5 İyul 22:16
340

Bədəvilərin öz qardaşlarına diş qıcaması ilə başlanan Qətər böhranı davam edir və görünən budur ki, Doha qalasının bürcləri dağıdılmayana qədər dayanmayacaq da. Nəticənin necə olacağını demək mümkün olmasa da, hər halda hədəf budur: ərəblərin öz çadırları altında “düşmən” elan etdikləri Qətərin yem olaraq döyüşçülər arasında bölüşdürülməsi istənilir.

İyunun 5-də Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən, Liviya, Maldiv adaları və Makrikinin bir gecədə, İordaniyanın isə bir gün sonra Qətərə düşmən kəsilməsi ilə başlanan böhran səhrada gedən döyüşü, daha doğrusu, səhra döyüşlərində yazılmamış qanununun – vahələrin toxunulmazlığının pozulmasını xatırladır. Səudiyyənin rəhbərliyi ilə 9 ərəb ölkəsi qəfil “vahəyə hücuma” keçdi və bütün tarazlıqlar pozuldu. Məlumdur ki, ərəb dünyasının göbəyində yaranan bu böhranın ssenarisini yazan və rejissorluğunu edən Amerikadır. Sözsüz ki, gəlişi ilə dünyadakı siyasi balansı kökündən oynadan Donald Trampın hədəfləri var. Lakin baş verənlərə ilk növbədə ərəb dünyasının daxilindən yanaşmaq lazımdır. Axı, Amerika çox şey istəyə bilər, amma ərəbin öz qardaşına yumruq atmasına sadəcə bəşəriyyətin ilk qətlini törədən Qabilin qardaşı Habilə olan qısqanclığı kimi baxmaq da doğru deyil.

“Bədəvi döyüşü”: Qətərə hücuma keçən 9 ölkənin üçünün – Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyinin tarixi iddiaları var. Onlar arasındakı mübarizə bədəvilərin səhra döyüşü kimidir, müddətsiz və fasilələrlə aparılan müharibə...

Səudiyyə Ərəbistan: Ər-Riyad hesab edir ki, Qətər bir ölkə olaraq onun təsiri altında olmalıdır. Bu, Səudiyyənin təkcə ərəb dünyasındakı indiki hegomonluğundan irəli gəlmir. Kral ailəsi tarix boyunca Qətərə öz əraziləri kimi baxıblar. (Ər-Riyadın Qətəri mühasirəyə almağa rəhbərlik etməsinin digər səbəbləri din faktoru və ABŞ-ın bölgədəki planları ilə bağlıdır. Bu haqda bir az sonra).

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ): 1916-cı ildə Osmanlı əsgərləri Qətərdən çıxandan sonra ərəb dünyası 1960-cı illərə qədər ingilislərin işğalı altında oldu. 1960-cı illərin sonlarında ingilislər bölgəni tərk edəndə, yaxud bölgəni istədikləri kimi dizayn edib getdikdə, Qətərə yeni qurulmaqda olan Birləşmiş Ərəb Əmirliyinin tərkibinə qatılmağı təklif etdi. Lakin Qətər bundan imtina edərək, müstəqilliyini qorudu. Həmin vaxtdan Birləşmiş Ərəb Əmirliyi Qətəri ələ keçirmək üçün hər fürsəti dəyərləndirib. Daha konkret desək, BƏƏ Qətərin Udeid bölgəsinə göz dikib. Əmirlik iddia edir ki, bu bölgə tarix boyu onların olub.

Bəhreyn: Manama Qətərin Zubarah bölgəsinin onların torpağı olduğunu iddia edir. Bununla yanaşı, Qətər və Bəhreyn arasında zəngin qaz yatağı olan Havar adaları problemi var. Bu adalar Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə 2001-ci ildə Bəhreynə verilib, lakin Qətər adalarla bağlı iddiasından əl çəkmir.

