8 Avqust 09:15
1 278

DİN və Baş Prokurorluğun Əli Həsənovun nəvəsi ilə bağlı birgə yaydıqları açıqlamada önəmli bir ifadə var: “Öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən məmurlar...”

Son hadisə göstərdi ki, məmurlarla yanaşı, onların himayəsində olan bəzi deputatlar da açıq şəkildə cəmiyyətə hörmətsizlik edə bilirlər.

Gördük ki, Azərbaycan xalqı qarşısında bir dəfə biabır olub üzr istəyən deputat Astan Şahverdiyev ikinci dəfə açıq şəkildə məmur ailəsini himayə etmək üçün yalan danışa bilir və heç bir məsuliyyət hissi duymur.

Gördük ki, zamanında parlamentdə qaçqınları təhqir edən keçmiş deputat Etibar Hüseynov Feysbukda açıq şəkildə körpə uşağı necə öldürməyin yollarından danışa bilir.

Gördük ki, cəbhədə düşməni qurban kəsməli olduğu halda övladlarını vəzifəsi üçün qurban vermək istəyən generallar var.

Gördük ki, illərlə mətbuatı saymayıb, amma nazir vəzifəsindən azad edilən kimi ilk fürsətdəcə mətbuat səhifələrinə qaçanlar var.

Bu adamlar unudurlar ki, bir zamanlar cəmiyyətə açıq hörmətsizlik edən, jurnalistlərlə qeyri-etik davranan keçmiş həmkarları indi ya həbsdədirlər, ya da vəzifələrindən qovularaq bir küncə atılıblar.

Onu da unudurlar ki, vəzifədə olarkən hüquqi dövlət anlayışından danışmayıb, ilk çətin vəziyyətdə qanuna, hüquqa sarılanda gülünc vəziyyətdə görünürlər.

İllərdir bu barədə yazıldı, sosial şəbəkələrdə qınanıldı, dövlət başçısı tərəfindən dəfələrlə xəbərdarlıq edildi, amma onlar yenə də zövqlərindən əl çəkmədilər.

Nəticəsi nə oldu?

Prezident heç birini bağışlamadı, bugünkü açıqlamadan da, görünür ki, indən belə də bağışlamayacaq.

Ona görə də bəzi məmurlara iki tövsiyəm var:

- Övladlarınızı, nəvələrinizi halal maaşınızla böyüdün ki, başlarına bir iş gələndə açıq hörmətsizlik etdiyiniz cəmiyyətdə 3-5 adam təəssüflənə bilsin.

- Elə edin ki, bir çoxunuzun övladları haqqında formalaşmış “harınlamış məmur övladı” ifadəsi tarixə qarışsın.

Vəzifədə olan şəxslərin ailə üzvləri media və ictimaiyyət üçün həmişə maraq kəsb edib. Bunu nə mediaya qadağan etmək olar, nə də ki məmurlar yasaqlaya bilərlər. Ona görə də vəzifəli şəxslər ailə üzvlərini örnək insanlar kimi böyütməlidirlər.

Məsələn, bu yaxınlarda kiçik bir partiyanın sədrinin övladlarının Türkiyədə qazandıqları uğur günlərlə mediada, sosial şəbəkədə müzakirə edildi, təriflənildi, qürur duyuldu. Çünki millətimiz yaxşıya “yaxşı” deməyi bacarır. Necə ki, bir çox vəzifəli şəxslər, millət vəkilləri və onların ailə üzvləri cəmiyyət tərəfindən dəstəklənir, rəğbət göstərilir.

Bu baxımdan bugünkü açıqlamadan sonra cəmiyyətin önündə olan, müxtəlif vəzifələr daşıyan şəxslər bilməlidirlər ki, açıq və ya gizli şəkildə bu millətə hörmətsizlik edilməməlidir.

Əks halda ya özləri qurban vəziyyətə düşəcək, ya da ki övladlarını qurban vermək üçün yarışacaqlar.


Müəllif: Dilqəm Əhməd