15 İyul 2014 11:33
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatı kimi böyük bir futbol şöləni başa çatsa da, ürəyi futbolla döyünən azarkeşlər və futbolsevərlər üçün hər zaman maraqlanmalı və izlənməli futbol hadisələri var.

Elə azərbaycanlı futbol azarkeşlərinin də, idman ictimaiyyətinin də gözü yerli futbola çevrilib. Bu gün UEFA-nın ən mötəbər klub turniri olan Çempionlar Liqasında Azərbaycan klubu öz gücünü sınayacaq.
Ağdamın "Qarabağ" komandası tarixində ilk dəfə ən güclülərin yarışdığı arenada boy göstərəcək. Bu vaxta qədər ikinci dərəcəli turnir olan UEFA Avropa Liqasında bir neçə dəfə çıxış eləmiş ağdamlılar üçün daha yüksək səviyyəli yarışda iştirak eləmək həm əla motivasiya olacaq.

Qısaca xatırladım ki, hazırda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında "köhlən atlar" Avroliqada keçirdikləri bütün mövsümlərdə mütləq bir neçə mərhələ keçməklə azarkeşlərini sevindirə biliblər.

Bu gün isə Avroliqadakı uğurları ilə tərəfli-tərəfsiz hər kəsin rəğbətini qazanan Qurban Qurbanov və yetirmələri Çempionlar Liqasında ilk oyunlarına çıxacaqlar. Rəqib isə Maltanı təmsil eləyən "Valetta" klubudur.

Hər iki klubu müqayisə etmək istəsək ortaya maraqlı və eləcə də kifayət qədər kəskin fərqlər çıxacaq. Cırtdan ölkə təmsilçisi həm heyət, həm maddi imkan baxımından ağdamlıların çox-çox altındadır.
Avropa səviyyəli turnirlərdə iştirak təcrübəsi baxımından da rəqibini aşkar üstələyən çempionumuz böyük bir möcüzə olmayacağı təqdirdə turun aşkar favoritidir.

Bu mövsüm Premyer Liqada bütün rəqiblərini əzici üstünlüklə üstələyən və bir neç tur qabaqcadan çempionluğunu elan eləyən Qurban Qurbanovun yetirmələri demək olar ki, "qızıl heyəti" olduğu kimi qoruyub saxlamağı bacarıb.

Komandanı sadəcə bir neçə oyunçu tərk eləyib ki, onlar onsuz da, əldə edilmiş çempionluqda xüsusi rol oynamamışdılar. Gürcü hücumçular Caba Dvali və Nikolas Gelaşvilinin göndəriləcəyini təxmin eləmək üçün elə də əlahiddə futbol bilgisinə sahib olmağa gərək yox idi.

Çünki komandada olduqları müddətdə hər iki oyunçu heç cür ansamblın əsas üzvünə çevrilə bilmədilər. Elə Ulxir Kapalonqonun göndərilməsi də gözlənilən addım idi.

Gedənlərin əvəzində bir neçə gənc yerli oyunçu və braziliyalı Danilo Assis ilə güclənən çempion əsas gücünü qoruyub saxlaya bildi.

Təlim-məşq toplanışında keçirilən yoxlama oyunlarında da pis təsir bağışlamayan komandadan azarkeşlərin uğur gözləməsi təbiidir.

Doğrudur, "Qarabağ" toplanışın əvvəllərində güclü komandalardan hesab olunan "Şaxtyor"a yenilsə də, tədricən oyun formasını bərpa edərək üst-üstə yaxşı nəticələr qazana bildi.

Bu yoxlama oyunlarında Reynaldo, Leroy Corc kimi köhnə oyunçularla bərabər yeni transfer Danilo Assisin də özünü yaxşı tərəfdən göstərməsi azarkeşlərin və məşqçi heyətinin üzünü güldürən amillərdən biridir.

"Valetta" ilə oyuna demək olar ki, tam hazır olan "Qarabağ" ilk oyunu səfərdə keçirməsinə baxmayaraq cütün taleyini ilk matçdaca həll eləmək istəyir.

Əslində azarkeşlərin də sevimli komandalarından əsas istəyi rəqiblə hər iki görüşdə məhz qələbə qazanmasıdır. Bu həm də ölkə futbolu üçün, Azərbaycanın UEFA-nın reytinq cədvəlində irəliləməsi üçün vacib amildir.

İnanırıq ki, bu gün səfərdə oynamasına baxmayaraq, "Qarabağ" qalib gəlib cütün taleyini elə ordaca həll edəcək və evdəki oyun sadəcə formal xarakterli olacaq.


Müəllif: Zaur Xudiyev