28 İyul 14:06
1 193

Ey mənim, dindar qardaşım!

Gəl, Odlar Yurdunun üzərindəki göy qübbəsi altında səninlə bir anlaşma imzalayaq.

Sən razılaş ki, inandığın Allah, onun peyğəmbərləri, imamları, axirət günü, çiyninin sağındakı və solundakı mələklər, müqəddəs kitablar, onların içərisində yazılanlar sənin ruhi-mənəvi dünyanla bağlı olmalıdır, sən bir ömür boyu bu həqiqət bildiyin dəyərlərinlə yaşaya bilərsən.

Sən eləcə də, Allahın buyurduğu ibadətlərini evdə və ya məsciddə rahat şəkildə həyata keçirə, orucunu tuta, qurbanını kəsə, maddi imkanın varsa, Həcc, Kərbəla, Məşhəd ziyarətlərini həyata keçirə bilərsən.

Əgər evlənmək istəsən, özün üçün spirtli içkisi olmayan, qadın və kişilərin ayrı əyləşdiyi və ya ümumiyyətlə, qadınların olmadığı toy məclisi təşkil edə, ora ilahilər oxuyan sənətçiləri dəvət edə bilərsən.

Sən ölkədə dinin əsaslarına söykənən, sənin dinindən, məzhəbindən olmayan kəslərin inanclarını təhqir etməyən, inancsızların isə hüquqlarını pozmayan, dövlətin təhlükəsizliyini təhdid etməyən kitablarını çap edə, yaya, oxuya bilərsən.

Eləcə də, dini dünyagörüşünü yaxın bildiyin kəslərlə icma yaradıb, məscid tikib cəmiyyətə fayda verə bilərsən.

Əziz dindar qardaşım, inan ki, yuxarıda sadaladıqlarımı həyata keçirən kifayət qədər Allah adamı tanıyıram və onlara kimsənin nəsə dediyini nə eşitmişəm, nə görmüşəm.

Amma səninlə bir məsələdə də anlaşma imzalamalıyıq:

Heç bir zaman qonşu və yaxın bölgədəki dini dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına bilərəkdən və ya bilməyərəkdən düşməməlisən.

Azərbaycan torpaqlarında, suverenliyimizdə, təhlükəsizliyimizdə gözü olanların sənin inancından istifadə etməsinə imkan verməməlisən.

Sənin düşmənlərinlə gizli işbirliyində olan, torpaqlarını işğal edənlərlə diplomatik və mənəvi bağlarını kəsməyənlərin sözlərinə inanmamalısan.

Qurandakı ayələri öz siyasi, hərbi maraqları üçün istifadə edən, terror qruplaşmaları yaradan dövlətlərin əlində alət olmamalısan.

Öz fərdi inancını öz evində və Allah evində yaşatmalı, kimsəyə qarşı zor gücü ilə yaymağa çalışmamalısan.

Pul, vəzifə və digər istəklərə aldanıb din pərdəsi altında gizlənən təriqətlərin müridi olmamalısan.

Təriqət liderlərinin, din adına danışmağa özündə haqq bilən, Türkiyədə hərbi çevrilişə cəhd edənlər kimi yalançı “sahib əz-zamanların” fitnəsinə uymamalısan.

Biz bu anlaşmanı imzalasaq, sən də, mən də bu Odlar Yurdunun səması altında xoşbəxt yaşaya bilərik.

***

Ey mənim, ateist qardaşım.

Gəl, səninlə də bir anlaşma imzalayaq:

Sən xurafat hesab etdiyin dinlə mübarizə apararkən, öz düşüncələrini yayarkən bunu kimsənin inancına hörmətsizlik formasında etməməlisən.

Dinin irəli sürdüyü iddiaları inkar edərkən məntiqlə, elmlə bunları puç etməyə çalışmalı, insanların düşüncələrini aydınlatmalısan.

Unutmamalısan ki, 1500 ildir ki, bu torpaqlarda həmin dəyərlər əsasında dövlətlər qurulub, şəhərlər salınıb, memarlıq formalaşıb.

Bu gün Qərbin də heyrət etdiyi Nizami və Füzuli kimi dühalar yetişib.

Bu dinin dəyərləri adımıza qədər həkk olunub, öləndə də yaxınlarımızı bu dinin dəyərləri ilə dəfn edirik.

Bütün səmimiyyəti ilə bu dinə inanan milyonlarla vətəndaşımız var, ona görə də ölkədə radikalizmin tüğyan etməməsi, ekstremistlərə əlavə bəhanə verməmək üçün mübarizəni sağlam düşüncələrlə aparmalısan.

Unutmayaq ki, ölkəmizdə ilk dəfə açıq şəkildə dini tənqid edən, İslamda protestantçılığı dəstəkləyən Mirzə Fətəlinin özünün evindəki övladı namaz qılır, oruc tuturdu və atası onun bu inancına qarışmırdı. Amma atası eyni zamanda dini ən ağır sözlərlə, əsərlərlə tənqid edirdi.

Ona görə də, əziz ateist qardaşım!

Azərbaycandakı illərdir qorunub-saxlanılan islami modeli dağıtmamaq, radikalizmə rəvac verməmək üçün tənqidlərdə həddi aşmamalı, inanclara, vicdan azadlığına hörmət etməlisən.

Belə olarsa, eyni səma altında Allahlı və allahsız xoşbəxt şəkildə yaşaya bilərik.


Müəllif: Dilqəm Əhməd