24 Oktyabr 2017 19:47
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda tanınmış tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə kimlər iştirak edirdi, kimlər... Akademik İsa Həbibbəyli, akademik Nizami Cəfərov, akademik Aqil Abbas, akademik Musa Qasımlı, akademik Elçin Hüseynbəyli, akademik Elçin Mirzəbəyli, akademik Tehran Əlişanoğlu, akademik Akif Aşırlı, akademik Kəramət Böyükçöl və s. Zal akademiklə dolu idi. Tədbiri İsa müəllim açdı. Geniş bir nitq söylədi, sonra isə sözü Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin gənc əməkdaşı Elnarə Qaragözovaya verdi, o da "Yunus Oğuzun "Atabəy Eldəniz" romanında tarix və şəxsiyyət faktoru" adlı məruzə ilə çıxış elədi. İnanın, Elnarə xanımın məruzəsindən sonra İsa Həbibəyli tərəfindən ona da akademik adı verildi.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan cəmiyyətində xüsusi statuslu yaşlı-başlı xeyli qələm adamı var. Xüsusi statuslu o mənada ki, yaşları keçib, başları ağarıb, amma hələ də istedadlını da, istedadsızı da tərifləyə-tərifləyə, bədii mətn haqqında ümumi sözlərlə danışa-danışa üzü yüksəklərə doğru yol gedirlər. Düzdür, adlarla danışmaq çətindir. Olmur, alınmır... Yazsam da, çap eləməyəcəklər. Hərəsi ilə bir cür münasibətin var və bu münasibətlər imkan vermir ki, heç olmasa, sən özün yalan danışmayasan, istedadlının da, istedadsızın da haqqında xoş söz deməyəsən.

Görünür, elə mən də o siyahıdayam...

Yunus Oğuzun çoxlu tarixi romanları, pyesləri var. "Nadir şah", "Əmir Teymur", "Atilla" və s. Təəssüf ki, hamısını oxumamışam və ona görə də bu barədə geniş danışmaq mənim üçün çətindir. Hələ mən elə bir səviyyəyə gəlib çatmamışam ki, oxumadığım əsər haqqında saatlarla nitq söyləyim, oxumadığım kitaba ön söz yazım. İnşallah, qocaman bir akademik olaram, onda yazaram da, danışaram da! Əsas odur ki, akademik İsa Həbibəylidən tutmuş, akademik Tehran Əlişanoğluna kimi hər kəs Yunus müəllimi təriflədi, haqqında gözəl-gözəl sözlər dedi. Mən isə deyilən sözləri diqqətlə dinləyə-dinləyə “Atabəy Eldəniz” romanının demək olar ki, əlli səhifəsini oxudum. Və doğrudan da kitab mənə çox maraqlı gəldi. Rəvan, aydın, oxunaqlı bir dildə yazılmışdı. Cümlələr səni çəkib aparırdı, zövq alırdın, başın qarışırdı... Sadəcə, problem nədədir?

Cəmiyyətdə xüsusi statuslu adamlar olduğu kimi, xüsusi statuslu təşkilatlar, qurumlar da var. Məsələ burasındadır ki, mən o qurumların da adını çəkə bilmirəm. Bu qurumlar hətta yaxşı bir iş görsələr də, adamın inanmağı gəlmir. Məsələn, o təşkilatlar kimisə pisləyəndə, kimisə tənqid atəşinə tutanda öz-özünə düşünürsən ki, görəsən, o adam hansı yaxşı işi görüb... Bu mənada “Atabəy Eldəniz” romanının ümumiyyətlə, müzakirə edilməsini doğru hesab etmirəm. Bu yolla oxucuya kitab sevdirmək olmaz. Əksinə, oxucu kitabdan uzaqlaşar...

İsa Həbibəyli deyir ki, Yunus Oğuzun romanında tarixilik və bədiilik mütləq şəkildə birləşib. İnanın, bu sözü bütün tarixi roman müəllifləri haqqında demək olar və deyilir də. Sonra deyir ki, onun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq var. Allah haqqı, İsa müəllim eyni fikirləri Rüstəm Behrudi, Kamal Abdulla haqqında da demişdi. Demişdi ki, Kamal Abdullanın yaradıcılığında millilik, azərbaycançılıq var. Bir az keçdi, Rüstəm Behrudi haqqında dedi ki, onun yaradıcılığında millilik, azərbaycançılıq var.

Başqa bir akademik, millət vəkili Nizami Cəfərov isə qeyd etdi ki, Yunus Oğuzun əsərlərində koloritə, uzun təfsilatlara yol verilmir. Bu da onu digər roman müəlliflərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərindən biridir. Yunus Oğuzun əsərlərində müasirliyin də xüsusi rolu var, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir.

İlahi, bunlar nə deməkdir? Guya Nizami Cəfərova görə, başqa bir tarixi romanlar müəllifi Elçin Hüseynbəyli əsərlərində koloritə, uzun təfsilatlara yol verir? Guya Nizami Cəfərova görə, Elçin Hüseynbəyli əsərlərində müasirlik xüsusi rol oynamır, müəllif mətndə bu günlə keçmişi birləşdirmir?

Gənc akademik Elnarə Qaragözova isə məruzəsinə belə başladı: əsərdə tarixi faktlar bədii formada təqdim edilir və bu, əsərin asan qavramasına səbəb olur. Ağzında roman deyirsən, əlbəttə, əsər bədii olmalıdır. Bu fikirləri təkrar-təkrar deməyə nə ehtiyac var?..

Dərin hörmətlə, akademik Kəramət Böyükçöl


Müəllif: Kəramət Böyükçöl