29 Sentyabr 2017 11:09
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadıma gəlir, ikiminlərin əvvəllərində mobil telefonlar elə də çox yayılmamışdı, tək-tük adamda vardı. İnsanlar hələ də uzaqda yaşayan qohum-əqrabasıyla əlaqə saxlamaq üçün rayon mərkəzinə üz tuturdu.

Moskvada yaşayan əmim uzun antenalı, iri düyməli bir telefon alıb gətirmişdi ki, ürəyi istəyəndə zəng vurub atasıyla danışsın. Qohum-qonşu, tanış-biliş yığışıb sorağına gəlmişdi.

- A kişi, bə deyirlər, oğlun sənin üçün elə bir icad gətirib ki, dünyanın o biri başıyla əlaqə saxlamaq olur...

- Doğrudanmı, heç bir naqili-filan yoxdur?

Bir sürü sorğu-sualdan, təbrikdən, xoş arzulardan, dəfə-daraqdan sonra diqqətlə əl boyda aparata baxıb: "Yapon köpəyuşağının işi olar yenə? Başları qızıllanasıdır", — dedilər. Deyib, biri-birini təsdiqlədilər. Çayımızdan içib, çörəyimizdən kəsib – bir gözləri telefonda, bir gözləri yolda – divara-daşa dəyə-dəyə çıxıb-getdilər.

Bir yandan paxıllıq edirdilər, bir yandan da bu təzə icaddan xəbərdar olduqları üçün xoşbəxt idilər. Üstəlik, babam toxunmağa da icazə vermişdi, lap uçurdular. İndi o məclis sənin, bu mərəkə mənim – babam haqqında danışırdılar yəqin.

Telefon gələn gündən mənim də məhlə uşaqlarımın arasında hörmətim artmışdı. Əvvəllər adam yerinə qoymayan burnufırtıqlı məhlə uşaqları indi yan-yörəmdən əl çəkmirdilər.

Ayağımın axsamağını mane tutan qızlar evimizin içinə kimi gəlmişdilər. Anamın gözünə girmək üçün qapıda-bacada əl-ayaq verirdilər; kimi çalğını əlinə alıb tut ağacının həyət-bacaya dağılan yarpaqlarını süpürür, kimi qab-qacağı yuyurdu.

Hətta, biri mənə təklif etmişdi ki, istəsən, yerinə dərslərini hazırlaram. Mənə qalsa razılaşar, məktəbdən gələn kimi arxayınca oynamağa gedər, qaş qaralanda gələrdim, anam razı olmadı: “Öl öldüyün yerdə, özün burulmamısan ha! Canın çıxsın, oxu...” Cınqırımı çıxara bilmədim.

Əsas odur, daha məni kimsə burunlamırdı, çox xoşuma gəlirdi.

***

Bir gün babamdan xəbərsiz telefonu götürüb dostlarıma göstərdim. Hamısı təəccüblənmişdi. O üzünə, bu üzünə keçib, biri-birilərinə ötür-ötür edir, düymələrini qurdalayır, heyrətlə baxırdılar.

Qəribə melodiyaları vardı, musiqi deyə qulaq asır, iki dəqiqədən bir telefonu donduran oyunlara burun soxurdular... Mən "eləməyin, zayını çıxaracaqsınız" desəm də, sözümə fikir verən yox idi.

Gün axşama dönəndə evə qayıtdım. Babam telefonu əlimdə görüb üstümə acıqlandı:

- Sənə deməmişəmmi qurdalama? Yerinə qoy!

Qorxa-qorxa telefonu aparıb onun üçün müəyyən edilmiş yerə qoydum. Güllü-güllü örtüyünü də üzərinə atdım ki, toz yığmasın.

Babam o qədər hirslənmişdi, görsən, deyərdin, dünya dağılacaq. Əslində, heç hirslənən deyildi; həmişə hamıyla xoş davranan, kimsəyə güldən ağır söz deməyən biriydi babam, onu anlaya bilirdim. Həm hamıdan çox istədiyi oğlunun bağışladığı dəyərli bir hədiyyəni özüm üçün oyuncaq eləmişdim, həm də o “təzə icad” axtaranda hələ-hələ tapılmırdı, ona görə də hamıdan qorğanırdı.

***

İki gün qabaq həmin telefonu bağımızın ayağındakı zibilxanada gördüm. Parça-parça olmuşdu. Daşı, arxa qapağı, uzun antenası bir, iri düymələri bir tərəfə dağılmışdı. Babam da dünyada yox idi. Telefonu gizlincə götürüb küçəyə çıxardığımı biləndə keçirdiyi həyəcanı xatırladım, darmadağın oldum...


Müəllif: Hikmət Orhun