7 Avqust 2017 14:02
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vurğun haqqında Allah bilir neçənci dəfə baş tutan bu müzakirələri heyrətqarışıq ikrah hissi ilə izləyirəm. Əslində, bizim ictimai düşüncəmizin bir bəlası bütün bu polemikalarda özünü göstərir.

Bizim sadəcə rasional münasibətimiz çatmır. Dövrü öyrənmirik, sənədləri oxumuruq, araşdırmırıq. Səməd Vurğunu tənqid eləmək üçün şairdən şeir deyirik, şeir də başqa şairin olur. Repressiya prosesini də anlamırıq. Azərbaycan poeziyasının Səməd Vurğundan əvvəlki və sonrakı dövrünü təhlil etmirik. Mürəkkəb bir dövrü hardansa eşitdiyimiz iki nağılla təhlil etməyə çalışırıq. Repressiya dövrünün nə qədər qlobal mahiyyət daşıdığını və nəyə xidmət etdiyini anlamırıq. Bunları anlamadığımıza, bilmədiyimizə, araşdırmadığımıza görə günah Səməd Vurğunda qalır. Və inanmıram dünyada hansısa bir şair ölümündən 61 il sonra bu qədər təftiş edilsin. Özü də bu qədər nadanlıqla, özü də bu qədər insafsızlıqla…

Heç sovet quruluşu, onun repressiya illəri belə bu qədər yamanlamır. Fərqindəsinizsə, hətta Mir Cəfər Bağırov bu qədər tənqid olunmur... Stalin Səməd Vurğun qədər tənqid olunmur. Ortaya belə bir nəticə çıxır. Elə bütün günah Səməd Vurğunun üstündə imiş.

Səməd Vurğundan sadəcə repressiya gözləyirik. Başqa variantımız yoxdur. Gərək güllələnəydi. O zaman indiki təftişçilər rahat olacaqdı. Sağ qaldığına görə şair günahkardı... Və elə düşünürəm ki, Səməd Vurğuna qarşı bu münasibətin kökündə elə repressiyaların mahiyyətini yaxşı anlamamaq dayanır. Səməd Vurğun da çox asanlıqla repressiya oluna bilərdi. Repressiya üçün səbəb axtarmırdılar. Bəziləri deyir ki, Sovet rejiminin tələb etdiyi şeirləri yazdığına görə Səməd Vurğun xilas oldu. Məgər bu şeirləri repressiya olunanlar yazmamışdımı? Misal üçün Mikayıl Müşfiqin də sovet ideologiyasının təsiri altında yazılmış şeirləri yoxdurmu? Mən əminəm ki, Müşfiq sağ qalıb, Səməd Vurğun repressiya olunsaydı, bu gün Səməd Vurğuna münasibətdə olan təftişçilik meyilləri eyni dərəcədə Mikayıl Müşfiq üçün də olacaqdı.

Sovet repressiyasını "böyük terror" adlandırırdılar. Bu ad çox yerinə düşür. Terrorun məqsədi qorxu yaratmaqdır. Repressiyalar da bu məqsədə xidmət edirdi. Ən inamlı kommunistlər bu prosesdə məhv edildi. Məqsəd isə kütləvi qorxu hissini yaymaq idi. Onlar buna nail oldular. Bilmədikləri isə insanların 70 il sonra da onlara inanmaları idi. Doğrudan da, bir çox fəhmsiz insanlar guya hansısa şeirinin Səməd Vurğunu qoruduğunu düşünürdülər. Xalq komissarı Orconikidze belə güllələnmişdi. O da qorunmaq üçün şeir yazmalı idi?

Bu yerdə məşhur bir sovet anektodunu xatırlamaq kifayətdir.


Müəllif: Qan Turalı