3 Avqust 2017 09:56
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Quran" sözü ərəbcədən tərcümədə "Oxu" deməkdir. Və xeyli önəmlidir ki, bu sözü daşıdığı kosmik-ilahi informativ yükü ilə birgə təqdim edəsən. Bu Tanrı yazısını ana dilimizdə "Oxu" deyə qavrayan Azərbaycan insanı dinimizin ana qaynağı ilə elə ilk təmas və tanışlıq anındanca düşünmək imkanı qazanır ki, "Oxu" adlandırılan məfhumun üzərində bir müqəddəslik möhürü də var. İslamın mahiyyətinin dərkini əngəlləyən məsələlərdən biri ənənəvi müsəlman şüuru və dindarlığında bu Oxu müqəddəsliyinin layiqli yer almamasıdır.

Nədən qaynaqlanır bu müqəddəslik? Məsələ burasındadır ki, yaratdığı ən sevimli məxluqu insana ismarışlarını zaman-zaman elçilərinin diliylə çatdıran Rəbbimiz bəşər şüurunun daha yetkin çağında çatdırışlarını yazılara aldıraraq sürdürmüşdür. Və sonuncu kosmik-ilahi informasiya qaynaqlı Oxunun bir ulu qayəsi budur ki, insan həqiqət iddialı məlumatları yalnızca eşitməklə yetinməsində oxuyub dərk eləsin. Həm də özü oxusun, başqalarına oxutdurmasın. Ona görə özü oxusun ki, bu yazının hər fərdə deyəcəyi sözü var, hər fərdlə canlı olaraq onun anlayacağı səviyyədə və dildə danışır, hər fərdin duyğusal dərk imkanları ölçüsündə özəl assosiativ mənalar yaradır. Bu, ilk növbədə, şəksiz, Oxunun bədii ecazları ilə sıx bağlıdır.

Yeri gəlmişkən, onu da qeyd edim ki, mətnin orijinalda keçən bir adı da zikrdir, turkcəmizə tərcümədə anım. Yazısını bu adla da tanıdan Rəbbimiz buyurur: "Və biz ona şeir öyrətməmişik, heç ona gərək də deyil. Bu, yalnızca bir Anım, aydınladan bir Oxu" (36, 69). Başqa bir ayədə oxuyuruq: "Biz endirdik, biz anımı. Biz də gerçəkdən onu hökmən qoruyanlarıq" (15, 9). Sonuncuda ilahi mətnin sabitliyinin, dəyişməzliyinin məhz Onun öz zəmanətində olduğu da vurğulanır. Və əslində kosmik-ilahi informasiya mətnində yer alan bədii ecazlar bu sabit-dəyişməz qaynağın zamana, məkana, əqlə, duyğusallığa və s.-yə görə müxtəlif dərk səviyyələrinə hesablanan anımlar yaratması ilə şərtlənir.

İndi Oxuya yalnızca peyğəmbərə aid bilinən hədislərin gözü ilə baxan müsəlmanların əksəriyyəti bu yazını din üləmasının diliylə zaman-zaman car çəkilmiş anlayışlar məhbəsindən, mahiyyətcə bütçülük girdabından kənarda - bədii ecazların yaratdığı anımsal mənalar müstəvisində oxuyub yaşamaq zövqündən məhrum bir durumdadır. Elə bir durumda ki, ayələrin müəllifi sanki "hər gün bir iş içində" (55, 29) olan, yeni-yeni açıqlamaları öz öhdəsinə alan (75, 19) Tanrı deyilmiş də, əstəğfürullah, statik büt timsallı hansısa bir varlıq imiş.

