22 Oktyabr 2017 17:15
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq mənimçün sevgi anlayışı yolumun üstündəki qarışqa yuvasının iki metrliyindən keçmək, hətta cibimdən on-on beş günəbaxan tumunu ora tullamaq və ya hər gün işə gedəndə silah zavodunda işləyən qonşu kəndçimi yoldan götürəndən sonra bilərəkdən maşını yavaş-yavaş sürüb onu işə gecikdirməyimdi: qoy bu gün bir silah az istehsal olunsun, qoy bu gün bir körpə bir gün də olsa, çox yaşasın; qoy bu gün on-on beş qarışqa az işləsin.

Hə, o silah düzəldən qonşu kəndçimin fikirlərinə hərdənbir şüuraltı müdaxilə etmək üçün "Suriyadan məktub" şeirimin səs yazısını ona məcbur da olsa dinlətdirib, "burda güllələr də çox ədəblidir, böyüklü kiçikli kimi görsələr, görüşürlər" yerinə çatanda “ora bax, gör nə deyir”, - deyə öz aləmimdə ona təsir etməyə çalışıram. Hərdən də:

- A kişi, silah nədi düzəldirsən? - deyirəm.

- Neynəyim, uşaqlarım acında ölməsin, - deyir.

- İndi uşaqlar güllədən ölür, acından yox. Allah bilir iki uşaqa görə neçə uşaq öldürmüsən, - deyəndə də gülür.

Mən də ağlayıram!

Silah demişkən, hərdən tanrının bizə verdiyi şüura görə peşman olduğunu düşünürəm.

Yeni silah növləri kəşf edirik, əslində, bu kamuflyajdı, biz silah növü yox, insanları daha da necə öldürməyin yollarını axtarırıq. Öldürməyə qalsa, Qabil Habili adi daşla öldürmüşdü, yəni bu qan-qada elə bir daşla başladı və bəlkə də Eynşteyn düz deyibmiş, elə daşla da bitəcək.

Allah axırını xeyir eləməsin...

Deyəcəm niyə.

Ağlım kəsəndən nənəm "Allah axırını xeyir eləsin" deyə-deyə böyütdü məni.
Bilirsiz?

Bunun mənə bir xeyri də o oldu ki, insanın sadəcə artmaq, yemək, ölməmək və ən sonunda hətta ən başda öldürmək kimi məqsədlərinin var olduğunu bildim.

Adicə məndən götürün, görün nələrin xeyir olduğunu düşünürəm.
Heç Allah da axırın xeyir olduğunu deməyib. Məşhər günü, sur, od, alov. Allah məni bağışlasın, əlimdə imtiyaz olsa, bu olaylara görə mən Allahı bağışlamazdım.

Heç nənəm də bağışlamaz.

Dayım özünü toka verib intihar etdi.

Nənəm daha o sözü demir, fikir vermişəm.

Sizə sevgidən danışacaqdım, gedib Allaha çıxdım.

Bəs Allah heç aşağı düşübmü görəsən?

Allah Darvinə rəhmət eləsin, görəsən "Allahu-Əkbər" deyib uşaq öldürən, ölüm anında "Əşhədü ənna Muhəmmədin Rəsulullah" deyən müsalmanmı cənnətə düşəcək, ya Darvin?

Əminəm ki, Darvinin sevgiyə nə dəxli var, deyə düşünürsünüz, darıxmayın indi deyərəm.

Hərdən atamın evə içkili gəlib bir az qanqaraçılıq saldığı günlərə qayıtsaq, səhər yuxudan durub:

- Habil, meymun balasını çox istədiyindən boğub öldürdüyü kimi çox istədiyimdən belə edirəm, - deməsi yadıma düşür.

Söhbət atamdan getmir ha, insanın insana münasibəti əsasdır.

Darvini bir şeyə görə qınayıram, o heç meymundan soruşmuşdumu sən insan olmaq istəyirsən, ya yox?! Bəlkə o heç insan səviyyəsinə düşmək istəmir, nə əl qatmısan özünə?

Əgər cənnət varsa, ora düşsəm, ilk işim Darvini axtarıb, yanıldığını və biz meymun qədər sevə bilmirik, insan qədər öldürə bilirik deyəcəm.


Müəllif: Habil Rzanur