16 Avqust 16:24
694

Futbolla çox maraqlanmasam da, həmişə vətəndaşlarımızın sevincinə şərik olmağa çalışıram.

Dünən də Feysbukdakı axına qoşulub hər kəs kimi “Qarabağ”ın qələbəsinə sevindim, növbəti mərhələyə keçməsi üçün uğurlar arzuladım.

Sosial şəbəkədə bir məsələ diqqətimi çəkdi.

Əksəriyyət Qurbanovun mükafatlandırılmasını, hətta “Şöhrət” ordeni verilməsini istəyirdi. Bununla bağlı dünən axşam belə bir fikir yazdım: “Qurbanova şöhrət ordeni, milli qəhrəman adı istəyirlər. Əslində, düzgün deyil. Qurbanov sadəcə vəzifə borcunu layiqincə yerinə yetirən bir vətəndaşdır. O qədər lazımsız adamlar iş başındadır ki, kimsə uğurlu iş görəndə gözümüzdə qəhrəmana çevrilir”.

Doğrudur, biz asiyalıların qəhrəman arzusu min illərdir var. Önümüzdə bir qəhrəman, lider olmadığı təqdirdə irəliyə doğru getməyi təsəvvürümüzə sığışdırmırıq. Ona görədir ki, elm aləmində də Lütfi Zadənin timsalında okeanın o tayından qəhrəman axtarırıq. Halbuki, normal imkanlar təşkil edildiyi halda, xalqımızda neçə Lütfi Zadənin yetişəcəyi potensial var.

İllərdir bir çox sahələrdə qəhrəman tapsaq da, futbol yarışında bu fürsət əlimizə düşməmişdi. Qurbanov sanki bu boşluğu doldurmağa çalışdı, son bir neçə ildə hər kəsin qəhrəmanına çevrildi. O, Azərbaycan futbolunda yeni mərhələnin əsasını qoydu, bir gün klublarımız Avropada kubok qaldıranda tarixçilər onu yada salacaqlar. Qurbanov cığıraçan oldu, indən belə bu yolu daha da genişləndirmək həm futbolçuların, həm məşqçilərin, həm də dövlətin üzərinə düşür.

Qurbanovun və “Qarabağ”ın uğuru mənim üçün sadəcə bir idman yarışında qazanılan uğuru ehtiva etmir.

Yuxarıda söylədik ki, asiyalı olaraq bir qəhrəmana ehtiyacımız var. Amma Qurbanov bizi hara aparmaq istəyir? Avropaya!

Bizim futboldakı ən böyük arzumuz bu oyunun beşiyi olan Avropada yarışmaqdır. Avropanın tanınmış klubları ilə ən azından üz-üzə gəlib tarixə düşməkdir. Biz “Qarabağ”ın bayrağını tanınmış klublar içində görmək, futbolçularımızın Avropa stadionlarında qol vurmasını istəyirik. Çünki biz gerçək futbolun orada olduğunu bilirik. İllərdir başqa ölkələrin azarkeşliyini edən bizlər, indi vətənimizin bir klubunu dəstəkləmək istəyirik.

Çünki biz asiyalı olsaq da, bir həqiqəti dərk edirik ki, gerçək rəqabət Avropadadır. Gerçək uğurlar Avropadadır. Azərbaycan musiqisi Avroviziyada qələbə qazananda da buna sevinməyimizin əsl səbəbi bu idi. Yoxsa, musiqimizin möhtəşəmliyinin isbatı üçün hər hansı bir yarışmaya qatılmağa ehtiyac yox idi. Amma əsl rəqabət dünyasının, tanınmanın məhz o səhnə olduğunu bilirdik.

Qurbanov da “Qarabağ”la birgə bizi əsl meydanlara aparır. Dünənə qədər o meydanlar bizə sadəcə televiziya ekranlarından gələn bir xoşbəxtlik idisə, bu gün bizim də ayaqlarımızın dəyəcəyi bir meydan olma ehtimalına görə daha da sevindiricidir. Bu, ehtimalın özü belə gözəldir. Gerçək olduğu təqdirdə isə millət olaraq özümüz də Avropaya bir addım yaxınlaşacağıq.

Məhz buna görə Qurbanova təşəkkür edirəm.


Müəllif: Dilqəm Əhməd