8 Sentyabr 2017 13:11
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağacdan magistral yola düşən piyadadan necə qurtulmalı?

Proloq əvəzi

Bu qeydləri şəxsən rastlaşdığım faktlar əsasında təxminən 4 il əvvəl yazmışdım. Səsləndirdiyim fikirlərin hələ də öz aktuallığını saxladığını görüb, cüzi redaktə və əlavələrlə yenidən oxucularıma təqdim etmək qərarına gəldim

“Öz cəzandır, çək, Balaş?”

Heç kəs qanundankənar vəziyyətə düşəcəyindən sığortalannmayıb. Yəni “xətasız qul olmaz”-deyiblər. Ardı-arası kəsilməyən və cəmiyyətdə böyük narahatlıq doğuran yol-nəqliyyat hadisələri də insanların xətası, səhvi ucbatından baş verir və nəticəsi də çox ağır, faciəvi sonluqla bitir. Bəzi qəzalar bütünlüklə bir ailənin məhvinə səbəb olur, digərləri isə onu törədənlərə ömürlük peşmançılıq bəxş edir.

Yol-nəqliyyat hadisələri baş verərkən başlıca problemlərdən biri də onun səbəblərinin obyektiv araşdırılmaması, yaxud araşdırmanın yekununda ədalətsiz qərar çıxarılması ilə bağlı olur. İndiki halda

cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər maşınla piyada vurulbsa və aldığı xəsarətlərdən dünyasını dəyişibsə, sürücü mütləq tutulmalı, həbsə atılmalıdır. Deyəndə ki, bəlkə günah piyadada olub, insafən bəziləri razılaşır. Amma razılaşmayanların da özünəməxsus arqumenti olur: “Bəlkə yola çıxan piyada ruhi xəstə imiş, bu səbəbdən də sürücü öz sayıqlığını itirməməli, necə olursa-olsun qəzadan yayınmalı idi. Ona görə də öz səhlənkarlığının cəzasını çəkməlidir...”

Məsələyə bu prizmadan yanaşanda belə çıxır ki, məsələn, saatda 110 kilometr sürətlə şütüməyə icazə verilən magistralda az qala ağacdan qarşısına bir piyada düşsə belə, sürücü anında avtomobili saxlamalı və onu vurmamalıdır. Amma necə, hansı üsulla, bunun mətləbə dəxli yoxdur.

Vurdunsa, ilk növbədə həbsxananı gözünün qabağına gətirməlisən. Ya da gərək hadisənin səbəbini araşdıran müstəntiqlə dil tapıb, ilk növbədə piyadanın sərxoş olması barədə daşdan keçən ekspert qərarı düzəltdirəsən ki, işin nisbətən yüngülləşsin. Yox, bu hələ hamısı deyil. Zərərçəkənin qohumları da sürücüdən şikayətçi olmamalıdırlar, əks təqdirdə məsələnin həlli mürəkkəbləşəcək. Halbuki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə əsasən yalnız istismar qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törədən sürücülər məsuliyyətə cəlb olunmalıdır. Onları törətdikləri cinayətlərin ağırlığından asılı olaraq beş min manat cərimədən on ilədədək həbs gözləyir. Əgər yol-nəqliyyat hadisəsi sürücünün günahı ucbatından baş verməyibsə, o heç bir halda məsuliyyətə cəlb oluna bilməz.

“Yox, buraxın məni, vallah, mən şahid deyiləm!”

Yol-nəqliyyat hadisələrinin araşdırılmasına şahid qismində cəlb olunan şəxslərə qarşı edilən haqsızlıq, onların süründürməçiliyə salınması sonda hər bir şəxsi şahid olmaqdan çəkindirir. Onlar “nəyimə lazımdır ağrımayan başıma dəsmal bağlayım?-deyə şahidlikdən birmənalı şəkildə boyun qaçırırlar. Mən hələ maşınla vurularaq köməksiz qalan piyadaları təsadüfən ordan keçərkən görən və təmənnasız şəkildə xəstəxanaya gətirən adamların üzləşdikləri haqsızlıqları demirəm. Hətta avtoqəzalar zamanı xəsarət alanları xəstəxanaya aparmaqdan boyun qaçıran neçə-neçə sürücü ilə rastlaşmışam. Dəlilləri də bu olur ki, qardaş, mən o yaralını xəstəxanaya apardımsa, avtomatik olaraq, hadisənin şahidi sayılıram. Bu isə mənim üçün lüzumsuz vaxt itkisi və başağrısı deməkdi. Salacaqlar get-gələ. İşi araşdıran müstəntiq deyəcək, belə ifadə ver, zərərçəkən tərəf deyəcək bu cür ifadə ver, təqsirkar da təbii ki, onun xeyrinə danışmağımı istəyəcək. Qalacam 3 od arasında.

