6 Avqust 2017 20:25
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə məmur övladları ilə bağlı xoşagəlməz hadisələr baş verəndə həmişə bunu düşünürəm: Məmur övladı olsaydım, həyatım necə olardı?

Mənim çevrəm həyatı boyu min dolları bir arada görməyən şəxslərlə doludur. Çoxunun banklara borcu var, bəziləri banklar tərəfindən məhkəməyə verilib, aldıqları maaş isə ayın axırına çatmır.

95 faizi ali təhsil alsa da, istədikləri işdə çalışmır, yüksək qazanc əldə edə, çətin günlər üçün pul toplaya bilmirlər. Ona görə də bir gün zəngin olduğumuz zaman pulla nə ediləcəyi haqqında da geniş təsəvvürlərimiz yoxdur. Xəyallarımızla cibimiz arasında isə qəribə bir uyğunluq var.

Məsələn, heç birimizin ağlına gəlməz ki, bahalı maşın alıb şəhərin işlək prospektlərində “Formula 1” yarışları keçirək. Biz ən yaxşı halda televiziya qarşısında oturub, çayımızı və ya pivəmizi içib yarışları izləyə bilərik. Çünki bizim üçün yol kənarından keçən vətəndaşların taleyi yaxınlarımız qədər əzizdir.

Heç zaman ağlımıza gəlməz ki, bir maşın bəs etdiyi halda, 10 maşın alaq, sonra qarşısında dayanıb İnstaqram üçün foto çəkdirib kasıb-kusuba acıq verək.

Biz “ayağımızı yerdən götürsün” məntiqi ilə az sürülmüş maşınla da qane olacaq adamlarıq. Ən böyük əyləncəmiz də dostlarla həmin maşına əyləşib ya Qubaya, ya da çimərliyə getməkdir. Bir az da imkan olsa, Tiflisə qədər sürə bilərik.

Çünki yoxluqlar içində təsəvvürümüz bundan o tərəf keçə bilmir. Biz heç bir halda bir çay süfrəsinə 500 dollar, ofisiantda isə 100 dollar bəxşiş verəcək pula sahib olmamışıq.

Amma ya məmur övladı olsaydım?

Doğulduğum ilk gündən etibarən heç bir qayğım, dərdim-sərim olmasaydı? İstədiyim arzu anındaca həyata keçsəydi? Maşınları t-shirt kimi dəyişmək imkanım olsaydı? Bu zaman nə edərdim?

Görəsən, bir gün atamın qarşısına keçib mənə təşkil etdiyi bu sərhədsiz imkanı haradan əldə etdiyini soruşardım?

“Dövlətin sənə verdiyi maaş mənim təkcə iki günlük xərcliyimdir, bu sərvətin qaynağı haradandır” deyə sual edərdim?

Atam cavab vermədiyi təqdirdə, qapını çırpıb zənginliyə nifrət edib Qautama kimi həqiqət axtarışına çıxardım?

Cürbəcür maşınlardan, səyahətlərdən, əyləncələrdən, gözəl qadınlardan imtina edərdim?
Etməzdim!

Çünki mən bu cür imkanlarla dünyaya gözümü açsaydım, bütün çevrəm özüm kimi insanlarla dolu olacaqdı. Günümü onlarla birlikdə keçirəcək, “kim daha çox qadına, maşına, restorana sahibdir” deyə yarış keçirəcəkdim. Hazırda nəfəsimizin kəsildiyi qızmar yay aylarında sərin dağ havasının olduğu məkanlarda istirahət edəcəkdim. Əsla və əsla 36 manatla “xoşbəxt olacaq” ailələri görməyəcəkdim. Müalicə olunmaq üçün pul tapmayan vətəndaşları, dərmana pulu çatmayan təqaüdçülərin olduğunu bilməyəcəkdim. Bütün Azərbaycanı özüm kimi zənn edəcək, “dünyaya bir dəfə gəlirik” məntiqi ilə günümü zövq içində keçirəcəkdim. Ən bahalı viskiləri atalarımızın sağlığına içəcəkdim.

Bəli, şübhəsiz ki, belə olacaqdım. Çünki atam mənə gerçəkləri göstərməyəcəkdi.
Amma mən belə olmaq istəyərdim?

Əlbəttə ki, olduqca çətin vəziyyətdə yaşayan bir vətəndaş kimi, bəlkə də, ürəyimin hansısa nöqtəsində, kaş ki, məmur övladı olsaydım deyə düşünürəm. Çünki nəfs daim insanla mübarizədədir. Üstəlik yoxluqlar içərisində təhsilimi artırmaq üçün çəkdiyim əziyyətlər gözümün qabağına gələndə daha çox düşünürəm. Cümhuriyyət arxivlərini almağa pul tapmayanda qədərə üsyan edirəm.

Amma ürəyimin əsas hissəsində daim bir həqiqət döyünür: Mən başqasının, kimsəsizin, kasıbın haqqı üzərində qurulan zənginliyi yaşamaq istəmərəm.


Müəllif: Dilqəm Əhməd