9 İyun 2017 16:03
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Rusiyanın Təhsil və Elm naziri Olqa Vasilyeva MDB ölkələrinin Kiril əlifbasına qayıtmasını təklif etdi.

Nazir məqsədini açıq şəkildə belə əsaslandırdı: “Biz indi MDB məkanında vahid əlifbaya qayıtmalıyıq. Bu, Kiril əlifbasıdır. Sorğular göstərir ki, bizim əhalimiz və yaxın çevrədə yaşayan insanlar onsuz da Kiril əlifbasına keçidi vacib sayırlar”.

Rusiyalı nazirin bu təklifinin altında yatan məqsəd aydındır. Avrasiya Birliyində vahid əlifbanın formalaşdırılması üçün atılan addımdır. Bunun açıq şəkildə səslənməsi isə birlikdə ikinci dövlət olan Qazaxıstanın 2025-ci ilə qədər latın qrafikasına keçidi tamamlamaq istəyidir.

Azərbaycanın latın əlifbasına keçməsinin isə maraqlı tarixi var. Bu barədə daha öncə geniş yazsaq da, bəzi məsələləri yenidən xatırlatmaqda fayda var.

Əlifba islahatı ölkəmizdə millətləşmə mərhələsi dönəmində aktuallıq kəsb etməyə başladı.

İlk dəfə Mirzə Fətəli Axundzadə bu məsələni dərk edib, İstanbula yola düşdü. Amma Osmanlının xilafət olması, müsəlman dünyasına hökm etməsi Quranın yazıldığı əlifbanın dəyişdirilməsini mümkünsüz qılırdı.

Ona görə də Axundzadə döşündə Məcidiyyə ordeni ilə əliboş yola salındı.

Axundzadədən sonra Məhəmmədağa Şahtaxtlı, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə kimi ziyalılar əlifba ilə bağlı yeni təkliflər irəli sürsələr də, həyata keçmədi.

Nəhayət, Azərbaycan Cümhuriyyəti dönəmində -1919-cu ilin martında latın əlifbasına keçidlə bağlı xüsusi komissiya yaradıldı, təkliflər dəyərləndirildikdən sonra parlamentin müzakirəsinə verildi. Lakin Cümhuriyyətin işğalı nəticəsində proses başa çatmadı, layihəni kommunistlər davam etdirdilər.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) təşkil edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə latın əlifbası ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası hesab olundu. Əlifba ilə yanaşı Avropadakı rəqəm sistemi də götürüldü.

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən AYTƏK-in 6 illik yubileyi münasibətilə verilmiş və həmin ilin oktyabrında komitənin 4-cü sessiyasında təsdiq olunmuş qərarla, 1 yanvar 1929-cu ildən etibarən, Azərbaycanda ərəb əlifbası, 1923-cü ildən başlayaraq paralel tətbiq olunan latın əlifbası ilə rəsmi əvəz olundu.

Bununla da ərəb əlifbası ilə həmişəlik vidalaşdıq.

Lakin Türkiyənin latın qrafikasına keçməsi, 1939-cu ildə isə II Dünya müharibəsinin başlaması kommunistləri yeni addım atmağa məcbur etdi. Azərbaycanla Türkiyə arasındakı yazı əlaqəsinin müharibədə təhlükəli olacağını düşünən və artıq repressiya maşını ilə bütün ziyalıları qıran rejim Kiril qrafikasına keçidlə bağlı qərar verdi.

1967-ci ildə Azərbaycanda səfərdə olan Səməd Ağaoğlu (Əhməd Ağaoğlunun oğlu) “Sovet Rusiya imperatorluğu” kitabında yazırdı:

“Moskvanın belə bir qərar verməsinə səbəb İttifaq xalqlarını bir-birindən uzaqlaşdırmaq ola bilməz. Çünki slavyan əlifbası ortaq olduğuna görə, əsl hədəfi başqa bir nöqtədə axtarmaq lazımdır. Bu başqa nöqtə bizə görə bütün bu ölkələrin türk xalqlarının Türkiyə xalqından uzaqlaşdırılması ola bilər”.

Beləliklə, 1940-cı il yanvarın 1-dən etibarən latın əlifbası Kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.

Kiril əlifbası ta ki 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etməsinə qədər tətbiq olundu.

18 iyun 2001-ci ildə prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə latın qrafikasına keçid rəsmən başa çatdı.

Beləliklə, müstəqillikdən sonra Əbülfəz Elçibəyin və Heydər Əliyevin latın qrafikasına verdiyi önəm Azərbaycanın Qərbə inteqrasiyası ilə də bağlı idi.

Ona görə də indən belə Azərbaycan və ya başqa bir ölkənin Kiril qrafikasına keçəcəyi imkansızdır. Əksinə, proses Kiril qrafikasının hakim olduğu ölkələrdə latın qrafikası keçidlə müşahidə olunur.


Müəllif: Dilqəm Əhməd