4 May 2017 12:26
2 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Türkiyədə “Tanıtım” jurnalında dərc edilmiş Mikayıl Müşfiqə aid bir şeiri yayımladım. Şeir çox zəif olsa da, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkə yazıldığı üçün özüm daxil, xeyli oxucunun marağına səbəb oldu.

1936-cı ildə yazıldığı qeyd olunan şeirdən ədəbiyyat adamlarımızın da xəbərinin olmadığını görüb, araşdırmaq istədim.

Mikayıl Müşfiqin müstəqillik illərində çap olunan kitablarının internetdə olan elektron versiyalarına baxdım, heç birində bu şeir yox idi.

Yeganə çarə qalmışdı: Müşfiqin 1936-cı ildə çıxan şeir kitabını axtarmaq və ya o dövrdəki mətbuatı gözdən keçirmək. Türkiyədəki jurnalda şeirin yazılma tarixinin səhv olması ehtimalını da nəzərə alıb, 1930-cu illərdəki bütün kitablara baxmaq gərəkirdi.

Özüm də 1922-1939-cu illərdə Azərbaycanda latın qrafikası ilə çıxan kitabları topladığım üçün həmin illərdə çox maraqlı faktların olduğunu bilirəm. Amma təəssüf ki, arxivimdə o dövrlərə aid Mikayıl Müşfiq kitabı olmadığına görə, tək çarə Axundov adına Milli Kitabxanaya getmək idi.

Axundov kitabxanası Azərbaycanın ən zəngin arxivlərindən biridir, burada illərdir əziyyət çəkib çalışanların hamısına təşəkkür edirəm. Azərbayanlı oxucu və tələbələrin də daimi getdikləri yerlərdən biridir.

Amma indiki dövrdə, həyatın ağır şərtləri, vaxt qıtlığının hakim olduğu bir zamanda Milli Kitabxananın bir əksikliyindən bir oxucu, araşdırıcı kimi şikayətimi də etməyi borc bilirəm.

Hörmətli Kərim müəllim.

Axundov adına Milli Kitabxananın rəhbəri olmaq Azərbaycanda ən qürur duyulası işlərdən biridir. Əminəm ki, Siz bu kitabxananın daha da zənginləşməsi, oxucuların istəklərinin yerinə yetirilməsi üçün əlinizdən gələn hər şeyi edirsiniz. Bu baxımdan bir məsələni də Sizə xatırlatmaq istəyirəm.

Mən Bakıda olarkən, tədqiqatlarım zamanı lazım olan bir çox kitabı Rusiya və Türkiyə kitabxanalarının arxivindən elektron variantda yüksək keyfiyyətdə əldə edə bilirdim. Məsələn, İstanbul Bələdiyyəsinin kitabxanasında Azərbaycana aid, bəlkə də, minə yaxın kitab var, 95 faizini elektron formada əldə etmək mümkündür. Üstəlik bu kitablar Çar Rusiyası dövründə çap olunmuş əski əlifbada olan qiymətli əsərlərdir. Yəni Hüseyn Cavidin, Salman Mümtazın, Üzeyir Hacıbəylinin, Firudin Köçərlinin və digərlərinin Çar Rusiyası dövründə çıxan kitablarını rahat şəkildə yükləyə bilirsiniz. Eləcə də, mən Rusiya kitabxanalarının elektron bazasından yenə Çar dövründə naşirinin Rəsulzadə olduğu, Üzeyir Hacıbəylinin türkcə-rusca lüğət kitablarını bilgisayarımın arxivinə qeyd edə bilirəm. Eləcə də, Fransa arxivlərindən azərbaycanlı sənətçilərin ötən əsrin əvvəllərinə aid səs qeydlərini dinləyə və yükləyə bilirəm. Amma mən Axundov kitabxanasından Mikayıl Müşfiqin 1930-cu illərdə çap olunan kitablarını əldə edə bilmirəm.

Hörmətli, Kərim müəllim.

