9 Noyabr 2017 14:51
5 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 iyun 1918-ci ildə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. Lakin ingilislər bu bayraq dəyişdirilmədiyi təqdirdə Azərbaycanı müstəqil dövlət kimi görməyəcəklərini, Osmanlının əyaləti hesab edəcəklərini bildirirlər.

Buna görə də 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edilir.

Yeni bayraq ilk dəfə həmin gün Bakıda Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada, kütləvi şəkildə isə noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırılır.

Bayrağın qəbul edilməsi dövrün liderlərini, ictimai-siyasi xadimlərini, şairlərini çox həyəcanlandırmışdı.

Teleqraf.com Cümhuriyyət liderləri və dönəmin şairlərinin bayrağımızla bağlı fikirlərini təqdim edir:

***

“Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başımızın üstündə dalğalanacaqdır. Bir daha yüksələn bayraq, bir daha enməyəcəkdir!”

Məhəmməd Əmin Rəsulzadə, 7 dekabr 1918-ci il, Parlamentin açılış günü

***

“Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır. Münəvvər bayrağımızın üç rəngli parçasını övci-səmayə qaldıran ağacı, iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməkdədir. Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqda olan qüdrət və qüvvəti zalım düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir. O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər; ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istəyirlər...

Əbəs zəhmət!

O ağac sınmaz, o nur sönməz, o əl dönməz!! Çünki bayrağımız həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!

Nahaq səy!

Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, haqq və hürriyyət bayrağı enməz, sarsılmaz!”

Üzeyir Hacıbəyli, “Bayrağımız sarsılmaz” məqaləsi. 1919-cu ilin 8 mayında "Azərbaycan" qəzetində "Ü" imzası ilə dərc olunub.

***

“Bakı Azərbaycanın paytaxtı olduğu halda, burada 3 rəngli bayraqdan ancaq bir dənə görürəm, halbuki Qubada kasıb, dövlətli hər kəsin ipək parçadan tikilmiş 3 rəngli bayrağı var, hər cümə günü şəhərə təzyin edirlər. Lakin nədənsə bunu Bakıda görmürəm”.

Mürtəza Axundov, Azərbaycan Parlamentinin Qubadan göndərilmiş deputatı. Parlamentdəki çıxışından

***

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xeyr, Xeyr. Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor,

Yıldızlardan hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayır.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu

Əsarətin gecəsindən flirsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal!

Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Cəfər Cabbarlı

“Azərbaycan bayrağına” şeiri, 1919

***

Türküstan yelləri öpüb alnını

Söylüyor dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərmağan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,

Qocalmış Elxanla müsəlman bəgi.

Elxanın övladı, dinin dirəgi,

Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!

Əhməd Cavad

“Azərbaycan bayrağına” şeiri, 1919

***

Ey vətəndaş, bu gün sənin taleyinə

Bir əbədi sönməyəcək ulduz doğur.

Bundan sonra Azərbaycan ölkəsində,

Azadlığın, istiqlalın kölgəsində

Sənin dəxi bir müqəddəs vətənin var,

Bayrağın var, buludlardan uca qalxar!

Cümhuriyyət şairi Əli Yusif (1900-1926)


Müəllif: Dilqəm Əhməd