Bu tarixi iddialar və qarşıdurmalar üç ərəb ölkəsinin Qətəri parçalamaq və aralarında bölmək üçün fürsət gözlədiklərini deməyə əsas verir. Donald Trampın Səudiyyə səfərindən sonra Qətər böhranı ilə bağlı verdiyi ilk açıqlama da bu kontekstdə diqqət çəkir: “Yaxın Şərqə səfərim zamanı dini radikalizmə dəstək verilməməlidir, demişdim. Liderlər Qətəri işarə etdi”. Hansı liderlər? Səudiyyə, Bəhreyn, BƏƏ – onlar bir növ öz iddialarını həyata keçirmək üçün, qardaşlarını Trampa satdı və bu, onların nöqteyi-nəzərində çox yaxşı fürsət idi. Təsadüfi deyildi ki, Qətərlə diplomatik əlaqələri Misir də daxil olmaqla ilk onlar kəsdilər – və təbii ki, Yəmən.

Bu böhranda parçalanmış vəziyyətdə olan Liviyanın, kiçik Maldiv adaları və Mavrikinin Vaşinqton-Ər-Riyad çətiri altında hərəkət etdiyi məlumdur, İordaniya isə hazırda bölgədə Amerikanın, o cümlədən, ümumilikdə Qərbin əsas bazası rolunu oynayır və bu ölkənin prosesdən kənar qalması təəccüblü olardı. Bu ölkənin Qətər böhranının yarandığı ilk gündə dəstək verməməsinə baxmayaraq, bir gün sonra diplomatik əlaqələri kəsməsi də təsadüfi deyildi: göstərişin okeanın o tayından gəldiyini düşünə bilərik.

Qətərin qarşısına qoyulan şərtlər dolayısı ilə regiondakı maraqları, ərəb çadırı altındakı toqquşmaların ümumi mənzərəsini və böhranın altında yatan səbəbləri özündə ehtiva edir:

İranla əlaqələr: Ərəb dünyasında müstəqil siyasətilə seçilən Qətərin Tehranla əlaqələri olduğu məlumdur, xüsusilə 2013-cü ildən istiləşən bu münasibətlər iqtisadi sferaya daha çox sirayət edir. Bundan ən çox narahat olan Səudiyyə Ərəbistanıdır, hansı ki, İslam aləminin liderliyi uğrunda gedən iki ölkə arasındakı mübarizə məzhəb qarşıdurmasından başlayaraq, regional toqquşmalara qədər nüfuz müharibəsini əhatə edir. İranın ərəb dünyasına təsir imkanlarının olması Birləşmiş Ərəb Əmirliyini, Bəhreyni, o cümlədən Yəməni də narahat edir. BƏƏ əhalisinin yarıdan çoxu İran əsillidir, Bəhreynin sünni hakimiyyəti Tehranın təsirində olan şiə əhalini özündə ciddi təhlükə hesab edir, Yəməndə isə İrandan ciddi dəstək alan husilər ölkəni parçalayıb. Bu kontekstdə İran-Qətər münasibətlərini Amerikadan öncə Körfəz ölkələrinin özlərinə ciddi təhlükə olduğu aydın görünür. Lakin İranın Qətər üzərindən Körfəzə sızması nə dərəcədə real ola bilər? Bu iki ölkənin münasibətləri son 4 ildə düz müstəviyə çıxmışdı və əsas ağırlıq iqtisadi sferanı əhatə edir. Məsələ təkcə İranla münasibətlər olsaydı, o zaman, eyni sanksiyalar BƏƏ-yə qarşı da atılmalı idi. Çünki BƏƏ-nin İranla uzun müddətdir 20 milyard dolları keçən iqtisadi münasibətləri var və Qətər böhranının yaranmasına baxmayaraq, bu əlaqələr kəsilməyib. Bu, ilk şübhəli sualdır.

