yaşayırıq, hər addımda nədəsə səhv edirik və hər dəfə həyat yeni imkan tanıyır, bizsə həmişə ən sərfəlini seçirik. Bu günahlar içində qalan insan, əgər pis əməllərini xatırlasa və onu özünə (həm də başqalarına) etiraf etsə, o mütləq haçansa intihar etməli olacaq və ya ən azından bu barədə düşünəcək. Dalana dirənmiş və dörd bir tərəfini bağlı görən insana intihardan qayıdış yolu yoxdur, çığır var – o da tövbədir.

Ləyaqət hissini sonacan itirməmiş və ya hansısa hallarda həmin hissə qayıdan insan, o zaman intihar edir ki, daha özünü bağışlamaqdan bezir, usanır. İnsan özü-özünə qulaq asmaq istəməyəndə, özünə “mən sənə inanmıram” deyə hayqıranda intihar edir. Və insanın özünə “mən sənə inanmıram” deməsi ən ağır etirafdır. Kiminsə kiməsə inanmaması və bunun onun üzünə deməsi dəhşətlidir. Bundan sonra həmin adamın kiməsə, ən əsası, özünə deyəsi sözü qalmır. Əməllərimiz bizim təsdiqimizdi, “sənə inanmıram” isə insanın özünütəsdiq üçün açılan bütün qapılarını bağlayır. Bu məqamda olsun ki, daha tövbə təsəllisi də kara gəlmir...

Mahiyyətini etiraf, insanın özünü rüsvay etməsidir. “Axirət rüsvayçılığı” da var. Yəni insan axirət evində həm də pis əməllərini etiraf edəcək (boynuna alacaq) və rüsvay olacaq. Axirət həm də heç nəyin unudulmadığı ünvandır. Şeytana atılan daşlar da, şeytanın atdığı daşlar da, şeytandan alınıb atılan daşlar da haradasa toplanır – o ünvan axirətdi. Bu dünyada da insanın pis əməllərini etirafı rüsvayçılıqdı. Bu yazıda söhbət pis əməlləri etiraf etməkdən gedir... Kimin günahı yoxdur ki...

II

Lev Tolstoy “İblis” povestinə iki sonluq yazıb. Birinci sonluq belədir: Evli qəhrəman onu yoldan çıxaran, fikrini vaxt-bivaxt məşğul edən qadından əl çəkə bilmir və nəhayət, anlayır ki, daha o, ixtiyar sahibi deyil, özü-özünü idarə edə bilmir, iblisin ixtiyarındadı. İnsan onu idarə edənə – özündən güclüyə bir çox hallarda nifrət bəsləyir. Bu insanın eqosunun təlqinidir. Yalnız tapınanlar və ürəkdən insanlar xidmət etdiklərinə nifrət bəsləmirlər – Xaqani Şirvani yazırdı ki:

Hər kiçik bir böyüyün xidmətində yüksələr.
Allaha xidmətiylə mötəbərdi peyğəmbər.

Yəni insan aliyə tapınanda, rəhbər bildiyini qəlbən sevəndə yüksəlir, əks halda özündən güclüyə qəlbinin dərinliyində kin bəsləyir. Bu mənada, saflığını itirən insan, ondan daha güclüyə – İblisə nifrət edir. Dərk etmək insanı səcdə etdiyi İblisə heyran olmağa qoymur. Əks mövqe, yəni İblis də insana özündən güclü baxır deyə nifrət edir. İnsan eqosu isə ən çox etiraf və intihar məqamında üzə çıxır. Etiraf edib həqiqəti, çoxlarının cəsarət tapıb deyə bilmədiyini deyirsən, intiharlasa özünü yaşamaqdan məhrum edirsən, qədərini özün müəyyənləşdirirsən. Birində söz, digərində ölüm azadlığı tam şəkildə meydana çıxır.