Bəs tərcümələrdə bədii ecazları şərtləndirən anımsallıq itmirmi? Ənənəvi təfsirlərin yardımı və diktəsilə işləyən tərcümə müəllifi bir qayda olaraq bədiiyyat qayğısına qalmaqdan vaz keçir. Bu zaman belə bir təbii bəraət əsas götürülür ki, Allah kəlamını bədii özəlliklərilə başqa dilə tərcümə etmək mümkünsüzdür. "Tərcümə" əvəzinə "açıqlama", "məal", "təfsir" terminləri bununla bağlıdır. Belədə tərcümə müəllifi, necə deyərlər, bədii məsuliyyətdən asanlıqla sığortalana bilir. Bədii istedad çatışmazlığından əziyyət çəkən tərcümə yazarı bu cür sığortalanmanı göydəndüşmə bir yaradıcılıq fürsəti kimi dəyərləndirir və müəyyən mənada haqlı da görünür. Ancaq burası da var ki, Oxu ayələrinin qəbul olunmuş bu və ya digər təfsirləri ümumilikdə bəlli çərçivəyə salınmış bir etiqad məsələsi kimi qavranıldığına görə tərcümə müəllifi üçün bu, çox zaman yaradıcı düşüncəni buxovlayan bir amilə çevrilir. Yanlış anlaşılmasın deyə vurğulamaq istərdim ki, söhbət heç bir halda tərcümə xətalarından deyil, sadəcə tərcümə acizliyindən gedə bilər. Başlıca səbəb isə Quran təfsirlərilə bağlı gəlişmiş, bir növ toxunulmazlıq statusu qazanmış ənənələrlə bağlıdır. Və məhz bu ənənələrdir üzərində zamansızlıq statusu olan Oxunu ötən zamanların girovluğunda idrakla oxumaqdan saxlayan...

Ayələr Tanrı zamansızlığının anımsal dərkinə impulslar verən məqamlarla yüklüdür. Məsələn, insanların qiyamət günü taleyinə aid təqdim olunan epizodların qrammatik zamanı bəzən feillərin həm indiki-gələcək, həm sadəcə gələcək, həm də keçmiş zamanında verilir. Ənənəvi dindar şüurunda isə qiyamət gələcəkdə baş verəcək bir olaydır. Ayələrdə səslənən imana çağırışlarda da bu yer alır. Dindar insan gələcəkdə Rəbbimizdən umduğu Ali Qurtuluşa - cənnətə varmaq naminə imanını kamilləşdirərək ruhunu saflaşdırmağa indiki zamanda borclu bilinir ki, gələcək zamanda qarşılıq ala bilsin. Hakimliyi yalnızca Tanrı hökmündə olan din günü - xeyirlə şərin, yaxşıyla yamanın, gerçəklə yalanın tam və mütləq ölçüdə saf-çürük ediləcəyi günə aid təsvirlərdə isə bizim alışdığımız zaman kateqoriyaları iç-içə verilir.

Xeyli sayda misalların bir neçəsi ilə yetinək: "O gün ki, hərəkətə gətiririk (yaxud gətirərik) dağları, yer üzünü kələ-kötür görürsən (yaxud görərsən). Toplamışıq insanları bir yerə, onlardan heç kimi buraxmamışıq. Rəbbinə cərgə-cərgə təqdim olunmuş onlar. "And olsun, biz sizi ilk dəfə necə yaratmışıqsa, eləcə də gəlmisiniz hüzurumuza. Sizsə elə sanırdınız sizdən örtü bir vədə bəlirləmərik". Yazı qoyulmuş ortaya. Bu yazıda nə varsa, ondan qorxu keçirən görürsən suçluları, deyirlər: "Vay bizim halımıza, bu nə yazıdır belə, xırda-iri nə varsa heç nəyi buraxmamış, hər nəsnənin hesabını aparmış!" Gördükləri işləri çıxmış qabaqlarına. Haqsızlıq eyləməz Rəbbin kimsəyə" (18, 47-49); "O gün biz onları tərk eylədik, dalğalanırdı bir-birinin içində onlar. Sur çalındı, cəm eylədik onları hamılıqla bir yerə. Və o gün cəhənnəmin hər üzünü göstərdik dananlara" (18, 99-100).