Odur ki, ən salamatı hər şeyə göz yummaq daha yaxşıdı. Vicdanın ağrısa belə...

Qanun qarşısında hamı bərabər olmalıdır

Bir məsələyə də diqqət çəkmək istəyirəm. Yol hərəkəti qaydalarının pozulması həyat üçün ciddi təhlükə yaratmaqla bərabər, birmənalı şəkildə həm qanunun aliliyinə, həm də dıgər hərəkət iştirakçilarına qarşı açıq-aşkar hörmətsizlikdir. Ona görə də qaydanı pozanlar tutduqları vəzifədən və malik olduqlatrı statusdan asılı olmayaraq, Konstitusiyamızda təsbit olunduğu kimi, qanun qarşısında hamının bərabər olduğunu dərk etməlidirlər. Yol patrul xidmətinin əməkdaşları da belələrini görəndə qəsdən özlərini görməzliyə vurmamalı, “səhvən” saxladanda da üzrxahlıq edib, “bağışla, tanımadım”-demək əvəzinə, məsuliyyətə cəlb etməlidirlər. Belə avtomobillərin qaydanı pozarkən radara, yaxud müşahidə kamerasına düşən foto və videogörüntülərinin heç bir inzibati tədbir görülmədən silinməsinə də son qoyulmalıdır. Bax o zaman bütün sürücülərdə qanununu aliliyinə inam formalaşacaq və heç kəs qaydaları pozmağa cürət etməyəcək. Əks halda, cərimələr nə qədər artırılır-artırılsın, yol-nəqliyyat hadisələrinin çoxalmasının qarşısı alınmaz olacaq.

“Pərdələr niyə endirməlidir?”-cavabı müşkül olan sual

Məncə, indiki halda, avtomobillərin arxa qapılarının pəncərələrinə vurulan pərdələrin istifadəsinə müddətlə icazə verilməsi absurddur. Pərdə qadağası nə üçündür, ümumiyyətlə? Əgər hər hansı cinayətkarın bu pərdə arxasında gizlənə biləcəyi ehtimal edilirsə, o zaman belə çıxır ki, pərdədən istifadəyə icazə verilən müddətdə cinayətkarlar meydan sulamaq imkanı qazanır, amma mövsümi müddət bitəndən sonra pərdə arxasında yox, başqa yerlərdə gizlənirlər?

Radar, yoxsa ov tələsi?

Yol hərəkəti haqqında Qanunda edilən yeni dəyişikliklərə görə, sürəti müəyyənləşdirən radar yolun hansı hissəsində quraşdırılsa, ondan ən azı 150 metr qabaqda mütləq radar işarəsi, yaxud sürətı məhdudlaşdıran yol işarəsi qoyulmalıdır. Amma təəssüf ki, Bakı-Şamaxı yolunda qanunun bu tələbinə düzgün riayət olunmur. Məsələn, yolun təxminən 5-ci kilometri başlayanda sürəti məhdudlaşdıran cəmi bir işarə ilə rastlaşırsan. İşləri asan olsun deyə altında da 10 kilometr sözü yazıblar Yəni bu işarə 10 kilometr yola şamil olunur. Vəssalam, bundan sonra yolda sürəti məhdudlaşdıran bir dənə də olsun işarə yoxdur. Yolun bu 10 kilometrlik məsafəsində radar qurub, “ov” gözləyən yol patrul xidmətinin əməkdaşlarının əlində də yeganə arqument məhz 10 kilometrlik yolun başlanğıcında vurulmuş həmin yeganə işarədir. Gəl indi onlara öz haqqını sübut elə. İsbatla ki, qanunda açıq-aydın, ağ üstündə qara şriftlə yazılan budur ki, radar qurulan yerdən ən əzı 150 metr məsafədə radar işarəsi, ya da sürəti məhdudlaşdıran işarə olmalıdır. Əks halda, belə qanunazidd üsulla radar tətbiq olunması onu həyata keçirənlər üçün vəzifədən sui-istifadə etməkdən savayı bir şey deyil.