“Müsəlman qardaşları”na (İhvan) dəstəyin kəsilməsi: İhvanla bağlı məsələ Məhəmməd Mursini həbsdə saxlayan Misir üçün vacib məqamdır. Qətərə “Müsəlman qardaşları”na dəstəyin kəsilməsi tələbinin irəli sürülməsi fonunda Misirin “hücuma” qoşulması təbii qarşılana bilər. Lakin “Müsəlman qardaşları” məsələsi Misir qədər Səudiyyəni də narahat edir. Çünki ərəb dünyasında lider qismində çıxış edən Ər-Riyad bu siyasətini İslam dini üzərindən də həyata keçirir. “Müsəlman qardaşları” Ər-Riyadın məhz din siyasətinə, həmçinin, vəhhabiliyin yayılmasına qarşı ciddi maneədir. “Müsəlman qardaşları”nın lideri Şeyx Yusif əl-Kardavinin adının terrorçu olaraq qeydə alınması da bu, İhvana ciddi zərbə vurmağa hesablanmış addım idi. Halbuki, əl-Kardavani İranın nəzarətindəki Hizbullahı şeytanın ordusu adlandırır və ümumilikdə İslam dünyasında şiə hökmdarlığına qarşı çıxır. Ciddi paradoksdur.

“Həmas”a dəstək: Məlum idi ki, Qətər böhranı ilə ərəb dünyasının qarışmasından yararlanan İsrail üçün “Həmas”a dəstəyin kəsilməsi vacibdir və bu tələbin ən çox Təl-Əvivdən gəldiyi də şübhəsizdir. Lakin burada daha bir paradoks ortaya çıxır: “Həmas”a dəstəyin kəsilməsi tələbi irəli sürülsə də, Qəzzada İranın nəzarətində olan “İslami Cihad” təşkilatı niyə unuduldu?!

Bu paradokslar baş verənlərlə bağlı fikirlərin qarışmasına yol açır. Axı, ümumi mənzərədə əsas hədəfin İran olduğu aydın görünürdü. Qətərin mühasirəyə alınmasından dərhal sonra Tehranda törədilən partlayışlar da heç bir şübhəyə yer qoymurdu: hesab etmək olardı ki, İranı çökdürəcəyinə and içmiş Tramp ilk böyük əməliyyatına başlayıb, Tehranın “əlini kəsmək” üçün Qətəri vurur, farsların ərəblərin çadırında istifadə etdikləri rıçaqları aradan qaldırır və İsrailin ən böyük düşmənini öz evində boğur. Bu, ABŞ-da respublikaçıların ənənəvi siyasətinin davamıdır, eyni zamanda, Suriyada rusları və türkləri sıxışdıran Vaşinqton Əsədin ən böyük dəstəkçisi, əslində Suriya daxilində ən böyük təhlükə hesab olunan farsları ürəyindən zərbə endirməklə oyundan kənarlaşdırır.

Hər şey sadə və qanunauyğun görünür, lakin İranla milyardlarla dollarlıq ticarət əlaqəsi olan BƏƏ-nin toxunulmazlığı, o cümlədən, “Müsəlman qardaşları” və “Həmas” müəmması Qətərə hücumun hədəfində başqa ölkənin olduğu ehtimalını yaradır - TÜRKİYƏ.

Türkiyənin böhrandan dərhal sonra Qətərdə hərbi baza yaratmaq haqda ikitərəfli müqaviləni ratifikasiya etməsi, ardınca türk ordusunun Dohaya yola düşməsi də bu ehtimalı gücləndirdi.

