14 İyun 2017 14:16
3 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət ki, vaxt tapıb “Xənnas” filminə baxmağa getdim. Düzü, filmin ilk 30-40 dəqiqəlik hissəsində heç nə yazmayacağımı düşünürdüm. Çünki tərif yazmaqla aram yoxdur... Filmi həqiqətən bəyənməyə başlamışdım. Lakin sonra gördüyüm bəzi məqamlar məni buna məcbur etdi.

Biblioqrafik peyzaj

Filmin qısa məzmunu budur: Ad gününü yoldaşı və dostları ilə birgə rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altına düşür və anasının “Ora şeytan yuvasıdır, nə badə o evə gedəsən” - deyə, xəbərdar etməsinə baxmayaraq, İlkin babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı həmin o evə getməyə qərar verir. İlk baxışdan köhnə və yaşayış olmayan bir məkan təəssüratı bağışlasa da, bu ev getdikcə öz qonaqlarını vahiməyə salmağa başlayır. Baş verən qəribə hadisələr və İlkinin gözünə görünən molla meyidləri bu evdə ruhların yaşamasına işarə verir. İlkin başa düşür ki, bu cinlər babasından tutmuş İlkinin özünə qədər nəsildəki bütün kişiləri öldürmək istəyirlər. Səbəb isə babasının Sovet vaxtı bir qrup dindar insanı günahsız yerə qətlə yetirməsidir.

Beləliklə, paranormal hadisələrə səbəb olan qara qüvvələr 3 cütlüyün gecəsini kabusa çevirir. Baş rolları Hikmət Rəhimov (İlkin), Pərvin Abıyeva (Sevinc), digər rolları isə Zemfira Əbdülsəmədova, Qorqud Cəfər, Zarina Qurbanova, Türkay Cəfərli və Nərgiz Əliyeva canlandırırlar. Bu il istehsal olunan 100 dəqiqəlik mistik qorxu filminin rejissoru Elvin Abdulladır.

Qeyd edim ki, filmin adı – “Xənnas” Qurani-Kərimdə olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, xənnaslıq edən şeytanın şərindən Allaha sığınıram!

İlk 30 dəqiqəlik uğur

İlk kadrlarda rejissor əsas hadisəni bizə çatdırmaq məqsədilə əvvəlki zamanlara - SSRİ dövrünə qayıdır. Rus dilində danışan personajların sözlərini tərcümə məqsədilə, kadrın aşağısında titrlər qeyd olunur. “SSRİ-si”, “ittifağının” və s. sözlərdə olan orfoqrafik səhvlərə qətiyyən fikir vermədən filmə baxırdım.

İlk 30 dəqiqədə cəmi bircə uğursuzluq gördüm. O da aktyorları demək olar ki, qrimsiz və kino kadrına uyğun olmayan çizgilərdə görməyim idi. Zarina kimi gözəl qızın sifətindəki sızanağına qədər hər şey efirdə idi. Amma filmin maraqlı gedişatı, hadisələrin insanı sıxmaması və uzunçuluğa yol verilməməsi kimi uğurlu məqamlar bu uğursuzluğu üstələyirdi. Amma düşünürəm ki, Elvinin ən böyük uğuru - baş rolu oynayan Hikmət Rəhimov idi.

Xeyirxah cinlər

Günayın (Zarina Qurbanova) bədəninə cin girəndə nədənsə, bir anlıq “Elgizli axşamlar” verilişini xatırladım və “bismillah” deyib o xatirələri qovmağa çalışdım.

Bədəninə cin girən qızın öz başını kəsdiyi səhnənin sayəsində film bir anlıq qorxu filmi olmaqdan çıxdı və çizgi filminə dönüşdü. Günay cinin təsiri altında öz başını kəsəndə fontan kimi sıçrayan qan, gah ağaran, gah göyərən xamilyon gözlər ciddiyyəti öldürdü. Elvin qorxulu filmlərin dünya təcrübəsindən istifadə etsəydi, başa düşərdi ki, belə kadrları 2 saniyədən artıq efirdə saxlamaq və bu mistik kadrı xırdalıqlarına qədər açıb ortaya qoymaq olmaz. Gizlilik, anonimlik, tamaşaçını həyəcanda saxlayan suallar həmişə marağa səbəb olub.

Dünya arenasında belə filmlərdə bu tip kadrlar o qədər qısa və müəmmalı (qaranlıqda, tüstüdə, siluet formasında və s.) göstərilir ki, tamaşaçı nə baş verdiyini anlamaq üçün vaxt itirir və mənim kimi belə xırdalıqlara varmır.

Filmdəki cinlər həm də çox xeyirxahdırlar. Onlar başqasını yox, daha çox girdiyi bədəni öldürməyə çalışırlar. (Günay öz başını kəsir, Nərgiz isə öz əlini...)

