15 İyul 2014 12:55
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxın hələ bir vergülün gücünə. Başlıqdakı vergüllərdən birincisini silsək - "kişilər bitdi daha" anlamına gələcək - ki, bu durum nə onların, nə də bizim xeyrimizədir. Kişilər bitəcəksə - biçarə qadınlar neyləyəcək ki? Çox da çağdaş Azərbaycan ailələrinin bir qismində kişilər zatən bir sinif kimi bitib getmiş bir durumda. Amma yenə də normal ailələr, milli dəyərlərə, adət-ənənəyə sədaqət nümayiş etdirən sağlam ailələr, əsil-nəsilli tayfalar var - belə mühitlərdə kişi elə kişi, qadın da qadındır.

Dediyimsə o deyil. Dediyim kişilərin bitməsi deyil, kişilərin bir aylıq futbol kefinin bitməsidir. Bu futbol ayını kimi bayram, kimi əzab adlandırsa da, hər nə idisə - bitdi getdi. Artıq nə "qol" nərələri eşidiləcək, nə də güclü cinsin doğma nümayəndələri bizim ömrümüzü-günümüzü futbol meydançasının iş rejiminə görə quracaqlar. Kişilərin bir ayı keçdi, demək, məntiqə görə - növbəti ay bizimdir, yəni bizim olmalıdır..

***

Bilmədiyin məsələ barədə danışma! Bu söz mənim dilimdədir. Mübahisə-filan edəndə qarşımdakı adamı susdurmaq üçün istifadə elədiyim əsas ifadələrdən biridir. Əvvəlcədən deyirəm ki - bilmədiyim şey haqda yazdığımı mənə irad tutmayasınız. Mən futboldan yazmıram. Bu, yalnız futbol bayramına qadın münasibətidir. Bizim üçün - yəni futbolla maraqlanmayan, amma futbolu istər-istəməz müşahidə edən xanımlar üçün nə oldu bu bir ay? Tam diqqətsizlik ayı, "get gözümdən, getmərəm özümdən" şüarının təntənəsi, "neyləyirsən elə, bircə mənimlə işin olmasın" icazəsinin verdiyi azadlıq. Və ara-sıra seyr edilən ekran görüntüləri.

***

Nə idi ekrandan ara-sıra gördüklərim? Braziliyanı darmadağın edən 7-1 hesablı oyunu qoyuram bir qarağa - oyun gerçəkdən maraqlı idi. Belə sürətli bombardmanı heç vaxt görməmişdim. Uruqvaylı Suaresin dişləmək azarından hamı o qədər danışdı ki, videoyazıya mən də baxdım. Adamdı da, hirslənib dişləyib, buna görə 82 min avro da cərimə ödəyəsi olub. Bu öz yerində. Amma norveçli bir azarkeşin bu hadisəni, belə deyək, öncədən görməsi çox qəribə və ağlasığmaz oldu. Demə, bu azarkeş qabaqcadan deyibmiş ki, Suares bu çempionatda kimisə mütləq dişləyəcək. Adam nəinki bunu deyib, hətta bu iş üçün pul da qoyub. Bu mərcə cəmi 3 avro pul qoyan azarkeşin proqnozu düz çıxınca düz 500 avro qazanıb.

***

Deyir, əvvəllər futbolu oynayanlar kasıblar imiş, yəni oxumağa meyl etməyənlər top ötürmək işini ala-babat bacarırmışlar. Bu oyunu da dövlətlilər üçün sərgiləyirmişlər ki, pul qazansınlar. İndi zaman dəyişib. İndi dünyanın milyardlarla kasıb-kusub əhalisi 4 ildən bir keçirilən futbol törənində məhz ən varlıların oyununu seyr etməklə məşğuldur. Yəni indi varlılar oynayır, kasıblarsa tamaşa edir. Dövrani-fələk dəyişib..

Digər tərəfdən, dövrani-fələk heç dəyişib eləməyib. İnsan eradan əvvəllər nə edirdisə, indi də onu edir. O dövrdə Romada qladiatorları döyüşdürən quldarların varisləri indi də eynən o şövq və ehtirasla nəhəng idman meydanlarında alınıb-satılan idmançıların qəniminə çevriliblər. Bilirəm, kişilər mənimlə razılaşmayacaq. Bilirəm, fikrimi tam qəribçiliyə salacaqlar. Amma və lakin komandanın qazanacağı milyonlara görə oyunçuların o qədər xəsarət alması, gözgörəsi canlarını riskə qoyması - qladiatorluğun yeni səviyyəsi deyil, bəs nədir? Bu da oyun, bu da təhlükə, bu da azart (çox təəssüf ki, rusun bu "azart" sözünün gücünü bizim "həvəs"imiz və "şövq"ümüz ifadə elə bilmir. Həvəsimiz olsa belə, sözün özünün gücü zəifdir). Dəyişən tək zaman və zamanın şərtləridir.

Bu çempionatsa gerçəkdən qanlı-qadalı oldu. Mütəxəssislər bunu həm də Braziliyanın hava şəraitilə əlaqələndirirlər - yüksək istilik və rütubət, ot örtüyünün keyfiyyətsizliyi xəsarət sayına da təsir edib. Və bir qayda olaraq həmin hava şəraitinə alışmayan idmançılar bu halda daha çox xəsarət alırlar. Soyuq və quru havaya öyrənmiş orqanizm isti və rütubətli havada daha tez yorulur, reaksiyası zəifləyir, immuniteti aşağı düşür.

***

Kişilər, bitdi daha, bitdi.. Yuxunuza haram qatan olmayacaq. Dost-tanışdan, qohum-əqrəbadan da artıq bir aylıq möhlət istəyə bilməyəcəksiniz. Bəhanəniz bitdi artıq.


Müəllif: Afaq Vasifqızı