25 Aprel 2014 10:24
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, "Neftçi"də vəziyyət bizim bildiyimizdən də qəlizdir. Son vaxtlar adı ancaq qalmaqallarla hallanan klubda daha bir təəccüblü hadisə baş verib. Deyilənə görə, klubun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

Çempionatda alınan uğursuz nəticələr, hədəflərdən uzaq düşülməsi, üstəlik, kubokun ilk yarımfinal oyununda da autsayder rəqibi "Rəvan"ı yenə bilməmək klubda əməlli-başlı gərginlik yaratmağa başlamışdı.

Hələ Topaz Premyer Liqasının son turunda digər autsayder "Sumqayıt"a məğlubiyyət yaxın zamanda komandada möhkəm bir titrəyişin olacağına işarə idi.

Günlərdir idman gündəminin əsas mövzusu da bu komanda ilə bağlıdır. Araz Abdullayevlə bağlı yaşananlar, "Sumqayıt"la oyundan sonra Böyükağa Hacıyevin açıqlamaları və digər hadisələr günlərdir mətbuatın gündəmindən düşmürdü.

İstefa isə yeni, bir az da təəccüblü xəbər oldu. Ancaq hər nə qədər gözlənilməz bir zamanda verilmiş qərar olsa da, hər halda gec-tez, nə vaxtsa klubda istefaların olacağı gözlənilirdi.

Xatırlayırsınızsa, komandanın hələ çempionluq şansları əldən çıxmamış zamanlarda da klub prezidenti Sadıq Sadıqov "Neftçi" çempion olmasa vəzifəsindən gedə biləcəyini demişdi. O zaman bu açıqlama çox da diqqət çəkməmişdi, ancaq görünür, verilən bəyanatlar heç də əsassız deyilmiş.

Onun ardınca isə Böyükağa Hacıyev mövsüm sonunda istənilən nəticədən asılı olmayaraq klubu tərk edəcəyini bildirdi. Hətta Böyükağa bəy nəinki "Neftçi"dən, ümumiyyətlə Azərbaycan futbolundan gedəcəyini iddia edirdi.

Son olaraq isə Tahir Süleymanov istefa ərizəsini yazıb. Vitse-prezidentin dediyinə görə, buna səbəb Bakıda oynanan və 2-2 hesabı ilə bitən "Xəzər Lənkəran" oyununda yaşananlar olub.

Belə ki, həmin oyunda hakimi təhqir etdiyi üçün Nizam-İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan Süleymanov həm də 20 min manat məbləğində cərimə də olunmuşdu.

Xeyli vaxt keçməsinə baxmayaraq, Süleymanov cəriməni ödəmədiyi üçün "Neftçi" rəsmisi kimi komandasının oyunlarını stadionda izləməsinə icazə vermirdilər.

Deyilənə görə, istefanın əsas səbəbi də məhz bu olub. Süleymanov özü də bildirib ki, ona qarşı qəbul olunmuş bu qərar qərəzlidir və bu cəriməni ödəmək fikrində deyil.

"Neftçi"nin son illərdəki uğurlarında əsas pay sahiblərindən biri olan klub rəsmisinin birdən-birə nəyə görə belə qərar verməsi hər kəs tərəfindən maraqla qarşılandı. Ancaq yaşananlardan belə məlum olur ki, öz şəxsi hesabına qeyd olunan cəriməni ödəmək istəməyən Süleymanov klubunun da onun əvəzinə xərcə düşməsinə razı olmayıb və klubuna daha artıq zərər gəlməsin deyə istefa verməyi məqbul bilib.

Sadıq Sadıqov vitse-prezidentin bu qərarını necə qarşılayacağı barədə qısa açıqlama da verib və bildirib ki, hələ heç bir şey məlum deyil. İstefa ərizəsi yazılmış olsa da, klub prezident onu qəbul edib-etməyəcəyinə qərar verməyib.

Nəticə hələ məlum olmasa da, bu, bir daha göstərir ki, klubda işlər düz getmir.

Nə deyək, təki olub-olacaqlar həm "Neftçi"ni, həm də ümumiyyətlə Azərbaycan futbolunu uğura doğru aparsın.


Müəllif: Zaur Xudiyev