Xətainin vəzirinə oxşayan gözü deşik ölü molla əmilər

Elvinin dirəşib kadrları dəqiqliklə göstərməyə çalışmasına fikir vermədən filmi izləməyə davam etdim. Gözü deşik ölü molla əmilərin kadrı hələ də gözümün qabağından getmək bilmir. Rəhmətliyin biri lap şah İsmayıl Xətainin vəzirinə oxşayırdı.

Ən pisi isə dostlarının ölümünü asanlıqla qarşılayan obrazların başına bu qədər iş gəlməsinə rağmən, gözlərindən güclə çıxan 1-2 damcı süni su idi. Günayın qorxmasına görə narahat olan, ona su gətirən, sakitləşdirməyə çalşan Sevinc (Pərvin Abıyeva) sanki, dünəndən qızın ölümünü arzulayırmış. Qardaşım qızı Aylinin əlindən konfetini alanda o, ölüm xəbəri alan Pərvindən daha faciəvi şəkildə ağlayır.

Diqqətimi çəkən daha bir məqam maşına minən “ukladkasız” Pərvinin maşından gül kimi “ukladka” ilə düşməsi oldu. Sanki maşının salonundan yox, gözəllik salonundan çıxırdı.

Aktyor oyununu ümumilikdə 10 ballıq şkalaya görə, 7 balla qiymətləndirirəm ki, onun da 5 balı Hikmətə (İlkin obrazı) və Zemfira xanıma (İlkinin anası) düşür.

Cindarlığa qarşı dindarlıq kursları

Evdə başlarına gələn qorxunc hadisələrdən sonra bu insanların artıq Allahdan başqa ümid yeri qalmır və hamı yavaş-yavaş imana gəlməyə başlayır. Lakin “filmdə mesajın olmağı vacib deyil” deyən rejissorun bu filmdəki dini mesajından sonra zalda sağımda və solumda oturan tamaşaçılardan telefonunun pleymarketinə namaz vaxtlarını yükləyənlər də var idi. Elvin bunu bacarmışdı!

Mən dünənə qədər elə bilirdim ki, dini film “Həzrəti Yusif” serialıdır, amma vallah onlar Elvinin “Xənnas”ını görməyiblər, yoxsa utanarlar. “Dindarlıq kursları”na çevrilən filmdə din, Allaha inam, Quran konkret təbliğ olunur. Cinlərin əlindən hara gedəcəklərini bilməyən İlkin dindar dostunun məsləhətilə Nas surəsini oxumağa başlayır, bununla cinə qalib gəldiyini görür və bundan sonra hər dəfə kadrda əlində bu ayələr olan kitabça ilə dolaşır. Sonda şər qüvvələr üzərində qələbə də məhz Quranın və dinin sayəsində mümkün olur.

Zeytun yağının faydaları

Filmdə ən cəlbedici dini simvol isə “zeytun yağı”dır. Ad günü sonrası oğlu və gəlini üçün maşına bir torba yemək qoyan ana “Mən bütün yeməkləri zeytun yağında bişirirəm” deyib ora zeytun yağı da qoyur. Bu yaşlı qadın bilmir ki, zeytun yağını bişirmək olmaz? Amma əsas problemimiz bu deyil. Problem zeytun yağının filmdə qoruyucu hasar rolunu oynaması və İslam oyunlarındakı “sarı zolağı”ı xatırlatması idi. Maşından zeytun yağı şüşəsini götürüb otağın qapısına yağdan sarı zolaq çəkən aktyor, bununla cinlərə sanki yol hərəkəti qaydalarını öyrədir və cinlər də cərimələnməsinlər deyə, bu xətti tapdalamamağa çalışırlar.

Qapıya tökülən zeytun yağının sayəsində cinlər o otağa girə bilmirlər. Bir zaman marketlərdə “şam” qoymayan Azərbaycan xalqı, məncə, bu filmdən sonra evdə zeytun yağı olmadan yatmayacaq.

Beləliklə, filmdəki qara qüvvələri əsas xilasedici simvola çevrilən zeytun yağı, aktyorun əlində tutduğu Quran, oxuduğu ayələr məhv eləyir. Vay o günə ki, o evə düşən ateist ola!

Finalda “Xənnas” obrazının açıq-aşkar görünməsindən sonra, çaşıb-qaldım və səhvən “Mumiya” filmi nümayiş olunan zala girdiyimizi düşündüm. Lakin özümə gələndən sonra qərar verdim ki, təcili Allah adamı olmaq lazımdır. Qısası, “Həzrəti Ömər”in, “Həzrəti Yusif”in edə bilmədiyini “Xənnas” elədi.

P.S: Filmə hansı zeytun yağının sponsorluq etməsi ilə bağlı araşdırmalarım davam edir.


Müəllif: Könül Əlibəyli