Bu ayələrdən göründüyü kimi, bizim zaman ölçümüzə görə gələcək olay - "o gün" əsasən indiki-gələcək və keçmiş zamana aid verilir. Ənənəvi açıqlama və təfsirlərdə bir qayda olaraq bu məqamın üzərindən keçilir, qrammatik keçmiş zaman gələcək zamanla ifadə olunur, yaxud bunun gələcək zaman kimi anlaşılması təlqin edilir. Və bununla da ağıllı oxucu Tanrı qatındakı zamansızlığın anımsal dərki üçün ayələrin verdiyi impulsları qəbul etmə zövqündən məhrum olur və mən deyərdim, imanın kamilləşməsi üçün daha vacibi isə bu impulsların mənimsənilməsindən zəruri payını ala bilmir. Fikri bir qədər sadələşdirərək qeyd edim ki, bizdən ötrü qiyamət hələ gələcəkdədirsə, qiyamət gününün - din gününün yiyəsi (1, 4) Tanrıya görə qiyamət həm baş vermiş olan, həm baş verməkdə olan, həm də baş verəcək olan olaydır. Alışqanı olduğumuz mövcud zaman ölçülərilə çərçivələnən insan ağlı bu ulu gerçəkliyi dərk etməkdə acizdir. Fəqət insan ağlı kosmik-ilahi informasiyanın yardımı ilə bu acizliyi dəf etməyə də dəvətlidir. Müqəddəs yazıların mahiyyəti üzrə açıqlanmasının belə bir yardımçı rolu şəksizdir.

Oxu ayələrinin bir qismi uzaq tarixlərdə məhvə düçar olmuş xalqların, qəbilələrin talelərinə diqqət çəkir. Məsələn: "Adlılarsa məhv edildi şiddətli fırtınayla. Ram edib tabe tutdu O bunu əleyhlərinə fasiləsiz yeddi gecə, səkkiz gün. Və görürsən orada onlar yerə sərilmiş. Andırırlar koğuşlu xurma kötüklərini. Görürsənmi heç onlardan nəysə bir şey qalmış ola?" (69, 6-8). Burada peyğəmbərə müraciətlə "görürsən" ifadəsi işlənir. Hərfi tərcümədə belədir. Keçmişdə baş vermiş bir olayın qrammatik indiki zamanda "görülməsini" anlamaqda çətinlik çəkən tərcüməçilər bir qayda olaraq "görürsən"i "görərdin" kimi təqdim edir və bu sözdən də öncə mötərizə açıb yazırlar ki, "əgər yanlarında olsaydın, yaxud orada olsaydın". Bununla da duyğulu oxucu mətnin orijinalda malik olduğu zamansızlıq anımsallığını dadmaq feyzindən məhrum buraxılır. Rəbbimizin orijinal təqdimatında oxuyuruq ki, çöx-çox illər öncəsində Tanrı qəzəbinə gəlmişlərin halını (yerə sərilmiş) peyğəmbər real olaraq görür. İnformasiya həqiqət olduğuna (surəni adı da Haqq olan) və deməli, gözlə görüləcək qədər gerçək olduğuna görə sanki əlahiddə bir əyaniliyə də iddialıdır ki, Tanrının seçilmiş elçisi hadisənin bir növ real şahidinə çevrilərək baş verənləri görür. Burada söhbət təkcə bəsirət gözündən getmir. Tanrıdan alınan informasiya peyğəmbər qarşısında bir növ ekran görüntüsündə canlandırılır. Tanrı öz elçisini uzaq keçmişə apararaq ona imansızların aqibətinə şahidliyi qismət edir, sonra da qaytarır informasiyanın alınan zamanına və buyurur: "Görürsənmi heç onlardan nəysə bir şey qalmış ola?". Və keçmişlə indi arasında zaman məsafəsi peyğəmbər görümündə yox olur. Zamansızlığın çox sadə bir qrammatik ifadəsi ilə güdülən məqsəd təkcə Qurana xas nəhəng zamansızlıq keyfiyyətini vurğulamaq deyil. Bu keyfiyyət daha qabarıq tərzdə qiyamət gününə aid verilən təsvirlərin, dialoqların təqdimatında üzə çıxır. Məqsəd eyni zamanda çeşidli zamanların bulanıqlar gətirdiyi insan təfəkkürünü duruldaraq əbədiyyət dəyərləri üzərində kökləməkdir.

