15 Sentyabr 08:57

12-14 sentyabr tarixlərində Bakıda “Şərq və Qərb türklüyünün ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda elmi konqres keçirildi.

Açılışı AMEA-da baş tutan konqresin çıxışları ADPU-da oldu.

Konqresə Türkiyənin məşhur türkoloqları, tarixçiləri gəlmişdilər, müxtəlif mövzular ətrafında çıxışlar oldu.

Mühacirət tarixi ilə bağlı tədqiqat apardığım üçün ən çox diqqətimi çəkən professor Bünyamin Qocaoğlunun “Türkiyədəki Azərbaycan: Azərbaycan Kültür Dərnəyi, fəaliyyətləri və “Azərbaycan” dərgisi” adlı məruzəsi oldu.

Tədbirdə qiyabi tanıdığım bir çox türkiyəli alimlərlə şəxsən tanış ola bildim.

Yeditəpə Universitetinin əməkdaşı Əhməd Taşağıl Göytürk dövləti ilə bağlı dünyada tanınan məşhur tarixçilərdəndir. Çin dilini də bilən Əhməd hoca Göytürk abidələrini bilavasitə tədqiq edib, Monqolustandakı qazıntılara rəhbərlik edib. Göytürklərlə bağlı bir neçə kitabın müəllifidir.

Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin əməkdaşı Cəlil Arslan hoca ilə uzun müddətdir Feysbukda tanış idim, dünən tədbirin bağlanışından sonra baş tutan axşam yeməyində canlı söhbət etmək imkanı əldə etdim.

Axşam yeməyində bir çox alimlə də tanış oldum. Qədim türk tarixi, mədəniyyəti ilə bağlı uzun illər əvvəl yazılarını oxuduğum Sadətdin Göməç hoca ilə söhbət edə bildim.

Konqresdə ən çox söhbət etmək imkanım isə Macarıstandan gəlmiş türkoloq alim xanım Eva Csaki ilə oldu.

Macarıstanın Pazmani Peter Katolik Universitetinin əməkdaşı olan Eva xanım türk dilində sərbəst danışır, macar-türk ortaq keçmişi ilə bağlı tədqiqatlar aparır.

Tədbir boyunca Azərbaycanla bağlı bilgilər də toplayan Eva xanımla Macarıstanın dünənki və bugünkü vəziyyətindən danışdıq. SSRİ-nin mövcud olduğu dönəmdə Macarıstandakı sovet zülmündən bəhs edən xanım Csaki 1956-cı il qətliamının uzun illər macar xalqının yaddaşından silinmədiyini, sovet təsirinin o zamanlar elmi dairələrdə hakim olduğunu söylədi. Təsadüfi deyil ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhdlə bağlı Macarıstanda keçirilən tədbirdə Eva xanım bunu 1956-cı ildə baş verən hadisə ilə müqayisə etmişdi.

Onu ən çox təəssüfləndirən isə keçmişdə olduğu kimi indi də iqtidarların tarix elmini yönləndirmələri, öz maraqları çərçivəsində dərsliklərə, kitablara müdaxilə etmələridir. Bu halın hətta Amerikada da olduğunu söylədi.

Eva xanım macarlarla türklərin həm genetik, həm də dil baxımından qohum olduğunu bildirdi. Bununla bağlı bir neçə filoloji misallar da söylədi.

Azərbaycanla bağlı qarşısına çıxan maraqlı detalları bloknotuna qeyd edən Eva xanıma müəllifi olduğum “Mühacirlərin dönüşü” kitabını hədiyyə etdim, Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra Türkiyənin siyasilərimizə, yazıçılarımıza vətən olduğunu söylədim. Mühacirət mövzusu çox diqqətini çəkdi, bununla bağlı mail adresimə suallar göndərəcəyini dedi.

Xanım Csaki Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə də tanış olduğunu, bir türkoloq kimi ona hörmət etdiyini də bildirdi.

Söhbət əsnasında Eva xanıma Azərbaycanla bağlı marağına səbəb olacaq mövzulardan bəhs etdim. Albaniya dövləti məsələsi daha çox diqqətini çəkdi.

Eva Csakinin türk dilində məqalələri internetdə var. Ümid edirəm ki, Azərbaycanla tanışlıqdan sonra türkoloq alim kimi bizə diqqəti çoxalacaq. Bu kimi konqreslərin Bakıda keçirilməsinin ən önəmli tərəflərindən biri də budur.

Ümumiyyətlə, Azərbaycanda elmin inkişafı üçün türkiyəli alimlərin müntəzəm şəkildə AMEA və universitetlərimizlə əlaqədə olmaları vacibdir. Çünki qarşılıqlı əməkdaşlıq tariximizin, mədəniyyətimizin öyrənilməsində önəmli rol oynayacaq.


Müəllif: Dilqəm Əhməd