Qırğıya bənzəyən DYP avtomobilləri

Həmin yolun təxminən 30-cu kilometrliyində gedərkən görürsən ki, qarşıdan yüksək sürətlə DYP avtomobili şütüyür. Sənə çatar-çatmaz “saxla” işarəsi verib, ardınca əks istiqamətə burulur. Saxlanılma səbəbini soruşanda isə bəlli olur ki, sənin maşının guya sürət həddini aşdığı üçün radara düşüb. “Hansı radara?”-deyə soruşanda “bu maşındakı radara, istəyirsən, gəl bax”-cavabını eşidirsən. Bu DYP əməkdaşları ilə də mübahisə etmək adama yersiz görünür. Çünki bütün halda özlərini haqlı çıxaracaqlar. Halbuki onlar səni saxladan çöllü-biyaban ərazidə nə sürəti məhdudlaşdıran bir işarə , nə də qarşıda radar olmasına dair bir işarə nəzərə çarpır. Ümumiyyətlə, hərəkətdə olan DYP avtomobilində quraşdırıan radardan həmin avtomobil hərəkətdə olarkən istifadə etmək nə dərəcədə doğrudur? Özü də həmin radarlı DYP avtomobilləri sürət həddini aşması iddia edilən avtomobilləri elə tərzdə təqib edirlər ki, deyirsən qırğı ov dalınca şığıyır. Elə verdikləri siqnalların səsi də qırğı səsinə bənzəyir. Sirr deyil ki, belə təqiblər isə çox vaxt faciə ilə nəticələnir.

Xətlərin “ürəyi qırıq” olmasına kimlər dözmür

Bakı-Şamaxı yolunda diqqət çəkən “özəlliklərdən” biri də düppədüz yolda əvvəl çəkilmiş qırıq-qırıq xətlərin üzərindən bütöv xətt çəkilməsi və altda qalan xəttin boyasının daha keyfiyyətli olması səbəbindən xəttin yenidən qırıq-qırıq vəziyyətə düşməsidur. Bu isə əksər sürücülər üçün aldadıcı təsir bağışlayır. Yolun həmin hissələrində qoyulmuş işarələrdən məlum olur ki, əslində burada ötmə əməliyyatı aparılmasına icazə verilbmiş. Sadəcə, görünür, yola ikinci dəfə xətt çəkilərkən kimlərinsə “dəyərli tövsiyəsi” ilə qəsdən bu cür səhlənkarlıq edilib ki, sürücülərlə DYP əməkdaşları arasında mübahisəli vəziyyət yaransın.

Qanunu pozanları sərt cəza gözləyir

Öz vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirən, qanunun aliliyini hər şeydən üstün tutan DYP əməkdaşları da yetərincədir və məhz onların operativ şəkildə həyata keçirdikləri tədbirlər baş verə biləcək onlarla yol-nəqliyyat hadisəsinin qarşısını alıb. Bir sözlə, neçə-neçə insanı təhdid edən həyati təhlükə aradan qaldırılıb. Ölkə Prezidentinin «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» sərəncamı ilə bağlı mütəmadi işlər aparılır, qanun pozuntuları və ziddiyyətlərin aradan qaldırılması yönündə layihələr icra olunur. Çünki həm Daxili İşlər Nazirliyi, həm də Baş Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələrinin minimuma enməsi və ümumiyyətlə heç baş verməməsində maraqlı olan əsas qurumlardır. Xatırladım ki, 4 il əvvəl imzalanmış həmin Sərəncama əsasən ədliyyə və səhiyyə nazirliklərinə müvafiq olaraq məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları və məhkəmə-tibb ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirmək, bu sahədə mövcud olan nöqsanları aradan qaldırmaq və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görmək tapşırığı verilib.

Təhqiqatçılara və istintaqçılara ciddi xəbərdarlıq

Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə olunub ki, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etsin. Baş Prokurorluğa həmçinin, sərəncamda nəzərdə tutulan hərəkətlərin təhqiqat və istintaq orqanları tərəfindən icra olunmasına nəzarət etmək; yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin sağlamlığına yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibb ekspertizası rəylərinin cinayət işinin digər materialları ilə yanaşı, həmin şəxslərlə bağlı təcili tibbi yardım, tibb müəssisələrində müalicə və müayinə sənədləri ilə müqayisəli şəkildə qiymətləndirilməsini, ekspert rəylərinin əsaslılığına şübhələr olduqda təkrar ekspertizaların təyin edilməsini və qanun pozuntusuna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmək; açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin vaxtında, tam və hərtərəfli həyata keçirilməsinə nəzarəti gücləndirmək; yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmək tövsiyə olunub.


Müəllif: Əmrah Fəqanoğlu