Rəbbimizin elə fiziki baxımdan bizim gözümüzə sərgilədikləri də var ki, bunlarda Onun təcəllilərini görmək də bəsirət tələb edir. Və bizdən zatən umulan da bu. Çünki insan ilahi təcəlliləri görə-görə gözləri işığa açılır, Tanrı nurundan qidalanıb güc alır. "Məgər görməzmi oldunuz, Tanrı necə yaratmış yeddi göyü bir uyarlıq içində. O göylərin içində Ayı aydınlıq eyləmiş, günəşi qəndil. Tanrı sizi bir bitkitək yerdən bitirmiş. Yenə ora qaytarar da çıxarar sizi gərəyincə. Tanrı yeri sizdən ötrü bir xalı eyləmiş ki, siz oradan yollanasız geniş-geniş yollara" (71, 15-20). Bu ayələrin yaratdığı anımları buraxıram oxucunun öz duyumuna. Qeyd etmək istədiyim odur ki, bəsirət açmağa yönəlik və ayələrdə tez-tez xatırladılan "məgər görməzmi oldunuz" ifadəsi təfəkkürü əbədiyyət dəyərlərinə yönəltməklə yanaşı, elmi təxəyyülün də sərhədlərini genişləndirməyə impulslar verir.

Ona da inanıram ki, ilahi mətnə xas anımsallıq özəlliyinin başqa müxtəlif təyinatları da ola bilər. Güman edirəm bunlardan biri insan yaddaşına müraciətlə müşayiət olunan təlqinlərilə bağlıdır. Yuxarıda qeyd etdim ki, Oxu ayələrdə başqa bir adla da tanıdılır - "Anım". Və bu ad həm də Adəmdən bu yana Rəbbimizin endirdiyi kosmik-ilahi məlumatların ümumi bir adıdır. Ən çeşidli zamanlarda vəhylərin çatdırıldığı insanlar Oxu ayələrində anım əhli deyə tanımlanır (21, 7). Oxu ayələri də daxil bütün vəhylər mahiyyətcə eyni məzmundadır. Və əslində Adəmdən bəri insanlığın yaddaşında bu informasiya bir növ kodlaşdırıldığından bəşər övladına təlqin olunur ki, bu yaddaş kodunu açmağa çalışsın və bununla da kosmik-ilahi məlumatlardan gerçək mənada faydalanmaq imkanı qazansın. Bu imkanı qazansın ki, bədbəxtlik acılarından sığortalana bilsin.

Rəbbimiz Adəmlə Həvvaya dediyi və bütün bəşəriyyətə ünvanladığı xitabında buyurur: "...Kim Mənim anımımdan üz çevirərsə, güzəranı daralar, qiyamət günü də gətirərik toplanışa onu bir kor kimsətək" (20, 123-124). Bu ayələrdə işlənən "Mənim anımım" ifadəsi həm Tanrının özünü anmaq, həm də Tanrının endirdiyi və anım deyə adlandırdığı məlumatlar toplusunu bildirir. Bu ikili mənanın təqdimindən məqsəd onu vurğulamaqdır ki, insan yaddaşındakı anım kodunun açarı ilahi varlıq olaraq təkcə Tanrını anmaqla əldə edilir. Bütçülüyə sapanlar üçün bu kod açıla bilməz təbii. Bəşəriyyət üçün problem yaradan bir gerçək də budur ki, insanların əksəriyyətinın düşüncə və davranışları bütçülüyün ən çeşidli subyektiv məlumatları ilə yüklüdür. Tanrı ilə insan arasında dialoqda pozuntular yaradan bu məlumatların ağırlığı insanın öz yaddaş koduna daxil olmağa əngəl törədir. Bu yaddaş koduna girməkdən ötrü insan təkcə Tanrıya təslimolma halını yaşamalı və məhz bu təslimolma yaşantıları ilə öz fitrətinə qayıdışını təmin etməlidir. Rəbbimiz buyurur: "Tut üzünü dinə sarı təktanrıçı bir kimsətək. Tanrıcıl bir fitrətə ki, insanları bu fitrətdə yaratmış. Başqalaşma ola bilməz Tanrı yaratmasında. Doğru olan din budur. Amma bilməz insanların əksəri" (30, 30).

