19 May 2017 12:36
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 may Azərbaycan və Türkiyə tarixində mühüm rol oynamış Əhməd bəy Ağaoğlunun anım günüdür.

Bu gün İstanbuldakı məzarı başına gedəcək, onu və digər Ağaoğlular ailəsinin fərdlərini bir daha yad edəcəyik.

Onun ömrünün ən məhsuldar hissəsi Türkiyədə keçdi.

Önəmli kitablarını, xatirələrini bu ölkədə yazdı, qarmaqarışıq siyasi proseslərin içərisində yer aldı, ideoloji mübahisələrə qatıldı.

Atatürkün ətrafındakı nadir şəxsiyyətlərdən oldu ki, onunla münasibətini qorxu və yaltaqlıq üzərində deyil, sözünü açıq şəkildə deyəcək biri olaraq qurdu.

Buna görə də zamanla onun qəzəbinə uğradı, təsis etdiyi qəzetlər qapadıldı.

Amma bu hallar nə onun Türkiyəyə, nə də Atatürkə olan sevgisini azaltdı.

Çünki o özünü Türkiyədə belə tanıdırdı: “Mən Ağaoğlu Əhməd. Anamın və atamın, bütün əcdadımın damarlarında türk qanından başqa bir qan olmayan qarabağlı bir türkəm”.

19 may Türkiyə tarixi üçün həm də başqa bir səbəbdən dolayı çox önəmlidir.

1919-cu ilin 19 mayında Mustafa Kamal paşa Samsun şəhərinə gəlir və bu tarix Qurtuluş savaşının başlanğıc tarixi kimi qəbul edilir.

Əhməd bəy Ağaoğlu İstanbulun işğalı zamanı zülüm çəkənlərdən biri olaraq Mustafa Kamalın Qurtuluş savaşını hansı şərtlər altında qazandığını bilirdi.

Onu Malta sürgünündən azad edən bu şəxsin Türkiyə üçün necə önəmli lider olduğunu bilirdi.

Ona görə də bəzən onun fikirlərinə qarşı çıxsa da, istəklərini də yerinə yetirirdi.

Necə ki, Sərbəst Cümhuriyyət Firqəsində yer alaraq ona olan vəfa borcunu ödəmişdi.

Ondan bir il öncə ölən Atatürkün vəfat xəbərini eşidəndə ağlamışdı.

Qızı Tezərə məktubunda yazırdı: “Həyatımda ikinci dəfədir sarsılıram. Birinci dəfə ananın ölümü zamanı özümü dərin və qaranlıq bir uçurumun kənarında gördüm və başım fırlandı. Onsuz həyat mənə mənasız və acı gəldi. Onun məndə bu qədər yaşadığını təsəvvür edə bilməzdim. Bu gün də onun ölümünə heç cür inanmıram. Daha doğrusu, alışa bilmirəm. O özü elə bir həyat deyildimi? O, tükənmək, yorulmaq bilməyən daşqınlıqdı! Bəzən coşqun dəniz dalğaları kimi hiddətli, bəzən də müdhiş fırtınalara qədəm qoyan qatı və boğucu sükunət. Onun hər dəqiqəsi digərinə bənzəyirdimi? O, hər şeyin gah altında, gah üstündə deyildimi?”.

Əhməd bəylə Mustafa Kamalın birgə fotosunu çox axtarmışdım. Nəhayət, ötən il Türkiyədə Atatürklə bağlı sosial mediada olan bir səhifədə tapa bildim. Güman ki, başqa fotolar da var, zamanla üzə çıxacaq.

Əhməd bəy Atatürkdən bir il sonra vəfat edib.

1939-cu ilin mayın 19-da ailəsinin yanında dünyasını dəyişib.

Qızı Sürəyya Ağaoğlunun xatirələrində onun son vəsiyyəti yazılıb.

Son anında Əhməd bəy onunla mühacirətə gələn qohumu Humay xanıma deyir:

“Mən ölürəm, sənə çox zəhmət verdim, hirsləndiyim zamanlar da oldu, haqqını halal et. Bu daxılda 250 lirə var, məqalələrimin puludur. Cənazəmdə o pulu xərcləyin. Səni uşaqlara, uşaqları da sənə əmanət edirəm”.

Daha sonra üşüdüyünü deyir, iynə vurmaq istəyirlər, icazə vermir: “Artıq bu makina pərçim tutmaz”.

Qızı Tezərin ağladığını görüb, üzünü ona çevirir: “Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün duracaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin. Bibinizə, uşaqlarına yaxşı baxın”.

Sonra üzünü digər qızı Sürəyyaya çevirir, “Söz ver, ağlamayacaqsan. Mənim vücudum sizlərlə, ruhum anam, atam, Sitarə ilə… Qarşımdadırlar… Onlarla bərabərəm” deyə pıçıldayır…


Müəllif: Dilqəm Əhməd