29 Oktyabr 2017 15:23
2 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Türkiyədə yeni bir partiya quruldu. Meral Akşenerin sədr seçildiyi qurumun adı “İyi” partiya oldu. Akşener çıxışında prezident seçilmək üçün bu yola çıxdığını və Türkiyəni “iyi”ləşdirəcəyini dedi.

Əlbəttə, biz Türkiyədə hər hansı bir partiyanın tərəfini tutmuruq, istəyimiz xalqın çoxluqla seçdiyi hökumətin Türkiyənin yaxşılığı üçün çalışmasıdır.

Seçilən hökumət bunu etməzsə, xalq tərəfindən devriləcək, tarixə gömüləcək. Demokratik ölkələrdə hadisələr bu şəkildə cərəyan edir.

Bizi düşündürən Türkiyənin bu gün, həqiqətən, “iyi” olub-olmamasıdır.

Ötən yazımızda Azərbaycandan Türkiyənin necə görüldüyü ilə bağlı yazacağımızı qeyd etmişdik.
Azərbaycandan Türkiyə böyük qardaş, himayədar, milli, dini yaxınlığı olan bir ölkə kimi görünür. Bu ümumi təsvir kiçik detalları çıxsaq, həqiqətdir. Lakin burada həssas bir məsələ var.

Türkiyədə Azərbaycanla bağlı AKP dönəminə qədər oturuşmuş vahid bir siyasət olmayıb. İstər Turqut Özalın, istərsə də Süleyman Dəmirəlin 1991-1993-cü illərdə hansı mövqe sərgilədiklərini dönəmin mətbuatına və atılan addımlara baxıldığında görmək mümkündür. 1920-ci ildə aparılan siyasət həmin illərdə təkrar olundu. Əgər həmin dönəmdə Ərdoğan kimi iddialı bir lider hakimiyyətdə olsaydı, Türkiyə hökumətinin Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı daha sərt addım atacağını hesab edirəm.

Digər həssas məsələ ermənilərlə bağlıdır. Azərbaycanda hesab edilir ki, Türkiyə öz daxilindəki ermənilərə və onların dəstəkçilərinə mənfi münasibət göstərməlidir. Həqiqətdə isə bu mümkün deyil. Çünki Türkiyədə ermənilərin Osmanlı dönəmindən etibarən müəyyən gücləri var.

Osmanlıda paşa səviyyəsinə qədər yüksələn ermənilər, cümhuriyyət qurulduğunda parlamentə təmsil olunmağa başladılar. Eləcə də, kiçik biznes sahələrində və sənətdə müəyyən qədər iz qoya bildilər.

I Dünya Müharibəsində ermənilər Osmanlıya xəyanət etdiklərinə görə ölkə içində başqa əraziyə köçürüldülər, bu zaman müəyyən tayfalar tərəfindən qətl edilənləri də oldu. Baxmayaraq ki, Osmanlı hökuməti səhlənkarlığa yol verənləri yerindəcə cəzalandırdı, amma ermənilər bu məsələni soyqırımı kimi uyduraraq məzlum obrazı yarada bildilər. Ona görə də Türkiyə dövləti ermənilərin bu həyasızlığına görə erməni vətəndaşları ilə bağlı mülayim siyasət aparır. Bu gün partiyalar çalışır ki, mütləq bir erməni namizədləri olsun. Bir neçə il öncə Davudoğlunun müşavirləri arasında da erməni təmsil olunurdu. Bu gün İstanbulda ermənilərin xəstəxanası, kilsəsi, mətbuatı, biznesi və s. iqtisadi gücləri var.

Din məsələsinə gəldikdə isə Azərbaycan Türkiyədən daha dünyəvidir. Məsələn, Türkiyədə müxtəlif təriqətlər, icmalar həm də biznesi idarə edən iri mərkəzlərdir, onlar şəbəkə şəklində ölkədə genişlənirlər. Bu mərkəzlərdən ən böyüyü Fətullah Gülənə məxsus idi, 15 iyun hərbi çevrilişə cəhd hadisəsindən sonra terrorda ittiham olundular. Bu gün Türkiyədə fətullahçılar dövlətdən uzaqlaşdırılsalar da, hələ də tam təmizlənməyiblər.

Üstəlik onların yerini başqa icma, təriqət üzvləri tutmağa çalışırlar. Məhz böyük Mustafa Kamal zamanında bu təhlükəni duyduğuna görə onlara qarşı sərt mövqe seçmiş, Türkiyənin şeyxlər, təriqətlər ölkəsi olmayacağını demişdi. Bu gün Türkiyədə Cübbəli Əhməd, Adnan Oktar kimi hocalar elmi inkar edən fəaliyyətlə məşğul olan şəxslər zənginlər sırasındadırlar.

Azərbaycan xalqı din məsələsində daha dünyagörüşlü, çağdaş olduqları üçün bu təhlükə bizdə azdır. Dövlət də zaman-zaman radikallara qarşı sərt tədbirlər görür, dinin siyasətə alət edilməsinin qarşısını alır. DTX-nın bir neçə gün öncə keçirdiyi əməliyyat da buna sübutdur.

Bu baxımdan Türkiyənin “iyi” olması üçün təkcə Gülən icması ilə bağlı yox, siyasiləşən bütün icmalar, təriqətlərlə dövlət mübarizə aparmalıdır. Əks halda Türkiyə yaxşılaşmaq əvəzinə, “yaşıllaş”acaqdır.

Bu gün Türkiyə Cümhuriyyətinin elan edilməsinin 94-cü ildönümüdür. Bu önəmli günü Türkiyə vətəndaşları ilə birgə İstanbulda qeyd etmək mənim üçün xoşbəxtlikdir. Arzumuz budur ki, 2023-cü ilə qədər Türkiyə Atatürkün göstərdiyi yolun işığında parlaq günlərə qədəm qoysun.


Müəllif: Dilqəm Əhməd