Qətər Türkiyə üçün Körfəzdə əsas müttəfiq ölkədir və Ankara ərəb dünyasına dair gələcək planlarını əsasən bu ölkə üzərindən qurur. Türkiyənin Qətər üzərindəki nüfuzu hələ Osmanlı zamanından olub və iki ölkənin bağları tarixə söykənir. Misal üçün, XIX əsrdə ingilislər Körfəzi ələ keçirməyə başlayanda, indiki Qətər əmiri şeyx Təmimin ulu babası Məhəmməd əl Sani və oğlu Kasım əl Sani Osmanlı dövləti ilə əməkdaşlıqdan vaz keçməyiblər. 1916-cı ildə Osmanlı əsgərləri Qətərdən çıxandan sonra, ingilislər bu ölkəyə də sirayət etməyə başladı. Lakin indiyə qədər Qətər ingilislərlə yanaşı, Türkiyə ilə də sıx əməkdaşlıq edir və bir çox siyasətdə Ankaranı dəstəkləyir. Əslində Səudiyyənin rəhbərliyindəki bölgə ölkələrini, eləcə də Amerikanı narahat edən də bu amildir.
Burada daha bir nümunə yerinə düşər: 2008-ci il dünya böhranı Türkiyədən yan keçdi, halbuki, böhran əvvəlcə onlara da təsir etmişdi. Lakin bir gecədə büdcədə yaranmış 6 milyard dollarlıq kəsir bərpa olundu. Və hər kəsi düşündürən sual bu idi: 6 milyard dollar pul bir gecədə haradan tapılmışdı? Türkiyənin 6 milyard dollarlıq kəsiri bərpa etdiyi gündən bir gün əvvəl gecə saatlarında Qətərdən Ankaraya xurma gətirdiyi deyilən təyyarə enir. İddialara görə, xurma gətirdiyi deyilən təyyarənin içində əslində pul var imiş. Sözügedən iddianın doğru olub-olmadığı məlum deyil, lakin Qətər-Türkiyə əməkdaşlığı fonunda nəzərdən qaçmır. Bu əməkdaşlıq siyasi və iqtisadi sferada dərinliyi ilə seçilir:

Siyasi: Doha Ankaranın Körfəzdə dayaq nöqtəsi hesab oluna bilər. Hərçənd, Ankaranın son dövrlərə qədər, daha dəqiq desək, Trampın Səudiyyəyə səfərinə qədər Ər-Riyadla da münasibətləri yolunda idi. Lakin Qətər əsas qaladır. Türkiyənin “Müsəlman qardaşları”nı dəstəkləməsi İslam dünyasında ərəb şeyxlərinin inhisarçılığını yarmağa hesablanmış uzunmüddətli strategiya idi. Mursinin timsalında bu dini cərəyan Misirdə hakimiyyətə gəldi. Bu, Ankara üçün dini strategiyanın həyata keçirilməsində mühüm amil idi. Lakin məhz Vaşinqtonun (Obama dövründə) müdaxiləsi ilə Mursi devrildi və həbsə atıldı. “Müsəlman qardaşları”nın üzvləri ya həbs edildi, ya da edam olundu, yarıdan çoxu isə ölkəni tərk etdi. Türkiyə bu təşkilata dəstəyi hələ də davam etdirir və bu siyasətdə əsas tərəfdaşı Qətərdir. Bununla yanaşı, eyni dəsti-xətt “Həmas” üzərindən də aparılır, hansı ki, İsrail daim Ankaradan bu məsələdə izahat tələb edir. Qətər və Türkiyə “Həmas” məsələsində də ortaq hərəkət edir. Göründüyü kimi, Doha Ankara üçün Körfəzdə ən vacib tərəfdaşdır. Qətər üçün də Türkiyə bölgədə digər ərəb “qardaşları”nın təzyiqinə qarşı çıxmaq və müstəqilliyini qorumaqda əsas alternativdir və bu, hələ Osmanlı dövründən belə olub. Qətər hazırda Türkiyənin Yaxın Şərqdə, bir az da konkretləşdirsək, Suriyadakı planlarının da əsas dəstəkçilərindən hesab oluna bilər. Rəsmi Doha bunu açıq şəkildə bəyan etməsə də, müxaliflərə hərtərəfli dəstəyin verilməsində mühüm rol oynayıb.

İqtisadi: Qətər iqtisadi inkişafına görə dünyanın ən öndə gedən ölkələrindən biri hesab olunur. Hazırda Dohanın dünyada 335 milyard dollarlıq investisiyası var və bunun böyük bir qismi Türkiyədədir. Türkiyə Qətərin ən çox sərmayə qoyduğu 7 ölkədən biridir.

