14 İyul 2017 12:05
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu məmləkətdə nəinki şəxsiyyət, vicdan və mülkiyyəti qoruyan bir amil, hətta polis qanun-qaydası da yoxdur; burada yalnız mənsəb sahibi, oğru və quldurlardan bəraət böyük zümrələr vardır”.

(Belinskinin Qoqola məktubundan)

Bir ölkə təsəvvür edin, təpədən dırnağa paradoksallıq içində... İnsanı, coğrafi mövqeyi, iqlimi, siyasəti, mədəniyyəti, sosial təbəqələri arasındakı yaşam fərqi - hər işi qəribə, az qala hər işi analoqsuz...

Müharibəsi qəribə, alimi, müəllimi, şairi qəribə, adət-ənənəsi, mərasimləri qəribə... Bu ölkədə əhalinin əsas məşğuliyyəti alver, tikinti, çalıb-oxumaq və bir də yazmaqdır... Və çox qəribədir ki, xalq çalıb-oxuyanlardan, alver edənlərdən, elə hey tikib-sökənlərinin əlindən o qədər əziyyət çəkmir, nəinki yazanlarından...

Siyasi, iqtisadi, sosial yazıları kənara qoyub, konkret elmi, publisistik və bədii üslub müəlliflərini hədəfə çəkmək istəyirəm. Adətən, bu sahənin insanlarının fəaliyyəti millətin maariflənməsi, intellektual-mədəni səviyyə baxımından inkişafı, bədii-estetik zövqünün formalaşması işinə xidmət funksiyasını yerinə yetirir. Günümüzdə isə belə deyil, daha doğrusu, çox hallarda belə deyil...

Yer-göy yazıdır, sözdür, cümlədir, mətndir... Hamı yazır... Ünvansız məktublara, qarşılıqsız sevgilərə, ünsiyyətsiz ailələrdəki boşluq, bozluq mənasızlığına, auditoriyasız natiqlərin, məruzəçilərin çıxışlarına bənzəyir bu yazılar. Gözümüz önündə bəzən qeyri-qanuni doğulan uşaqlar kimi bic-bic, yaltaq-yaltaq, qorxa-qorxa, günahkar-günahkar mətbuata gəlir, ədəbi cəmiyyət üçün yox, sahibi üçün xırdaca xidmətini, təmənnalı missiyasını yerinə yetirib, gözümüz önündə də şərəfsizcəsinə ölür...

Amma heç kim özününkünü lazımsız imza hesab etmir. Üfürüb-üfürüb şişirtdikləri ədəbi fiqurlara silsilə mədhnamələr həsr edən tənqidçilər də, ədəbiyyatşünaslıq adına kitabdan-kitaba köçürmələrini dəstələyib monoqrafiya kimi təqdim edən “şünas”lar da, ortalıqda vurnuxub bu qarışıqlığa bir az da duman örtüyü çəkən, məişət mənzərələrindən “şok” reportajlar görüntüləyən jurnalistlər və başqa bu cür müəlliflər - heç kim səhnədən düşmək istəmir. Onlar üçün əhəmiyyəti yoxdur, insanlar onların yazılarını oxuyur, ya yox. Və ümumiyyətlə, onların yazılarını kimlər oxuyur, hansı sosial status sahibləri?

Elmli, ziyalı, mədəni zümrənin təmsilçiləri, ya ortabablıqdan da aşağı, erudisiyasız sadəlövhlər? Onlara fərq etmir millətin onların düşüncə və fikirlərinə ehtiyacı var, ya yox. Onlar sənət, ədəbiyyat, elm məsələlərinə söz adamı kimi yox, iş adamı kimi girişiblər. Ədəbi-publisistik mətbuat, qəzetlər, saytlar yalan və riya əlindən inildəyir, az qala... Amma əslində bu qəzetlərin, saytların, mətbu diktə tribunalarının çoxu da iddialı, əhəmiyyətsiz fəaliyyətində özlərini “lider” kimi təqdim edən yarıtmazlardır...

Uduzan isə yenə bizik! İnananlar! Haqqa, ədalətə, düzlüyə, ən əsası – SÖZƏ inananlar!

Alim olmayana “alim”, şair olmayana “şair”, nasir olmayana “nasir” adını təntənəli şəkildə (əslində inanmayaraq) ərməğan edib, yazısında oynadıqca oynayan, roldan-rola girən, həm özünü, həm yarınma obyektini, həm də oxucusunu aldadan, çaşdıran müəlliflərin gözünün içərisinə baxaraq adamın onlara “qıpqırmızı” bir sual vermək fikri keçir ağlından: “Siz niyə yazırsınız?”

Əlbəttə, cavab verə bilməyəcəksiniz... Əsib-coşacaqsınız. İttiham və üzədayanma, iftira, qabaqdangəlmişlik jestləri ilə əks-hücuma keçib “cavab”lar yazacaq və dərindən nəfəs alıb yenə gedəcəksiniz yarınmağa... Necə deyə bilərsiniz ki, ev almaq istəyirik bu adamlardan, mənsəb, pul, titul, elmi ad, dərəcə, uşaqlarımıza iş, firavan həyat qoparmaq istəyirik onlardan?

Ağzına qədər dolu market səbətlərinin, xirtdəyə qədər yeyib doyacağınız qonaqlıqların çekləri, hesabları çəkisindədir yazdıqlarınız... Allah sözü canlılar içərisində yalnız və yalnız bizə əmanət etdi – insanlara. Sözə xəyanət Allaha xəyanətdir...

Deməli, qələmi əlinizə alıb əməl, günah dəftərlərinizi doldurmaqla məşğulsunuz... Düşüncələri zəhərləmək, zövqləri korlamaq, mədəni inkişafın qarşısına daş yuvarlatmaq... Əgər belə olmasaydı, bu gün ədəbi ictimaiyyat dediyimiz oxucu auditoriyası yazıçıları, alimləri əsərlərinin adı, mahiyyəti ilə tanıyardı, sizin təqdimatınız əsasında elə hey onların məişətinə boylanmazdı. Daha intellektual, daha çox dünyagörüşlü və daha yüksək estetik zövqü olan mədəni bir cəmiyyət formalaşdırma işinin xidmətkarı olardınız..

Qələm işi haqq işidir. Zümrələrə yox, xalqa xidmət işində istifadə edin ondan... Məhz sizlərin sayəsində şoulaşdı, dayazlaşdı, mahiyyətsizləşdi ədəbi mətbuat gündəmi... Sizlərin cılızlaşdıqca cılızlaşan ambisiyalı qələminizdən canyanğısı ilə deyil, süni nəfəs kimi “vücuda gələn” yazıların hesabına ciddi oxucuların sayı azaldı, onlar daha bu mədəniyyətin, bu ədəbiyyatın mənzərəsini izləməkdən imtina etməkdədirlər.

Siz min illərlə yaşı, klassik dəyəri olan bir estetikanı, irfani səciyyəni öz xırda problemlərlə dolu məişətinizi düzənləmək yolunda tar-mar etdiniz...

Və vicdanınızla baş-başa qaldığınız məqamların birində o suala mütləq cavab fikirləşin, səmimi, doğru cavab: Siz niyə yazırsınız?!


Müəllif: İradə Musayeva