24 Sentyabr 09:55

Bakıdan İstanbula avtobusla 37 saat yol gedəcəyimə görə tabletimə bir neçə Azərbaycan filmi qeyd etmişdim. Dəfələrlə izləsəm də, son zamanlar Azərbaycanda 1930-cu illərdə başlayan kəndli üsyanlarını araşdırdığım üçün “Axırıncı aşırım” filminə bir daha baxdım.

Sovetlərin Kərbəlayı İsmayılı, Qəmbəralını mənfi obrazda göstərmək cəhdlərinə baxmayaraq İsmayılın dilindən səslənən ifadələr (“Abbasqulu bəylə kəsdiyim duz-çörəyi tapdalaya bilmərəm” və s.) uzun illər dillərdən düşmədi. Eləcə də, İsmayıla qarşı qoyulan Abbasqulu bəy Şadlinskinin dilindən deyilən “evin kişisini soruşarlar”, “səni kişi bilirdim” kimi ifadələr 30-cu illərdə Azərbaycanda olan kişilik xarakterinin göstəricisi idi.

Sovetlər iki Azərbaycan kişisini üz-üzə qoysalar da, xalq onların hər ikisini bu günə qədər sevdi. Filmdə kəndlinin dilindən Şadlınski üçün səslənən “bu kişi həmişə bizi xilas edib” ifadəsinin altında nələrin yatdığı o dönəmin tarixini araşdıranlara bəllidir.

Əlbəttə, zaman ötdükcə, tüfəng daha güclü odlu silahlarla əvəz olunduqca kişilik dəyəri də azala-azala getdi. Bir zamanlar Azərbaycan xalqının cəlladlarından Həmid Sultanov Gəncə üsyanının yatırılmasında canla-başla bolşeviklərə xidmət edərək “Gəncədə başı papaqlı bir kişi qoymadım” deyərək qürurlanmışdı. 1937-ci ildə isə sovetlər ziyalıları, zadəganları, aydınları qıraraq bir növ kişilik dəyərini də aşağıladılar.

“Kişilik” deyildikdə qadın-kişi ayrımı etdiyim düşünülməsin. Anadolu türkləri demiş “kişilik” “adamlıq”, “adam ola bilmək” anlamındadır. Bunu da hər kişi və ya qadın bacara bilmir.

Ona görə də cəmiyyətdə həmişə örnək göstərilən kişilər, qadınlar olur. Bu, hansısa milli qəhrəmandan tutmuş məşhur sənətçiyə, siyasətçiyə, idmançıya qədər ola bilər.

Bəs, bu gün cəmiyyətdə hansı kişinin arxasınca gedilməli və ya gedilməməlidir?

Şübhəsiz ki, bu hər kəsin öz dünyagörüşünə, dəyərlərinə uyğun verəcəyi qərardır. Bizim fikrimizcə:

- Bir Azərbaycan kişisi bu yaxınlarda aramızdan ayrılan Lüfi Zadənin arxasınca gedə bilər. Xəyallar ölkəsi Amerikada xəyallarını gerçəkləşdirə, məşhur ola bilər.

- Bir Azərbaycan kişisi Qarabağ futbol klubunun məşqçisi Qurban Qurbanovun arxasınca gedə bilər. Daha güclü olub Çelsini 6:0 udmaq üçün.

- Bir Azərbaycan kişisi Fuad Poladovun, Rasim Balayevin arxasınca gedə bilər. Unudulmaz obrazlar yaratmaq üçün.

- Bir Azərbaycan kişisi Alim Qasımovun arxasınca gedə bilər, muğamı, musiqimizi dünyada tanıtmaq üçün.

- Bir Azərbaycan kişisi Əlisa Nicatın arxasınca gedə bilər, 81 yaşında da qələminə xəyanət etməyib çörəyini qəzet köşələrindən qazanmaq üçün.

- Bir Azərbaycan kişisi Vilayət Quliyevin, Ədalət Tahirzadənin, Ramiz Abutalıbovun, Şirməmməd Hüseynovun arxasınca gedə bilər, tariximizi yaşatmaq üçün.

- Bir Azərbaycan kişisi Mübariz İbrahimovun arxasında gedə bilər, düşməni işğal etdiyi torpaqlarda müvəqqəti yaşadığını hiss etdirmək üçün.

Amma bir Azərbaycan kişisi əsla və əsla bir gəmidə ayaqdan-başa silikonlu çılpaq qızları bir araya yığıb foto çəkdirən, qızlara “yakışıklım, ruhum, aşkım” sözlərini dedirdən neonəsrullahların arxasınca getməməlidir. Mirzə Cəlil, Ömər Faiq və onlarla Azərbaycan ziyalısı bir ömür bu cür din alverçilərinin, qadın düşkünlərinin, elmə (təkamülə) qarşı çıxan cəhalət təbliğatçılarının əleyhinə mübarizə apardılar.

Mən şəxsən bir Azərbaycan kişisinin Feysbukda Türkiyədə heç bir ciddi sosial qrup tərəfindən rəğbət görməyən Adnan Oktar adlı neosnəsrullahı dəstəkləməsini, onun uğrunda canını fəda etməsini görəndə utanıram!

İslamı gözdən salan, dinimizi ələ salan bu adamın arxasınca gedənləri görəndə 1937-də güllələnən din adamlarımızın, məşhur şeyxülislamlarımızın ruhu qarşısında utanıram!


Müəllif: Dilqəm ƏHMƏD