Başqa bir ayədə oxuyuruq: "And olsun, bilgiləndiz ilk yaranış barədə. Olmazmı xatırlayasız?" (56, 62). Göründüyü kimi, insan ona dəvətlidir ki, vaxtilə ilk yaranışında Rəbbimizdən aldığı bilgini özü üçün aşkarlasın. "Olmazmı xatırlayasız?" çağırışı bununla bağlıdır. Məqsəd onu təmin etməkdir ki, ilk yaranışı haqqında can yaddaşında kodlaşdırılan məlumat insana aşkarlandığında bu, özünün sonrakı yaranış mərhələsinə dair məlumatın yer aldığı yaddaş qatını da açmağa təkan verə bilsin.

Sonrakı, yəni axirət həqiqətlərinə aid məlumata ən açıq yaddaş Tanrı elçilərinin yaddaşıdır. Ayələrdə axirət təsvirlərini, Tanrının göz önünə sərgilənən yaradılış təcəllilərini təqdim edən Rəbbimiz peyğəmbərə deyir: "Di xatırlat. Sən sadəcə xatırladan birisi" (88, 21). Və peyğəmbər hər şeydən öncə ona görə "xatırladan"dır ki, özü həm də tam olaraq xatırlayan birisidir. Çünki onun yaddaşı Tanrının birbaşa nəzarətindədir. Ona görə birbaşa nəzarətindədir ki, kosmik-ilahi informasiyanın ötürülməsi məqamlarında peyğəmbərin - başqa bütün insanlar kimi öləri olan birisinin (40, 30) subyektiv qənaətləri yer almasın.

Əksər insanlara gəlincə isə, onların ilk yaranış sonrasında bütçülüklə paslanmış yaddaşı ilkində olduğu sayaq sonrakında da ayıq və açıq olacaq. Necə ki, Rəbbimiz buyurur: "Elə ki, çilik-çilik oldu yer, sıra-sıra düzülən mələklərlə gəldi Rəbbin, cəhənnəm gətirildi o gün, xatırlar insan o gün. Artıq nə faydası ona yaddaşın" (89, 21-23).

Oxu ayələrinin anımsallığına dair bir nümunəyə də nəzər salaq. Orijinalda ifadə belədir: "Valaqad sarrafnəhu beynəhum liyəzəkkəru". "Sarrafnə"nin bir neçə variantı var: "sərf elədik", "dövriyyəyə buraxdıq", "paylaşdırdıq", "hallandırdıq", "təfərrüatla açıqladıq". Bu sözdən sonra gələn "hu" bitişən əvəzlikdir ki, "onu" mənasındadır. İfadə hərfən tərcümədə bu variantlarda verilə bilər: "And olsun, onu hallandırmışıq/müfəssəl açıqlamışıq/dövriyyəyə buraxmışıq/sərf etmişik onların arasında xatırlasınlar deyə..."(25, 50). "Onu" sözü bir xeyli yerdə Anımı - Oxu mətnini bildirir. Və bu üzdən tərcümə-təfsir-açıqlama müəlliflərinin əksəriyyəti həmin sözü Quran kimi də verirlər. Məntiqli də səslənir, çünki Oxunun insanlar arasında açıqlanmasının başlıca səbəblərindən biri budur ki, endirilən bu informasiya, yuxarıda izah etdiyimiz kimi, həm də yaddaş açmağa yönəlik məzmundadır. Ancaq digər yandan, ifadədən öncəki ayələrdə isə söhbət Allahın yer üzünə tərtəmiz su endirməsindən (yağış tərkibi etibarilə distillə edilmiş sudur - N.Q.), bu su ilə ölü bir diyara həyat verməsindən, insanları və heyvanları içizdirməsindən və s.-dən gedir. Bu kontekstdə açıqlama müəllifi Quran mətni əvəzinə "su"yu da nəzərdə tuta bilər. Belədə isə "sarrafnə"ni "dövriyyəyə buraxmışıq" kimi izah etmək lazım gəlir. Çünki insanların və heyvanların içdiyi su yağış suyu deyil də məhz təbiətdə dövriyyəyə buraxılan su ola bilər. Bəs insanlar nəyi xatırlamalıdırlar? Onu xatırlamalıdırlar ki, insanın ilkin yaranış zamanında Rəbbimiz sudan istifadə etmişdir. Növbəti ayələrin birində belə də vurğulanır: "Odur, sudan bəşər yaratmış da onu həm kişi, həm qadın soylu eyləmiş. Rəbbin qüdrət yiyəsi" (25, 54). Başqa bir sual doğur ki, bəs bu xatırlamanın özü hansı zərurətlə bağlıdır? Bəlkə Rəbbimiz bizi suya qarşı hörmətli davranışa, ətraf mühit məsələlərinə diqqətcil olmağa çağırır?! Hər halda mən subyektiv açıqlama verməyin tərəfdarı deyiləm, tərcih edərdim ki, "onu" sözü olduğu kimi də qalsın, oxucunun öz düşüncəsinə, öz anımsallıq qavrayışına buraxılsın.