Göründüyü kimi, Qətərin mühasirəyə salınması Türkiyə üçün siyasi və iqtisadi itki deməkdir. Türk ordusunun təcili bu ölkəyə göndərilməsi bu baxımdan səbəbsiz deyil.

VƏ AMERİKANIN PLANI: Trampın Səudiyyə səfərindən sonra bəlli olur ki, Vaşinqton bölgədə Türkiyəyə alternativ ola biləcək və İsrail üçün təhlükə törətməyəcək, həmçinin, İsrailə təhlükə törədən ölkələrə qarşı duracaq yeni güc yaratmağı planlaşdırır. Yeni güc Səudiyyə Ərəbistanıdır. Ər-Riyadın ABŞ-la müttəfiqliyinin kökü dərindir, bununla yanaşı, Vaşinqtonun Krala təsir edəcək kifayət qədər rıçaqları var. Belə demək mümkünsə, ABŞ vaxtilə Türkiyəyə dəstək verərək, bölgədə yaratmaq istədiyi güc planını Səudiyyəyə transfer edir. Çünki Türkiyə ABŞ-ın istədiyi “oyuncaq” olmadı. Digər tərəfdən, Türkiyədən fərqli olaraq, Səudiyyə İsrailin tələblərinə asanlıqla boyun əyəcək. YENİ GÜC planının reallaşması üçün ilk növbədə Səudiyyənin bölgədə əlini möhkəmləndirmək və ərəb dünyasına təsir edən kənar gücləri çıxarmaq lazım idi. Bu kontekstdə Trampın “liderlər Qətəri göstərdi” sözləri diqqət çəkir. Hesab etmək olar ki, bölgədə Səudiyyənin çətiri altına girməyəcək yeganə ölkə Qətərdir.

1. Qətər mühasirəyə alınır və əsas səbəb kimi İran amili göstərilir. Bununla İranın Qətərlə əməkdaşlığı vurulur, həmçinin, Tehranla əməkdaşlığın nəticələri haqda digər ölkələr üçün ağrılı təcrübə yaradılır. Ardınca terror hücumu ilə Tehrana böyük dərs verilir. Hesab etmək olar ki, ABŞ və İsrail Qətər böhranı ilə İranın vurulması üçün Körfəz ölkələrini səfərbər edir.

2. Lakin İranın əsas hədəf kimi göstərməklə, diqqətin Türkiyənin hədəf seçilməsindən də yayındırıldığı nəzərdən qaçmamalıdır. Gerçəklikdə əsas məqsəd məhz Türkiyənin bölgədən sıxışdırılması və Körfəzdəki əsas qalasının dağıdılmasıdır.

Beləliklə:

- Türkiyə ərəb dünyasındakı dayağını itirir; Qətərlə iqtisadi əlaqələrdə yaranacaq maneə Türkiyə üçün böyük maliyyə itkisi ilə nəticələnir; Rusiya başda olmaqla ABŞ-a əks cəbhədə dayanan ölkələrlə birgə hərəkət edərək, öz maraqlarını həyata keçirən Türkiyə maliyyə itkisi ilə zəiflədilir; Körfəzdə itkilərlə üzləşən Türkiyənin Suriya strategiyası da axsayır; Bölgədə yeni güc kimi ortaya çıxan Səudiyyənin önü açılır;

Hesab etmək olar ki, ABŞ-ın cari planda iki hədəfi var:

1. İranın zəiflədilməsi və mühasirəyə alınması üçün Körfəz ölkələri Səudiyyənin rəhbərliyi altında Tehrana qarşı böyük cəbhə yaradır. Bu qarşıdurmada mühasirəyə alınan İran Suriyadan çəkilməyə məcbur qalır.

