19 İyun 23:05

Bir neçə gün öncə Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscidlə tanış oldu.

Prezidentin rəsmi internet səhifəsində yayılan xəbərdə belə bir cümlə vardı: “Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək”.

Digər önəmli cümlə isə bu idi: “Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir”.
Şübhəsiz ki, fərdi inancımızı, dinə münasibətimizi bir kənara qoyub, Azərbaycanın son 1500 illik tarixinə nəzər salsaq, birbaşa İslam dünyasının parçası olduğunu görürük.

Bütöv Azərbaycanı bir arada tutan Səfəvilər dövləti də bu dəyərlər əsasında yaradılmış xanədanlıq olub.
Yenə də düşüncələrimizi bir kənara qoyanda, açıq görürük ki, XIX-XX əsrə qədərki Azərbaycan memarlığı, ədəbiyyatı, musiqisi, şəhərsalması və s. yenə İslam dini ilə bağlıdır, tariximizdə geniş bir mərhələni əhatə edir.

Təsadüfi deyil ki, o zamankı Şərq səyyahlarından tutmuş, qonşu xalqlara qədər hər kəs bizi müsəlman kimliyimizlə tanıyıb, bizə qarşı düşmənçilik ediləndə milli dəyərlərimizlə yanaşı, dini dəyərlərimiz də hədəfə alınıb.
Necə ki, ermənilər Azərbaycan türklərinə qarşı hər dəfə savaş və terror elan edəndə tarixi binalarla yanaşı məscidləri də yandırıb, dağıdıbdılar.

Çünki kilsə ətrafında birləşən ermənilər üçün düşmən gördükləri türklərin məscidi dağıdılacaq obyektlərin siyahısında başda gəlirdi.
Bu baxımdan Cocuq Mərcanlıdakı məscid mart soyqırımında Şamaxıda dağıdılan məscidlərin dirilişidir.
Cocuq Mərcanlıdakı məscid Qarabağ savaşında düşmən tapdağına keçən, təhqir edilən məscidlərimizin dirilişidir.
Cocuq Mərcanlıdakı məscid İrəvanda dağıdılan, kilsəyə çevrilən, farslaşdırılan məscidlərin dirilişidir.
Prezident İlham Əliyev iyunun 13-də Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə də bu məsələni bir daha xatırlatdı:

“Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər”.
Çünki bir ölkənin torpağını işğal etməklə, o ərazinin gerçək sahiblərinin kim olduğunu unutdurmaq olmur. Ona görə də ermənilər yüz ildən çoxdur ki, ələ keçirdikləri türk torpaqlarında tarixi abidələri, məscidləri, məzarlıqları dağıdır, bütün izləri yox etməyə çalışırlar.
Dağıtdıqları müsəlman, türk simgələrinin başında da məscidlər gəlir.

Bu baxımdan Cocuq Mərcanlıda məscidin tikilməsi sadəcə ibadət məqsədilə deyil, həm də verilən tarixi bir mesajdır.


Müəllif: Dilqəm Əhməd