22 Sentyabr 19:18

Bir ildən çoxdur ki, Türkiyədəki qəzet və jurnal mediasının keçmişini və bu gününü incələyirəm.

Azərbaycanda qəzetçiliyin ölümünə onlayn medianın səbəb olduğu iddia olunur, vətəndaşların mobil telefon vasitəsilə xəbər oxuduğu bir zamanda ənənəvi medianın gərəksizliyi söylənilir.

Həqiqətən, belədirmi?

Türkiyə təcrübəsi üzərindən bu suala müəyyən cavab verməyə çalışacam.

Əvvəla, Türkiyədə jurnal mediası həm yaşa görə, həm də mövzularına görə ixtisaslaşıb. Hətta jurnalların dizaynının, üz səhifədə gedən fotoların və çap edilən kağızın formasına görə də hansı sosial qrupa müraciət etdiyi bilinir. Əlbəttə, ölkə vətəndaşlarının say çoxluğu da bu ixtisaslaşmanı şərtləndirən amillərdəndir.

“Kafa”, “Bavul”, “Ayı” və bu qəbildən olan dərgilər daha çox gəncliyə yönəlib, xüsusən də, sol yönümlü vətəndaşlara xitab edir. Bu dərgilərin üz səhifələrində, adətən, məşhur sənətçilərin, kino, teatr aktyorlarının, şair və yazıçıların fotoları olur, onların həyatlarından materiallar təqdim edilir. Hər dərginin içərisində məşhurların posterləri hədiyyə edilir, eləcə də, redaksiya sərgilərdə jurnala aid aksesuarlar, məsələn, çantalar, əlfəcinlər, böyük afişalar, stəkanaltılar, breloklar, qələmlər və s. satır.

Jurnal kolleksiyaçıları üçün isə hər iki ildən bir yüksək səviyyədə iki illik saylar böyük kitab formasında çap edilir.

Yəni ki, jurnalların təkcə çap səviyyəsi və aksesuarları nə qədər oxucunu özünə cəlb edə bilir. Bizdə isə ədəbiyyat jurnalları ağ-qara a4 kağızda çap olunur, oxucunun alması tələb edilir. Satılmayanda isə vətəndaşlar səviyyəsizlikdə günahlandırılır. Halbuki, hər bir naşir özünə sual etməlidir ki, XXI əsrdə oxucu sənin jurnalını niyə almalıdır?

Bu sualın cavabını mən Türkiyədə ötən ildən etibarən çap olunan “” dərgisində tapdım. Hazırda jurnalın sentyabr sayını oxuyuram və nəyə görə ona 7 lirə (3,5 manat) verdiyimi yazım.

Bir çox jurnalda olduğu kimi, “Tühaf”ın da hər sayında bir neçə səhifə xüsusi mövzuya həsr olunur. Sentyabr sayı XX əsrin ən böyük humanist yazıçısı Stefan Sveyqə ithaf edilib.

Dünənin dünyasını bizə möhtəşəm şəkildə izah edən yazıçının gələcəyin dünyasını qaranlıq görərək xanımı ilə birlikdə intihar etməsi ədəbiyyat tarixində hələ də müəmma olaraq qalır.

“Tühaf” son sayında bu mövzunu yenidən gündəmə gətirərək “Bir intiharın anatomiyası” başlığı ilə psixoanalitik Türkay Dəmirlə müzakirə aparıb. Eləcə də, “Stefan Sveyqin son günləri” adlı romanın müəllifi fransız yazıçı Laurent Seksiklə Sveyqlə bağlı müsahibə alınıb. Eləcə də, Sveyq üzərinə dərgi yazarlarının bir neçə məqaləsi mövcuddur, bu yazılar da yeni baxış olması baxımından çox maraqlıdır.

Məncə, “Tühaf” haqqında yazdıqlarım durumu bir qədər açıqlaya bilir. Bizdə isə jurnallar “Bölgədən səslər” rubrikasını hələ də davam etdirir, sanki bölgə yazarlarının tanınması öhdəliyini götürüblər.

Bizdə jurnallar hər şeylə məşğuldurlar, ona görə də bir oxucu üçün bəzən təkcə bir məqalə maraqlı ola bilir. Jurnallarımızın dizaynı illərdir dəyişilmir, redaktorlar “daha maraqlı dərgini necə təqdim edə bilərəm” sualı ətrafında düşünmürlər. Bəzən isə sadəcə özlərini reklam etməklə məşğul olurlar.

“Tühaf” çox oxucu üçün maraqlı olan mövzunu – intiharı və çox oxucu üçün dahi yazıçı olan Sveyqi mövzu olaraq seçib. Elə Azərbaycan tarixinə nəzər salanda Mirzə Fətəlinin oğlu Rəşid Axundovun, filosof Heydər Hüseynovun intihar etməsinin səbəbləri əslində, hələ də müəmmalıdır. İndiyə qədər bu mövzuları araşdırmaq hansı redaktorun yadına düşüb? Elə dostumuz Mövlud Mövludun intiharı yetərincə müzakirə edildimi? Kimsə onun son bir ildə yazdığı yazıları, hekayələri analiz edib orada intihar elementlərini tapdımı? Türk psixoanalitik “Dünənin dünyası” əsərində Sveyqin intihar elementlərinə yer verdiyini, bununla bağlı hansı cümlələrin yazıldığını bizə təqdim edir.

Qəzet mediasına gəldikdə isə “Hürriyyət” qəzetinin bir neçə gün öncə çap olunan nüsxəsindəki xaraba günə qoyulmuş Hələblə bağlı reportajı insanı qəzet almağa vadar edir. Müharibə bölgəsindən, dağıdılmış evlər arasında bir qəzetin qadın və kişi müxbirinin fotolarına baxdıqda media üçün, oxucular üçün necə zəhmət çəkildiyini görmək olur.

Beləliklə, əslində, qəzet və jurnal mediası Azərbaycanda ölməyib, redaktorlar onu ölü vəziyyətə salıb.


Müəllif: Dilqəm Əhməd