Həmin əsərdə qəhrəman bütün etdiklərini, şəhvətli kef-damağını dayısına danışır, deyir ki, arvadım ola-ola evlənməmişdən əvvəl daim görüşdüyüm qadınla yenə münasibətdəyəm və nə qədər qaçmaq istəsəm də hansısa bir qüvvə məni ona çəkir. Dayısı onun danışdıqlarını adi qarşılayır. Ancaq o, daha öz mahiyyətini etiraf edib deyə rüsvay olub. Bu etiraf onun özünə olan hörmət hissini heçə endirib və o, evə gəlib özünü tapançayla vurur. İnsan İblisdən uzaqlaşanda da, onun əsiri olduğu günləri yaddan çıxara bilmir. Tövbə ona görə insanı xilas edir ki, keçmişlə rabitəni müəyyən qədər qırır, sanki insan təzədən yaranır. Tövbə İlahinin bağışlamasıdır, ancaq elə bilirəm, daha çox dərəcədə insanın Allahın ona bağışlamasına inamıdır. İnsanı həm də bu inam xilas edir...

Povestin sonluğunun ikinci variantında qəhrəman vaxt keçirdiyi, görüşdüyü qadını öldürür, özünü yox. Həbsə düşür və oradan əyyaş kimi qayıdır. Artıq o insanlıqdan çıxıb. Əsərin sonluğunun birinci variantında qəhrəman güllə ilə özünü vurur, ikinci sonluqda isə yaşamağı seçir, fəqət ölüyə tay olur, əyyaşa çevrilir. Sonluğun birinci variantını “günahkar Tolstoy”, ikinci variantını isə insan ölümünün əleyhinə olan, ona daim fikirləşmək, xilas olmaq imkanı tanıyan “dindar Tolstoy” yazıb. Tolstoyun bir yazıçı kimi xarakterindəki bu ikiləşmə, onun insan kimi hansı iztirabları yaşamasının göstəricisidi. Tolstoy povestin iki sonluğunu da qəhrəman haqqında danışılan bu dedi-qodularla bitirir: “Həqiqətən də, Yevgeni İrtenov (əsərin qəhrəmanı – F.H) ruhi xəstə olsaydı, bütün insanlar da beləcə ruhi xəstə olmalıydı, əsl ruhi xəstələr isə – şübhəsiz özlərində görmədikləri dəlilik əlamətlərini başqa insanlarda görürlər”.

III

Günah hissi yalnız bir nəfərə məxsusdur. “Başqalarının günahı” anlayışı olsun ki, bir qədər yanlışdır. Çünki başqalarının günahı artıq, onlarının pis əməli deməkdir. Əmələ görə insan, günaha görə Yaradan mühakimə edir. Bu məqamda günah məsələsi rakursdan asılı olur. Tolstoy ona görə dahi idi ki, o, öz günahını möhtəşəm yazırdı: Və bu əsəri Tolstoy həyat yoldaşına görə çapa verməyə ehtiyat edirdi, çünki cavan çağında Yasnaya Polyanada olduqca gözəl Aksinya Bazınkina, əlli yaşının astanasında isə Domnaya adlı xanımlara meyli “İblis” povestində bu və ya digər dərəcədə əksini tapıb. Fəqət Tolstoy, bu əsəri həm də Tulalı müstəntiq N.N.Friderixsin həyat hekayəsi kimi qələmə almışdı. Həmin adam isə ailə qurandan bir neçə ay sonra bir vaxtlar kefli günlər yaşadığı kəndli qızı Stepinada Muniçinanı tapançayla o dünyalıq etmişdi. Tolstoy üçün süjet – əməl – Friderixsin həyatı idi, qəhrəmanın daxili təbəddülatları, onu əsir edən günah hissi isə – öz yaşantıları idi.

Tolstoy son əsərləri ilə başdan-başa pis əməllərini, utanılası keçmişini etiraf edir... Etirafdan – insanın özünü rüsvay etməsindən sonra isə evindən, yurdundan – pis əməllərinin baş verdiyi yerlərdən uzaqlaşıb – başqa ünvana – ölümə getmək lazım idi... Tolstoy getdi...

qafqazinfo.az


Müəllif: Fərid Hüseyn