7 Avqust 2017 16:36
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Tağı ilə çəkdirdiyim bir toy şəklinin mənim üçün çox əziz və maraqlı bir tarixçəsi var. O zamanlardan baxanda məzəli və gülməli görünürdü, ancaq bu gün o tarixçə çox kədərlidi. Demək, şair dostumuz Saday Şəkərli bizi qızının toyuna dəvət eləmişdi. Bir vaxtlar Cəlilabad rayonunda yaşayıb yaradan, ömrünün sonuna qədər zəmanəmizin əyrilikləri ilə barışmayan, kəskin şeirlər müəllifi, əyilməz insan, şair Abbasağanın oğlu isə toyun bəyi idi. Əziz dostum Tahir Kazımlı dedi ki, Rafiq Tağı da bizimlə getmək istəyir, görüşüb bir yerdə gedək.

Dedim ki, mənim yazdırmağa pulum yoxdu, neyləyək? Tahir qayıtdı ki, səs salma, mənim də yoxumdu, ancaq getməsək sabah Saday bizi biabır eləyər. Pulumuz olmasa da nədənsə, həmin gün əhvalımız çox şən idi. Deyə-gülə nəşriyyatdan aşağı düşürdük, Rafiq bəy bizi Elmlər Akademiyasının qarşısında gözləyəcəkdi. Nəhayət, doktor dediyi vaxtda gəlib çıxdı. Xoş-beşdən sonra soruşdum ki, doktor, toya yazdırmağa pulun varmı?(Rafiq Tağının təbəssümü onu tanıyanların yadından heç vaxt çıxmaz). Gülüb dedi, 50 manatım var. Ahaaa, demək, doktor bizdən zəngindi! Tahirə dedim ki, qardaş, mən getmirəm. Soruşdu ki, niyə? Dedim:

- Bizim pulumuz yoxdu, ancaq doktorun varıdı, onunla birgə getsək biabır olacağıq. Doktor pul yazdıracaq, biz də boynumuzu büküb duracağıq? Mən yalnız bir şərtlə gedə bilərəm.

Doktoru maraq bürüdü:

- Ay qardaş, nə şərtdi o, elə?

Dedim ki, doktor, şərtim belədi, üçlükdə gediriksə sən də bizim kimi pul yazdırmamalısan! Doktor gülüb dedi ki, sizin pulunuz yoxdu, əcəb, üçümüzdən birinin pulu olmalıdı, ya yox? Əksinə, heç olmasa birimiz nəmər salmalıyıq. Dedim ki, doktor, elə deyil, sən o əlliliyini üçümüzün arasında bölməlisən ki, toya bərabər hüquqlu gedək. Söhbətin bu yerində Tahiri gülmək tutdu. Ümumiyyətlə, Tahir güləndə onun səsi mənə bütün dərdlərimi unutdurur. Rafiq çox sadəlövh adam idi, əvvəlcə sözlərimi ciddi qəbul eləmişdi, Tahirin gülüşündən sonra ürəkləndi.

Doktor artıq öz əlliliyi uğrunda mübarizəyə girişmişdi. Mən isə onun bu kupyorunun başına oyun açmaq üçün müxtəlif variantlar fikirləşirdim. Doktor dedi ki, qardaş, bu mümkün deyil, mən mütləq nəmər yazdırmalıyam. Dedim ki, doktor, onda gəl, belə eləyək. Sən o əlliliyi üçümüzün də adına yazdır.