Oxu mətninin anımsallığını təmin edən məqamlar sırasında ayrı-ayrı sözlərin də maraqlı yeri var. "Kimin tərəzisi yüngül gələrsə, dibsiz bir uçurumdur anası. Nə biləsən o nə ola? Qızğın-qızğın yanar bir od!" (101, 8-11) ayələrində imansızların axirət taleyinə aid ifadələr işlənir. Bunlarda dinsizin anası od timsallı bir varlıq kimi təqdim olunur. "Dibsiz bir uçurum" orijinaldakı "həvıyə" sözünün bir tərcümə variantıdır. Bu söz eyni zamanda qadın cinsində işlənən sevən varlıq mənasını verir və bu mənada ananın övladına münasibətilə bağlı bir assosiativ fikir də yaradır mətnin orijinalı. Və ana timsallı bu sevən varlıq bir uçurum olaraq da kafir övladı öz ağuşuna alır. Başqa sözlə, Rəbbimiz bu dünyada imansız varlığın pis əməllərini doğurmuş Ana mühitin bir ekvivalentini də axirətdə onun üçün cəhənnəm olaraq daha dəhşətli bir Ana mühit yaratdığını obrazlı şəkildə təqdim edir.

Belə obrazlı təqdimat əslində ilahi təlqinləri gücləndirməkdən ötrüdür. Təəssüf ki, bunlar yalnız diqqətli və düşüncəli oxucu üçün daha yaxşı anlaşıla bilir. Amma onu da etiraf edim ki, tərcümə yenə də acizdir bunların dəqiq ifadəsinə. Məsələn, yuxarıda qeyd etdiyim kimi, ərəbcə "uçurum" sözünü bildirən "həvıyə"- nin başqa bir mənası da qadın cinsində "sevən, istəyən" varlıqdır. Tərcümədə isə həmin söz yalnız uçurum olaraq verilir və ilahi təlqinin obrazlı qavrayışında bir qədər problem yaranır. Amma düşüncəli və diqqətli türkdilli oxucu üçün fərqinə varmaq çətin deyil ki, imansız kimsənin anasının od timsallı varlıq kimi vurğulanması iblisin də oddan yaranmasına işarə kimi səslənir. Yeri gəlmişkən, onu da deyim ki, orta səviyyəli ərəb oxucusu həmin sözü elə sırf uçurum mənasında da anlamağa öyrəncəlidir...

