17 Mart 2017 03:13
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığımız müddətcə hər gün bir az ölürük...

Təəssüf edirəm, yazını bu cür başlamaq istəməsəm də hazırda məhz bunu düşünürəm.

Hər kəslə özü arasında qoyduğu məsafə qədər yaxın olan biri vardı...

Mövlud...

28 ilimin son 4 ilində tanıdığım biri.

Sevgisinə, dəlisovluğuna, hirsinə, peşimanlığına şahid olduğum biri.

Və nəhayət ötən gün ölüm xəbərini aldığım biri...

Yox, deyəsən hardan başlayacağımı bilirəm. Çalışacam pafosdan, bər –bəzəkdən uzaq, sadəcə yazmaq istədiklərimi yazam.

Mövlud kimi...

Səhər-səhər “facebook”a girər-girməz ekrana çıxan o nidadan başlayacam – Mövlud, sən nə etdin!

Ağlıma ilk gələn onun canına qəsd etməsi oldu. Keşkə yanılardım. Bu qədər əmin olmazdım bu hissə. Amma son bir neçə ayda yarı zarafat yarı gerçək anonslar vermişdi. Ciddiyyətə almasaq da, üprənmiş, ehtiyat etmiş, qorxmuşduq. Qabriel Qarsiya Markesin “Bir qətlin tarixçəsi” romanını xatırladım. Hadisə, məkan və zaman fərqli olsa da motiv bu qədər uyğun olarmış. Bəzi fərqlər xaricində... Mövlud Santyaqo Nasardan fərqli olaraq yuxusunda əncir ağaclarını görmədi. Yaşadıqlarının yuxu olmasını arzuladı. Yuxu ilə gerçəlik arasında bir cəngəllikdə azdı.

Hamı bilir, gözləyir, amma qarşısını alacaq heç nə edə bilmir. Bilinməz bir qüvvə var gücü ilə mane olur...

Nədənsə inanırdım ki, bu cəngəllikdən xilas yolu tapacaq. Amma beləsini yox... Yuxu sandığı vəziyyətdən ayılmaq üçün göylərdən yerə enməyəcək.

Yaşından böyük danışıb, böyük düşünən... Əbədiyyəti ədəbiyytda tapan biri...

Ədəbiyyat sənə böyük, ideal bir dünya tanıtdı. Bəlkə də səni ən başında yolundan sapdıran elə o oldu. Sənin gerçəklərin, idealların hələ də tam yaşayıb çözmədiyin reallığa sığmadı, sığamazdı. Yaşamını bəlkə də ədəbiyyta sığdıra bilmədin, amma ölümün ədəbiyyata sığdı. ROMAN kimi...

Yaşadığımız müddətcə hər gün bir az ölürük...

Mövlud çəkdiyim bütün şəkillərdə boynu bükük düşürdü. Həm çəkiliş vaxtı, həm sonra yarı ciddi, yarı zarafat şux dur deyirdim. Amma bir iki dəqiqə sonra o öz dünyasına geri qayıdırdı. Daha demirdim, olduğu kimi çəkirdim mən də.

Ötən gündən bəri Mövlud sosial şəbəkələrin və xəbər portallarının gündəminə çevrildi. Amma yaxşı olardı ki, mövludları həyata küsdürən məsələlər gündəm olsun. Dostar kədərləndi, artist və riyakarlarsa “like” və “İP” yığdılar. İnsan olaraq önəmsiz olduqları halda ac eqolarını “like” və “İP” ilə yemlədilər. Qeybət, qınaq mövzusu etdilər. Heç nə demirəm – onsuz, qoyunu qoyun, keçini də keçi ayağından asan dünyadı.

Yaşadığımız müddətcə hər gün bir az ölürük...

Mövlud, bizi də bir az öldürdün, bir az əksiltdin...

Axı insanlar cəm halında ailədi, toplumdu, cəmiyyətdi, vahid orqanizmdi. Birimizin ölməsi bir parça əksilməmizdi.

İndi vahid olaraq bir Mövlud əksiyik...

Sözüm o eqaist və özlərindən başqalarını sevməyənlərədi. Sizlər elə ətrafınızı sevib qorumaqla özünüzü qorumuş olursunuz. Keşkələr, bəlkələr bugünədək heç kimə fayda verməyib, verməyəcək də. Mövludun gedişi bir daha xatırlatdı ki, nə edirsənsə et, amma gec olmadan. Sevginizi də, köməyinizi də gec olmadan göstərin...

Mövlud, bir çoxları kimi məni də bağışla... Gec qaldım...

Səni qoruya bilmədik, amma səni ağuşuna alan torpağına deyəcək sözümüz çoxdu. Gəlirik deyək ki, səndən muğayat olsun.


Müəllif: Elçin Murad