2. İran Suriyadan çəkilərsə, yerdə Türkiyə və Rusiya qalır. Türkiyə Qətər üzərindən vurulur və zəifləyir. Rusiya isə Ukrayna ilə müharibəyə sürüklənərək, Şərqi Avropaya doğru çəkilir. Beləliklə, ABŞ Suriyada istədiyi ssenarini həyata keçirir, o cümlədən, Türkiyənin cənub sərhədində yaratmaq istədiyi “kürd dəhlizi” planını həyata keçirir. Burada son günlər diqqət çəkən və heç də təsadüf olmayan iki informasiyaya diqqət edək: ABŞ son bir həftədə Bəşər Əsədin kimyəvi silah istifadə edəcəyinə dair informasiyalar yayır, hansı ki, bu, yeni müdaxiləyə əsas yaratmaq planının bir hissəsidir; Türkiyə Silahlı Qüvvələri dünəndən (28 iyun) etibarən PYD-nin əlində olan Afrin kontonunu bombalayır, həmçinin, türk əsgərləri müxaliflərin əlindəki İdlibə yerləşdirilir. Görünür, Suriyada qüvvələrin yeni toqquşması başlanacaq.

***

Burada Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verən Ər-Riyadın Trampın planlarında yer almasının, daha doğrusu, bu qədər açıq cəbhələşməyə getməsinin səbəbləri də maraqlıdır. Hesab etmək olar ki, Tramp krala böyük vədlər verib:

a) Səudiyyənin ABŞ-da 700 milyard dollardan artıq pulu var, hansı ki, bu pullar 11 sentyabr hadisələri ilə bağlı məhkəmə işinə görə dondurulub. Tramp ilk növbədə bu pulu qaytarır. Hərçənd, bu məbləğin 400 milyard dollarını silah müqaviləsi ilə özündə saxlayır. Yəni Ər-Riyad dondurulmuş pulunun yarıdan çoxuna ABŞ-dan silah alır, bir qismini isə geri qaytarır, həmçinin, üzərindəki məhkəmə iddiaları qaldırılır.

b) Kral Salman bin Əbdüləziz əs-Səudun taxta oturandan sonra ən böyük qayğısı vəliəhd olan qardaşı oğlu Məhəmməd bin Nayifi uzaqlaşırmaq və öz oğlu Məhəmməd bin Salmanı taxtın vəliəhdi elan etmək idi. Nayif taxt mübarizəsində o qədər də zəif deyildi, xüsusilə ölkədə “Əl-Qaidə” tərəfdarları kimi tanınan ciddi kəsim onun nəzarətində idi və bu, ona lazım olanda taxtı ələ keçirməyə imkan verirdi. Ötən il İran-Səudiyyə qarşıdurmasını körükləyən şiə alim Nimr Baqir Ən-Nimrin edamının arxasındakı hədəflərdən biri də məhz vəliəhd Nayifin əlinin zəiflədilməsi idi. Görünür, Tramp Ər-Riyad səfərindən sonra krala öz oğlunun vəliəhd etməsinə kömək etdi. Qətər böhranının başlanmasından təxminən iki həftə sonra Səudiyyə taxtının vəliəhdi kralın oğlu Məhəmməd bin Salman oldu. Bin Salmanın vəliəhd təyin olunduğu gecə İsrail təyyarələrinin Ər-Riyad səmalarında dövr etməsi də Nayifin tərəfdarlarının başlaya biləcəkləri mümkün qiyama qarşı hesablanmış addım idi. Bu gün (29 iyun) yayılan xəbərə görə, artıq Nayif ev dustağına çevrilib.

Kral Salman istəyinə çatdı, lakin vəliəhdin Məhəmməd bin Salman olmasında ABŞ-ın da maraqları var. Çünki yeni vəliəhd qatı İran düşmənçiliyi ilə seçilir. Belə bir adam İranın məhvi planında Vaşinqtonun əlini gücləndirəcək.

c) Və təbii ki, Səudiyyənin əsas qazancı daim arzuladığı və cəhd etdiyi bölgə liderliyidir.