Anımsal dərki əngəlləyən məsələlərdən biri açıqlamalarda bəzi isimlərin zaman anlayışından ayrı tutularaq verilməsidir. Ərəbcədə feillərdən yaranma bəzi isimlər var ki, bunlar yarandığı formasına görə həm hərəkətin yerini, həm də zamanını bildirir. Məsələn, "məscid" sözü mahiyyətcə "səcdə edilən yer və zaman" deməkdir. Müsəlmanlar "məscid"i yalnızca səcdə yeri, bir ibadət məkanı olaraq qəbul edir və bunu zamandan ayrı tutaraq daşdan tikili bir materiyaya bağlayırlar. Halbuki namaz bitdiyində məscid məscidliyindən çıxır, olur adi bir tikili. Bunun hikməti odur ki, tanrıcıl din mənsubları hansısa bir tikilini ibadət yeri olsa belə qüdsallaşdırmasınlar. "Məqrib" sözü də əslində "günbatan yer və zaman" anlamındadır, amma bu da yalnız coğrafi mənada günbatan ərazi olaraq qavranılır. Bu qəbildən olan xeyli sayda başqa nümunələr də var. Diqqət çəkmək istədiyim bir ifadə imansızların cəhənnəm taleyilə bağlı orijinalda işlənən "səət masıran", "bisə-l-masır" ifadələridir. Bunlar başqa dillərə tərcümələrdə "nə pis tale", "necə də pis məskən imiş", "nə pis qalınacaq yer" kimi açıqlanır. Çağdaş ərəbcədə adətən "tale" bildirən "masır" sözü mütləq mənada "olmaq yeri və zamanı" anlayışını içərir. Yeri gəlmişkən, bu sətirlərin müəllifi yeni tərcümə variantında həmin anlayışı "olacaq" sözü ilə ifadə etmişdir. Ana dilimizdə "olacaq"ın həm tale, həm də gələcək zamanda baş verəcək mənası ilə yanaşı, gözəldir ki, eyni zamanda içində qalmaq üçün yer anlamı da var. "Koroğlu" dastanında Alı kişi oğlu Rövşənə deyir: "İndi özümüzə bir olacaq, atlarımıza da bir tövlə tikək". Təbii ki, müqəddəs mətnin başqa dillərə tərcüməsində bu qəbildən bədii ekvivalentləri nadir hallarda əldə etmək olur.

Musa peyğəmbərə aid qissələrdə bəzi ayələrə də nəzər salaq: "Və qaldırdı onu Fironun ailəsi. Ki, düşmən düşsün, kədər gətirsin onlara o. Firon, Həmən, əsgərləri yanılırdılar. Fironun qadını dedi: "Mənim də, sənin də gözümüz aydın olsun! Onu öldürməyin, bəlkə bizə faydası oldu onun, ya bəlkə onu oğulluğa götürdük". Duymurdular" (28, 8-9). Burada "qaldırdı" ifadəsi ikimənalıdır. Bir tərəfdən söhbət körpə ikən Tanrı vəhyinin diktəsilə doğmaca anası tərəfindən sandığın içinə salınaraq dənizə atılan Musanın sudan götürülüb qaldırılmasından gedir, o biri tərəfdən Musanın sarayda yüksək məqam sahibliyinə qaldırılmasına da işarə edilir. İlk cümlənin sonrakı ilə səbəb bağlılığı məntiqsiz görünə bilər, yəni Firon ailəsi Musanı özlərinə düşmən kəsilmək, başağrısı etmək üçünmü xilas etdi, sudan qaldırdı və yüksək məqamlara çatdırdı? Əslində isə "ki" bağlayıcısının ifadə etdiyi cümlələrarası səbəb əlaqəsi adi qrammatik məntiqdən kənar olaraq qiyabən Tanrı iradəsini əks etdirir və əslində onu bildirir ki, hadisənin gedişi tam olaraq Tanrı istəyincə və ssenarisi ilə baş verir. Yəni Firon ailəsi Musanı Tanrı ssenarisi ilə qaldırır ki, sonradan Musanın elçilik missiyasına aid nəzərdə tutulan ilahi planda Firon ailəsi də layiq olduğu cəzanı alsın. İlahi ssenarilə Musanı sudan qaldıranlar axırda suda da boğulurlar və bununla onlar "pis olacağı" haqq edərək bu ssenaridə özlərinə aid tamamlayıcı rolu başa çatdırmış olurlar.