Tahir bu yerdə lap uğunub getdi. Doktor dedi ki, Murad, üç nəfərə 50 manat bir az yaxşı çıxmaz axı! Qayıtdım ki,a kişi, şair övladının toyudu, qoy, siyahıya belə düşək, illər keçəndən sonra arxeoloji qazıntılar nəticəsində o dəftər tapılacaq, gələcək nəsillər biləcək ki, üç nəfər ədəbiyyat adamının toya salmağa əllicə manat pulu varmış. İcazə ver, gələcək nəsillər bizim halımızdan agah olsun! Sən onları bu bilgidən məhrum eləmə! Bu yerdə Tahir bəylə yanaşı doktoru da gülmək apardı. Dedi, indi nə demək istəyirsən, gələcək nəsillər bizim halımızı yalnız mənim əlliliyimlə təyin eləməlidi? Qoy, onlar təkcə şadlıq saraylarında yox, zəhmət çəkib ayrı yerlərdə də qazıntı aparsınlar. Dedim, doktor, sənin o əlliliyin bu gün lakmus kağızı kimidi, böyük bir epoxanın halını gələcəyə çox rahatlıqla ötürə bilər. Tahir gülməkdən yaşaran gözlərini silirdi, Rafiqin təbəssümündən işıq saçırdı. Mən ondan əl çəkmirdim. Dedim, doktor, əllilik haqda ayrı təkliflərim də var. Doktor gülməyindən birtəhər ara verib dedi, de görək, o yazığın başına indi hansı oyunu açmaq istəyirsən. Dedim, doktor, mən toyda oynayacam, oynaya-oynaya sizi də oyuna dəvət eləyəcəm, Sadayı da. Onda sən oynaya-oynaya o əlliliyi hamının gözü qarşısında mənə uzadarsan. Qoy, ordakılar elə bilsinlər biz toya kalan gəlmişik. Bu jestlə sən həm də ziyalıların “blatını” qaldırarsan. Arada baş qarışan kimi mən əlliliyi cibimə qoyacam, sonra Sadaya eşitdirəcəm ki, guya əlliliyi xanəndənin qavalına atmışıq. Nəticədə əllilik qalır bizdə, toydan çıxanda da bayaq dediyim qaydada, pulu üç yerə bölərik.

Bu yerdə doktor əlini əlinə vurub bir xeyli güldü. Heç onun belə ucadan güldüyünü görməmişdim. Doktor bir az sakitləşəndən sonra soruşdum ki, necə variantdı? Dedi ki, maraqlıdı, ancaq mən razı deyiləm, çünki toy siyahısında adım olmalıdı. Dedim ki, onda gəl, belə eləyək, sən o əlliliyi ver mənə, qoy məndə qalsın. Stolda Sadayı yanımıza çağıraq, içirdək, mən əlliliyi Sadayın pencəyinin cibinə basıb deyəcəm, qardaş, bu da doktorun nəməridi! Ancaq pulu ovcumda geri qaytaracam, çıxanda yenə üçümüzün arasında bölərik. Bu yerdə doktor bir az fikrə getdi, ancaq Tahir gülməkdən uğunurdu. Birdən doktorda Tahirə qoşulub qəşş elədi. Onlar gülüb qurtardıqdan sonra Tahir dedi ki, Murad, bu variant mənim heç xoşuma gəlmədi. Çünki Sadayın özü də moşennikdi, sən əlini onun cibinə salandan sonra dərhal cibini yoxlayacaq ki, görüm pulu qoymusanmı, mən onu yaxşı tanıyıram, nəticədə üçümüz də biabır olarıq. Doktor Tahirin Saday haqda dediyi “moşennik” sözünə də xeyli güldü. Dedim, yaxşı, doktor, əlliliyi toydan salamat çıxarmaq üçün ehtiyatda ayrı variantlarım da var. Doktor dedi ki, özgə nə təklif eləyirsən? Dedim ki, toyda oynayırıq, mən bir zəif adam tapıb dava salıram. Sonra ara qarışır. Biz də, guya küsüb toydan gedirik.

Toydan küsüb gedən adam da heç vaxt nəmər salmır, vəssalam! Pul qalır üçümüzə! Tahir gülə-gülə dedi ki, bu, əla variantdı. Doktor da gülməkdən qəşş eləyirdi. Nə isə, gəlib toya çatdıq. Üçümüzü də şair dostlarımız Əjdər Ol və Paşa Qəlbinur olan stol arxasında əyləşdirdilər. Biz ətrafa nəzər saldıqca, xanəndələri gördükcə, tamadaya qulaq asdıqca, ortalıqda hərlənən Sadayı gördükcə bayaqkı söhbətləri xatırlayb gülürdük. Şəkilçəkən bizə yaxınlaşanda, deyəsən, Tahir foyedə siqaret çəkməyə çıxmışdı. Dedim ki, doktor, ölüm-itim dünyasıdı, gəl, bir şəkil çəkdirək. Bu şəkil həmin o xoş gündən bir xatirədi. Toydan sonra doktor mənə dedi ki, ömrümdə bu qədər gülməmişdim. Onu çox istəyirdik...

Heyf doktordan!!!

28.10.2013


Müəllif: Murad Köhnəqala