Bütün daşlar yerinə oturur:

- Qətər mühasirəyə alınır və birbaşa Türkiyəni vuran şərtlər irəli sürülür.
- Türkiyənin dəstək verdiyi və rıçaq kimi istifadə etdiyi “Müsəlman qardaşları” və “Həmas”ın sıradan çıxarılması prosesi başlanır.
- İrana düşmən obrazı gücləndirilir və Körfəz ölkələri Səudiyyənin rəhbərliyilə Tehranın sıxışdırılması prosesinə qoşulurlar.
- ABŞ bütün bu prosesdə özünün “sülh missiyası”nı da qoruyur. Artıq Tramp Qətərlə digər ərəb ölkələrini barışdırmağa hazır olduğunu bəyan edib. Lakin həm də onların dili ilə Qətərə qarşı yeni şərtlər də irəli sürüb. Bu şərtlər arasında İranla bütün əlaqələrin kəsilməsi ilə yanaşı, Türkiyə hərbiçilərinin ölkədən çıxarılması da diqqət çəkir.

ABŞ-ın hədəfləri və Qətər üzərində oynanılan siyasi oyunlar müəyyən mənada aydındır. Lakin qəribə mənzərə var: Amerika həm Qətəri mühasirəyə alır (bunu Dohada yaxşı anlayırlar), həm də bu ölkəyə dəstək verməyə, problemi həll etməyə çalışırmış kimi görünür. Bunu Vaşinqtonun “təmiz ad” siyasətinin bir parçası hesab etmək olar, lakin hər şey təkcə bununla yekunlaşmır.

Çünki: Vaşinqtonun hədəfində təkcə İran, yaxud Türkiyə yox, nə qədər təəccüblü görünsə də, İngiltərə də var. İngilislər Qətərdə türklər qədər təsir imkanlarına malikdir. Hazırda Qətərin dünyadakı 335 milyard dollarlıq investisiyasını ingilislər idarə edir. ABŞ Qətərin mühasirəsi ilə həm də məhz bu pulu öz çətiri altına keçirmək istəyir. Qətərlə üzdə yumşaq davranmağın səbəbi də budur. Bu kontekstdə İngiltərədəki terror aktlarının arxasındakı hədəflər də aydın olur.

Mayın 20-də Donald Tramp Səudiyyə Ərəbistanına səfər etdi. 3 gün sonra, mayın 23-də Mançestrdə terror aktı törədildi, iyunun 4-də isə Londonda səs-küylü terror aktı törədildi. Beləliklə, indiyə qədər toxunulmazlığı ilə ad çıxarmış İngiltərədə terror seriyaları başlandı. Baş nazir Teresa Mey iyunun 8-də növbədənkənar parlament seçkiləri keçirərək, hökumətini daha da gücləndirmək istəyirdi. Gözlənilirdi ki, Mey seçkidən güclü çıxsaydı, “Brexit” məsələsini həll etməklə yanaşı, həm də Qətərə ciddi dəstək verərək, hətta ordu göndərəcək, beləliklə, Dohanın mühasirəsini yaracaqdı. Təbii ki, ingilislərin dərdi 335 milyard dollarlıq maliyyədir. Lakin terror aktları Meyin reytinqinə ciddi təsir etdi və güclənmək üçün keçirdiyi seçkilərdən daha da zəifləmiş şəkildə çıxdı. ABŞ İngiltərəni bununla “ofsayd”da saxladı.

İngiltərənin əvəzində Pakistan öz ordusunu Qətərə yeritmək haqda qərar qəbul etdi. İlk baxışdan belə görünürdü ki, Pakistan Qətərdən sonra özünün hədəf olmaması üçün Doha qalasının yıxılmasına qarşı bu addımı atır. Əslində isə bu, ingilislərin əvəzinə atılmış addım idi. ABŞ eyni həmlə ilə Pakistanı da vurdu: iyunun 23-də 85 nəfərin ölümü ilə nəticələnən ardıcıl terror aktları, bir gün sonra isə neft tankerində baş verən yanğın və 140 nəfərin ölümü təsadüfi deyildi. Vaşinqton böyük oyununu həyata keçirmək üçün bütün vasitələrə əl atır, lakin Amerika tanklarının tırtıllarının ərəb səhrasının qumlarında nə qədər irəliləyə biləcəyini zaman göstərəcək.


Müəllif: Asif Nərimanlı