9 Oktyabr 2017 10:08
3 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rus dili kursunda qeydiyyatdan keçdim. Birinci dərsimiz normal idi. Beş-altı qız vardı, hərəsi bir tərəfdən gəlmişdi. Amma rus dili müəlliməmizi müəllimlər günü münasibəti ilə təbrik etmək yadımızdan çıxdı. Birinci gün də olsa, müəlliməni şirin bir təbriklə azacıq nazlandırmaq çətin bir şey deyildi. Buna görə çox narahat oldum!

Elə bu narahatlıq içindəcə kursdan çıxıb işə gəldim. Gələndə həyat yoldaşıma da, özümə də dönər aldım. Bir yerdə işləyirik. İşdə dönərimizi yedik, sonra isə çay içə-içə oğlumuzdan danışdıq. Düzü, istəyirdim bir az çox söhbət eləyək, çünki evdə uşağın əlindən heç biri-birimizin üzünü görmürük, nəinki dərdləşmək.

Amma o, çayını içib müsahibə köçürməyə başladı, mən isə həm köşə yazmalı, həm də müsahibə alacağım adamlarla danışmalı, razılaşmalı, gün təyin etməli idim.

O qədər bacarıqsız və istedadsızam ki, üç saat o yan-bu yana fırlandım, amma bir nəticə hasil edə bilmədim. Üç dənə vörd qovluğu yaratdım, hərəsinin içində ayrı-ayrı, yarımçıq və məzmunsuz mətnlər... Hiss edirəm ki, ağlım başqa yerdədir. Bir az oğlumun yanında, bir az evi tör-töküntü qoyub çıxmağımda. Qayınanam bir az xəsətələnib. Ağlım bir az onda, bir az universitetdə, iştirak etmədiyim mühazirə və seminarda. Rus dili kursu üçün alacağım dərs vəsaitlərində.

“Mol”da bir mağaza var, qəşəng bir palto görmüşəm, ağlım bir az da ordadır.

Təbii, bunlar mənim gözəllər gözəli bəhanələrimdir. Guya kimin ağlında ayrı fikirlər yoxdur ki? Sadəcə, özümü yazıya kökləyə bilmirəm. Yoxsa qələm əlimdə şimşək kimi çaxar. Bayaq demişdim ki, istedadsızam. Sözümü geri götürürəm. Mən çox istedadlıyam. Bəli, zamanla bunu görəcəksiniz. Məsələn, mən elə mətnlər qura bilirəm ki, bir neçə ay sonra onu oxuyub dəhşətə gəlirəm, kövrəlirəm, özümü öyürəm. Öz-özümə deyirəm ki, halal olsun mənə, necə də gözəl yazmışam!

Amma bunu heç kimə göstərmirəm. Təkcə həyat yoldaşıma oxuyuram. Xoşuna gəlir. Bilirəm ki, xoşuna gəlməsə, ən azı yarım saat mənimlə məzələnərdi. Deyərdi ki, get kartof qızart. Kartofları iri doğra və s.

Əslində, mən daha yaxşı rəsmlər çəkirəm. Özümü rəsmdə daha yaxşı ifadə edirəm. Amma nədənsə neçə ildir, onlara tamam yadlaşmışam. Bircə bu müsahibə almaq mövzusunda uğursuzam və bunu çox gözəl bilirəm. Hətta neçə dəfə həyat yoldaşım mənim üçün kimlərləsə müsahibəyə razılaşıb. Amma biləndə ki, müsahibəni mən alacam, imtina ediblər.

– İncimə, sən canın...

Canım üçün, incimirəm. Onların yerində olsam, mən də özümə müsahibə verməzdim. Amma mən çox prinsipialam. Sevdiyimə görə deyil, sırf uğursuz olduğum üçün maraqlı müsahibələr alacağıma özümə söz verirəm.

Mənə müsahibə vermək istəməyənlərə gülürəm və gödəkçəmi geyinib gedirəm mağazaya, görüm butikdə gördüyüm paltonun qiymətini endirə bilirəmmi? Qayıdacam. Və qələm əlimdə şimşək kimi çaxacaq!


Müəllif: Çinarə Böyükçöl