9 Noyabr 09:25
672

Babalarım vaxtsız-vədəsiz dünyadan köçsələr də, nənələrimin ikisi də həyatdadır. Biri kəndimizin yuxarı məhləsində, o biri aşağıda qalır deyə birinə “yuxarınənəmgil”, o birinə isə “aşağınənəmgil” deyirik. Hər ikisinin yüz kitablıq xatirəsi var. Hətta bu xatirələri onların gözlərindən belə oxumaq olar. Danışmasalar da, bilmək olar ki, nə deyirlər. Ağlamasalar da, bilərsən ki, hönkürürlər. Yuxarınənəm İkinci Dünya müharibəsi illərindən nə qədər desən danışar, doluxar. Başqa sözü yoxdur, çox utancaqdır, dindirməsən, danışmaz. Atası bəy olub, xanım-xatun kimi yaşayıb deyə kimsə xətrinə dəyəndə öz köhnə evinə gedib atasının şəkil ilə danışır, atasına şikayət edir, ağlayır. Amma heç kimə incikliyini demir, davasız-dalaşsız küsüb bir küncdə oturur. Əri dünya müharibəsində sürgündə olub. Hətta nənəm nişanlı olnada düz doqquz il babamın yolunu gözləyib. Hamı deyib ki, daha gələn deyil, hamı babamdan əlini üzübmüş. Amma nənəm gözləyib. İndi uşaqları zarafatla deyirlər ki, anamız doqquz ilin acığını doqquz uşaq dünyaya gətirməklə çıxıb.

Yuxarınənəm iki övladını vaxtsız-vədəsiz itirib. Böyük oğlunu və böyük qızını... Gözləri çox yorğundur, yol gözləyir. Nə vaxt çöl qapını açsan, görərsən ki, nənəm pilləkəndə oturub yola baxır. Nənəm adam, qonaq istəyir. Xoşlayır ki, evində adam olsun, səs-küy olsun, deyib-gülmək olsun. Hamı onlara qonaq gəlsin, hamıya süfrə açsın, qabaqlarına bir tikə əppək qoysun, çay süzsün... Aşağınənəm isə fərqlidir. Bəlkə də dünyada onun qədər tək, yalnız adam yoxdur. Oğuldan oğlu, qızdan qızı, nəvədən nəvəsi, nəticədən nəticəsi var. Amma heç kimə icazə vermir ki, gedib onunla qalsın, onunla birgə yaşasın. Hamını öz evində qonaq kimi qəbul edir, hamıya qonağı kimi baxır. Evinin bütün daşlarında, suvağında, taxtasında, tozunda, hörümçək torunda nənəmin nəfəsi, əlinin izi, istiliyi var. Ev nənəmə öyrəşib deyə kim ora gedib beş-üç gün qalsa darıxır, qala bilmir. Ev nənəmdən başqa hamını özündən qovur. Bunu ora gedən hamı hiss edir. Aşağınənəmgilin evininin enerjisi, evinin ruhu ora gedən adamı aylarla tərk etmir.

Aşağınənəm bir az söyüşcüldür. Amma o qədər şirindir ki, hətta yad adama belə söysə, heç kim ondan incimir, küsmür. Daha hamı xasiyyətinə öyrəşib. Hətta gəlinləri belə... Bir televizoru var. Bilirəm ki, onu hamıdan çox istəyir. Bir gün xarab olsa və peyk antennası əyilsə, kanalları göstərməsə, arvad dəli olur. Bütün qonum-qonşunu çağırıb tökür. Telvizoru düzətldirməyincə dinclik tapmır, ürəyi rahatlaşmır. Deyir, tək qalıram, ay bala. Mənə nə oğul-qız lazımdır, nə də nəvə-nəticə. Bircə televizorum xarab olmasın, bircə o seriallar qurtarmasın, bəsimdir.
Aşağı evində bir odun peçi var, həmişə kürəyini peçə tərəf söykəyib uzanır, qabağında da buğlanan pürrəngi çay, yanında qozlu heyva mürəbbəsi... Əlindən gəlməyən iş yoxdur. Hər adamın gördüyü işi bəyənmir. Nəvələri gəlib ev-eşiyini təmizləyib, pal-paltarını yuyub gedəndən sonra özü təzədən təmizləyir, təzədən yuyur, ürəyinə yatmır. Heç bir bayramı boş keçirtmir, Novruzda ev-eşiyini hamıdan əvvəl bayıra atıb təmizləyir, şirniyyatları kənd camaatından əvvəl bişirir, bayram plovunu hamıdan əvvəl asır. Məhz bu vaxt bütün nəvələri, nəticələri, uşaqları başına yığışır. Amma baxırsan, məmnun deyil. Hiss edirsən ki, bayramı tək keçirsə, daha ürəyincə olardı. Bunu hamı hiss edir, ancaq kimsə ziddinə getmir, dərindən fikir vermir. Tez-tez babamı xatırlayır, qəbrini ziyarət edir, kiməsə qəbir daşını ot-ələfdən təmizlətdirir, mollaya Quran oxutdurur. Çox həyatsevərdir. Bir dəfə ağlaya-ağlaya bizə yuxu danışırdı, yaman qorxmuşdu. Deyir, yuxumda kişini gördüm, əlimdən tutmuşdu ki, gəl səni də aparım. Getmədim, nə qədər məcbur elədi, axırda dalaşdım, küsüb getdi. Allaha çox şükür, məni aparmadı, yoxsa ürəyim partlardı. Biz də dedik ki, ay nənə, heç olmasa yuxunda dalaşmazdın. O da bizi söydü, dedi, ay vicdansızlar, istəyirsiz, kişi məni aparsın, nənəniz də ölsün?

Yuxarınənəmdə belə şeylər yoxdur. Dediyim kimi, soruşamasan, danışmır, çünki çox utancaqdır. Hələ də babamdan danışanda yanaqları allanır. Hərdənsə adama elə gəlir ki, nənəm babamı çoxdan unudub... Amma nənələrimin bir ortaq cəhəti var ki, qonaq-qaraya çox səxavətli, çox mehribandırlar. Heç bir qonağı ac-susuz, əliboş geri qaytarmazlar. Axşam qalmağa məcbur edər, ən gözəl yorğan-döşəyini çıxarar, ən təmiz örtüklərini salarlar.

Bu sözləri ona görə yazıram ki, kim nə vaxt istəsə, nənələrimgildə qonaq ola bilər. İnanıram ki, onların ruhu sizi uzun müddət tərk etməyəcək. Siz onların evi, danışdıqları, üz ifadələri, hərəkətləri haqqında xeyli düşünəcəksiniz. Hamınızı nənəmgilə dəvət edirəm. Daha fərqli, daha gözəl, daha insan adam görmək üçün. Amma əvvəlcədən deyim, yollarımız yaman günün yamanındadır, yol boyu o qədər atılıb düşəcəksiniz ki, gərək heç nə yeməyəsiniz. Bir də qalın paltarlar götürəsiniz. Yadınızdan çıxsa, eybi yoxdur, nənəmgildə qalın paltarlar da var. Ünvan: Şamaxı şəhəri, Qaleybuğurd kəndi, aşağı və yuxarı məhlələr... Həbibə və Lətifə nənə!


Müəllif: Çinarə Böyükçöl