Növbəti ayədəki anımsal bir obrazlılıq nümunəsi də maraqlıdır. Rəbbimiz buyurur: "Musanın anası ürəyi boşalmış açdı səhəri. Qəlbini möhkəmcə bağlamasaydıq ki, inanan kəslərdən ola, az qalmışdı açıb deyə xəbəri" (28, 10). Məlumatlı oxucu bilir ki, yəhudilərin kökünü kəsməkdən ötrü yenicə doğulan oğlan uşaqları Fironun əmrilə öldürülməli idilər. Öz körpə oğlunu suya atmaqla dərdli ana onu edamdan xilas edirsə də taleyindən nigarandır. Və Fironun adamları duyuq düşə bilərlər deyə bu dərdini də kimsəylə paylaşa bilməz. Ayədə bədii baxımdan maraqlı görünən kontrast bundan ibarətdir ki, Musanın anası bir tərəfdən ürəyi boşalmış kimi təqdim olunur, o biri tərəfdən dərdini kimsəyə açıb deməsin deyə Rəbbimiz onun ürəyini övladının xoş gələcəyinə iman duyğusu ilə bağlayıb sarıyır. Sarıyır ki, ürəyini başqasına boşaltmasın. Yəni Allaha təvəkkül etdiyindəndir və başqası ilə deyil, məhz Allahla dialoq içində olduğundandır ki, ehtiyacı da qalmamış dərdini kiməsə deyə və ürəyini boşalda. Musanın anasının ürəyi hamıya bağlıdır, imanla sarınıb bağlandığına görə isə təkcə Rəbbinə açıq. Nümunə kimi gətirdiyimiz ayədəki hikmətin anımsal dərki burada bədii obrazlılıqla təmin olunur.

Yuxarıda işarə etmişdim ki, müqəddəs mətnin anımsal dərkinə əngəl törədən səbəblərdən biri ənənəvi təfsirlərdəki müəllif müdaxilələrilə birbaşa bağlıdır. Məsələn, sözbəsöz tərcümədə bu ayəni oxumağa çalışaq: "Və Rəbbinə qulluq eylə ta sənə yəqinlik gələ" (15, 99). Başqa dillərə tərcümələrdə əsasən ayə təxminən belə açıqlamalarla təqdim olunur: "Rəbbinə ölüncəyənədək ibadət et"; "Qiyamət saatı gəlincəyədək Rəbbinə ibadətdə ol" və s. Mətnin orijinalında yer almayan "ölüm", "qiyamət saatı" sözlərinə istinadən verilən şərhlər təbii ki, çeşidli anımlara açıq olan Oxu məntiqindən deyil, izahların stereotipləşdirilərək inhisara alındığı hədislərdən götürülmədir. Əslində "yəqinlik" sözü oxucuya nə aşılayacaqsa, bu, fərdi səviyyədə baş verməlidir. Nümunə olaraq gətirdiyim ayə şəxsən məndə belə bir qənaət yaradır ki, sən Rəbbinə nə qədər qulluq edirsənsə, bir o qədər də öz imanında yəqinlik hasil edə bilirsən, yəni Tanrıya ardıcıl qulluq imanın kamilləşməsi üçün başlıca təminatdır. Yaxud bir başqası özgə cür düşünə bilər: Tanrıya qulluq etdikcə yəqinlik hasil edirsən ki, Tanrıdan uğurlu qarşılıqlar alacaqsan. Və s. və i.a.

Düşünürəm, yaxşı olardı ki, oxucu düşüncəsini donuq saxlamaqdansa hərəkətə gətirmək naminə ilahi mətndəki hikmətlərin ən müxtəlif dərk səviyyələri üçün nəzərdə tutulan təyinatlarından hansılarınınsa üstündən qələm çəkməyəsən. Əslində, obyektiv kosmik-ilahi informasiyanı başqa dilə çevirən müəllif bacardıqca ona çalışmalıdır ki, subyektiv tarixi təfsirləri oxucu duyğusallığına, düşüncəsinə hopdurmaqdan vaz keçsin. Belədə daha yaxşı, çünki əks halda orijinalda dinamizmini onsuz da saxlayan Quranın subyektiv şərhlərilə açıqlama müəllifləri bu dinamizmi əngəlləmək yükünü də öz üzərlərinə götürmüş olurlar. Fikir, emosiya, etiqad özəlliklərini müəyyənləşdirən qənaətlər və s.-nin inhisarçılığı Oxunun məntiqinə sadəcə olaraq tərsdir. Kosmik-ilahi informasiyanın anımsallıq bolluğundan hər insana pay düşür. Rəbbimizin öz buyurduğudur: "...Oxuyun bu Oxudan nə alınırsa..." (73, 20).


Müəllif: Nəriman Qasımoğlu