22 May 2017 14:21
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü dolamaq

İki gün qabaq bir yazar dostum "Coninin sahibi" yazımı oxuyub belə bir mesaj yazıb: "Çox ağrılı idi, mən də həssas.

Küçədə it görəndə gözümü qaçırıram, sonra ağlımdan çıxmır, sahibsiz itlər güllələnəndə qulağımı tutub ağlayıram...

Sizin yazıda isə daha dərin şey var, it sahibinin həyatı. Ən ağrılısı da nədir, adam deyir, kəndimə qayıtdım ki, abrımı bura örtər...

Şəhərdəki səfil həyatından can qurtarıb ev-eşiyinə gəlir, amma taleyi elə burada da rahat buraxmır. Burada da adamlar qəddarlaşıb, ya da elə həmişə qəddar olub.

Kaş oxumazdım.

Qıracaqsınız bu yazılarla bizi...

Bir az narahat idim, ürəyim şıltaqlıq eləyirdi. Həkim demişdi, əlindən telefonu da alın, interneti də... Televizora da baxmasın...

Qısa aradan sonra gəlmişdim ki, yox ee, daha yaxşıyam, yandım. Allah sizə insaf versin".

Bu mesaj toya getməlidir, yumşaqdır. Görünür, az da olsa, kitab oxumuşluğu var.

Mövlud haqqında yazdığım yazını oxuyan bir xanım daha ağır yazmışdı. Üzümə söymüşdü hətta: "Sən əclaf adamsan, çox əclaf. Oxuyanda adama elə gəlir, yazını yazanda tükün də tərpənməyib".

Düzünü deyim ki, kompüter arxasına oturanda yazdığım yazını qəti şəkildə hiss etmirəm. Nə gözüm dolur, nə ürəyim ağrıyır. Bir növ Tanrı oluram.

Bu mənada xanım düz deyir. Bitirəndən sonra başqa adamın mətni kimi oxuyur, dəli oluram. Yazı adamı belə olmalıdır, ağlaya-ağlaya yazdığın mətn heç vaxt uğur qazana bilməz.

Sözüm onda yox.

Deyirəm, doğrudan e, axı, biz niyə kədərli yazılar yazırıq? Nə düzəlir? Həyatı nöqtəsinə, vergülünə kimi yazmaqla kimin yarasına dərman oluruq? Kimin dərdini yüngülləşdiririk, kimin ağrısını xəfiflədirik?

Bir para adamların ürəyi üzülür, gözləri dolur. Həm də dünyada xoşbəxt olmağa saya bildiyin qədər səbəb varkən.

Biri elə böyük Edip Akbayramın "Gözəl günlər görəcəyik" mahnısı. Bilmirəm, yoxlamısınız, ya yox, əcəb oynamalı havadır. Bir balaca dərdin də varsa, boyuna biçilib.

Yazar dostumun mesajını alanda özümü yaxşı hiss eləmədim. Yazını yazmağıma peşman da oldum; çünki çətin dövrdür, bilmək olmur, heç tanımadığın adam sənin yazdığın balaca bir hadisəni oxuyub nə hisslər keçirir. Bəlkə, özünə xəsarət yetirəcək. Bəlkə...

Gördüm, düşünə-düşünə özümü intihar həddinə çatdıracam, vəziyyətdən çıxmaq üçün mahnını qoyub şüşəbənddə o yandan bu yana süzdüm. Nə dərdim qaldı, nə tasam.

Siz də yoxlayın, mütləq yoxlayın. Çox gözəl təsir edəcək.

Nazim Hikmətin eyniadlı şeirini yüksək səslə oxuyun, yüksək səslə. Mənim şeir oxumağımı heç kim bəyənmir, amma özümə xoş gəlir. Xüsusən də Orxan Vəlinin şeirlərini oxuyanda.

Orxan Vəlini oxuyun, çoxlu-çoxlu oxuyun. Adam işsizlikdən yazır, gəl ki, nə qədər işıqlıdır, nə qədər pozitivdir. Özüylə zarafatlaşır, ələ salır, dolayır.

Sizi and verirəm Allaha, yazını yarımçıq saxlayıb onun "İşsizlik" adlı avtoportret hekayəsini səssizcə pıçıldayın. Nəğmə kimidir. Kimsəyə bənzəmir.

Onun yerinə sıradan bir Azərbaycan yazarı olsa, işsizliyindən yola çıxıb "qarının borcu"na qədər nağıl eləmişdi, amma o özünü dolayır. Heç nə vecinə deyil, aclığına gülür, şaqqanaq çəkib gülür.

Sonuncu dəfə özünüzü nə zaman dolamısınız? İnanıram ki, ya heç olmayıb, ya da bir-iki dəfə dolamısınız, sonra oturub dərd etmisiniz ki, görəsən, məni görən oldumu? Gördüsə, nə düşündü?

Dərd etməyin e, dərd etməyin, o kimsəyə də təlqin edin, yazıqdır.


Müəllif: Hikmət Orhun