27 Sentyabr 2017 08:58
2 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxınlarda yaraşıqlı oğlum – Barışım yenə xəstələnmişdi. Sinəsi xırıldayır, öskürürdü. Bərk qızdırmışdı, gecəni yata bilmirdi. Atası dedi ki, mütləq xəstəxanaya aparmalıyıq. Sənin yodun, komfran, dərmanın uşağa kar edən deyil. Məndə o bəxt hardaydı uşağım özü-özünə sağala? Mütləq xəstəxanada yatmalıdır.

Həqiqətən elədir. Yanından yel ötən kimi ayağımızın biri xəstəxana yolunda qalır. Uşaq ağxələtliləri görməsə, özünə gəlmir. Gərək əllərinin üstü deşilə, sistem qoşula, yanından on-on beş iynə vurula, bağırsaqları yuyula və s. Hələ bunun üstünə pəhriz yeməkləri: yağsız, dadsız, duzsuz... Narahat, çirkli, infeksiyalı xəstəxana palatalarında da gərək əlini, ayağını bir yerə vurmağa qoymayasan. Amma uşaqdır, neyləsin, oynamaq istəyir, darıxır, ağlayır... Adam da bütün günü uşağı qorumaqdan yorulur, qucaqda gəzdirməkdən yorğun düşür, istəyirsən ki, beş dəqiqə uzanasan, iki dəqiqə yuxu yatasan.

Hava almaq üçün dəhlizə çıxmaq da olmur. Axı, təzə gələn xəstələrdə başqa problemlər olur; biri qrip, biri infeksiyalı, biri öskürəkli... Bütün günü o dəhşətli otağın iyini çəkməyə məcbursan.

Bir də görürsən ki, qapı döyüldü, iynələrin vaxtı gəldi. Barış həkimi görən kimi boynumu qucaqlayır, dəli kimi ağlayır. Amma başqa çarə də yoxdur. Gözəl Barışım! İynə vurulandan sonra yarım saata güclə kiridirəm. Otaqda o tərəf-bu tərəfə qaçıb guya meymun oluram, pişik oluram, it oluram ki, fikri yayınsın, ağrını unutsun.

Artıq günortadır, yatmaq vaxtı gələndə isə bütün xəstələr aeorozol otağına getməlidir. Nəfəsinin açılmağı, bronxlarının təmizlənməsi üçün bu dərmanlı, sodalı su buxarı uşaqlar üçün çox vacibdir. Yoxsa sinəsinin xırıltısı keçmir, öskürək davam edir. Aeorozol aparatı qoşulanda uşaq diksinir, nəfəsliyi ağzında güc-bəla ilə on dəqiqə saxlamalıyam.

Barış ağlayıb dartındıqca ürəyim ağzıma gəlir, ağlayıram, üzülürəm, əldən düşürəm...

Təzədən palatamıza qayıdırıq. Yarım saat heç nə yemək olmaz deyə yenə Barışın başını qatıram. Bu dəfə qoyun, inək oluram, qaz səsi çıxarıram. Yarım saat sonra düyü həlimi qızdırıram, kartof soyutması hazırlayıram. Uşaq qucağımda mətbəxə gedirəm. Görürəm ki, bir topa arvad yığışıb çənə döyürlər. Ədəbsiz, biədəb kəlmələr-zad! Gözucu mənə baxırlar, məndən nəsə deyib qımışırlar. Uşaqlarını dəhliz boyu özbaşına buraxıblar. Biri tualetə girir, biri yerə yıxılır, biri əlini döşəməyə sürtüb ağzına soxur... Arvadlar Barışı tutmaq istəyirlər ki, işimi rahat görüm, yeməyi rahat isidim. Amma razılaşmıram. Nə də Barış onların qucağında durmağa həvəsli görünür.

Otağımıza qayıdıram, Barışı məcburi yedizdirirəm. Onun da yolları var. Uşaq xəsətxanada iştahasız olur, amma neyləmək olar? Gərək nəsə yesin, yoxsa üzülüb əldən düşər. Onu yedizdirənə qədər təzyiqim düşür. Sıra gəlir yatmağa, amma öncə təmizlikçini çağırıb otağı sildirməli, havasını dəyişdirtməliyəm. Axı, Barışa tozlu hava ziyandır.

Təmizlikçi deyinə-deyinə gəlir. Növbədənkənar iş gördüyünə görə sifətindən zəhrimar yağır. Cibinə bir manat qoyuram, eyni açılır, dua edir, nə bilim, alqış edir, mahnı oxuyur, nağıl oxuyur, şou göstərir... Beləcə bir həftə, on günü bu sistemlə başa vururam.

Evə qayıdanda ölüb-ölümdən qayıtmış halda oluruq. Bütün bunları gözümün önündən keçirib cumdum Barışın öskürəyinə. Silahım da yod, komfra, maz, spirt, doşab və s. Çox effektli nəticə aldım. İstəyirəm ki, sizinlə də paylaşım, bəlkə lazımınız oldu. Bir qaşıq şit yağa on damcı yod töküb qarışdırdım. Sonra pambıqla kürəyinə çəkib masaj elədim. Hava keçirməsin deyə, üstünü yumşaq yaylıqla bağladım. Qalın geyindirib yatızdırmağa başladım.

İki saat sonra kürəyini açıb kağızı götürdüm, tərli paltarlarını dəyişdim. Yedizdirib öskürəyə qarşı sirop verdim. Yarım saat sonra bir qaşıq doşab içizdirdim. Bu arada, tez-tez isti su, çay... Bir az sonra burnunun hər deyişiyinə beş qram olmaqla şprislə süd tökdüm. Kürəyini masaj elədim. Sonra qaşığın ucuna pambıq dolayıb suyla qarşıdırdığım spirtə buladım, boğazını sildim. Boğazını üst hissədən spirtlə kompres elədim. Bütün bunları o qədər həyəcanla edirdim ki, az qalırdı canım çıxa.

Səhəri gün Barışın öskürəyi də, sinəsinin xırıltısı da azaldı, kefi də açıldı. Canımız xəstəxana köşələrindən qurtulmuş oldu. Atası da deyirdi ki, məndə o bəxt hardaydı uşağım öz-özünə sağala? Mütləq xəstəxanaya getməlidir. Sən demə, bəxti varmış!


Müəllif: Çinarə Böyükçöl