Repressiya qurbanı olan Mikayıl Müşfiq Azərbaycan oxucusu üçün çox əhəmiyyətlidir, Türkiyədə də bu şairimizə böyük maraq var. Hətta türkiyəli bir naşir zamanında demişdi ki, Müşfiq haqqında roman yazılsa, mən onu təmənnasız çap edə bilərəm.

Yəni Müşfiq araşdırılası, öyrəniləsi şairdir.

Mən də hazırda Bakıda yaşamadığım üçün Müşfiqin 1930-cu illərdə çap olunan kitablarında və ya dönəmin qəzet materiallarında Atatürkə həsr etdiyi şeirinin olub-olmadığını bilmək üçün Milli Kitabxananın elektron bazasına daxil olarkən dərin kədərə qərq oldum.

Çünki Müşfiqin “Buruqlar arasında” (1932) kitabının cəmi 2, “Pambıq” kitabının (1932) 3, “Küləklər” (1930) kitabının 6, “Günün səsləri” (1932) kitabının 6, “Vuruşmalar” (1932) kitabının 2, “Bir may” (1932) kitabının isə 3 səhifəsi elektron formada təqdim olunur. Üstəlik bu elektronlaşdırma kitab üzərindən də deyil, kserekopiya üzərindən hazırlanıb, hər səhifəyə də kitabxananın adının baş hərfləri yazılıb.

Saytda qarşımıza çıxan qeyddə isə bildirilir: “Bu kitab yalnız Milli Kitabxana daxilində tam oxuna bilər. Müəllifin hüquqlarına hörmətlə yanaşdığınız üçün təşəkkür edirik”.

Kərim müəllim, əvvəla, haqlı olaraq soruşuram, niyə yalnız Milli Kitabxana daxilində? Kitabxananın kompüter bazası o qədər çox deyil ki, hamı gəlsin məhz oradakı bilgisayarlardan oxusun. İkincisi, bu kitablar elektronlaşdırıldığı halda, axı hansı səbəbdən mən evimdə, dünyanın istənilən nöqtəsində rahat şəkildə əyləşib oxumayım? Bir oxucunun, tədqiqatçının Müşfiqin 1930-cu ildə çıxan, əsasən də, Sovet hökumətini tərifləyən şeir kitabını oxumaq üçün məhz kitabxananın özünə gəlməsindəki maraq nədir? Kitabxanaya giriş ödənişli olsa, anlamaq olar. Axı, dövlət kitabxanasıdır.

İkincisi, bu gün Amerikada, Rusiyada, Türkiyədə, Orta Asiyada bir tədqiqatçı Müşfiqi araşdırmaq istəsə, mütləq şəkildə necə Azərbaycana gəlsin? Türkiyənin özündə məndən dəfələrlə magistr, doktorluq işi yazan türk tələbələr Azərbaycandakı kitabların elektron versiyasını əldə etməyimi xahiş ediblər. Çünki hər tələbənin təyyarə, hotel pulu olmur.

Üçüncüsü, 1930-cu ildə çap olunan, artıq bütün Azərbaycanın şairi olan Müşfiqin hansı müəllif hüquqlarından söhbət gedə bilər? Bu gün istənilən naşir Müşfiqin kitabını rahatlıqla çap edir. Çünki həm zaman aşımı var, həm də varislik məsələsi yoxdur.

Yekun olaraq, deyim ki, mən sadəcə Müşfiqin timsalında bunları yazdım. İndiyə qədər bir çox tədqiqatımda məhz elektron bazanın Milli Kitabxana daxilində istifadəsinin mümkünlüyünə görə özüm və bir çox tədqiqatçı dostlarım əziyyət çəkmişik.

Ona görə də, rica edirəm ki, Milli Kitabxananın elektron arxivi tamamilə açıq olsun.

Açıq olan elektron kitablara isə daha düzgün bir loqo vurulsun ki, oxucuya əziyyət verməsin.


Müəllif: Dilqəm Əhməd