17 Noyabr 2017 08:45
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hiss edirəm ki, mənim zəlzələdən danışmağa haqqım var. Bu sözü əminliklə deyirəm. Ən azı ona görə ki, Şamaxıda doğulub böyümüşəm. Necə deyim, 21 illik həyatımda çoxlu zəlzələlər görmüşəm. Daxili zəlzələlərimdən danışmıram, o zəlzələləri deyirəm ki, yer titrəyir, evlər dağılır, yer yarılır.

Kənddəki evimiz zəlzələyə dözümlü tikilib. Anamla atam həmişə fəxrlə deyirdilər ki, bizim evimiz burdakı ən güclü evdir, indiyə qədər nə qədər zəlzələ baş veribsə, divarlarına heç çat da düşməyib. Niyəsini isə iştahla belə izah edirdilər ki, təməlinə düz bir evin daşını tökmüşük, özü də çay daşı. O çay daşı ki, onu atamla anam özləri Ağsu çayının kənarlarından yığıb gətiriblər və həmin vaxt mən doğulmaq ərəfəsindəyəmmiş. Evimizin divarları isə qoşa daşdır. Damını da möhkəm qurmuşuq. Atam tez-tez mənə deyərdi ki, evimiz düz səninlə yaşıddır.

Mal-mülk adına bu təməli möhkəm, divarı qalın evimizdən başqa heç nəyimiz yox idi. Amma evimizdə zəlzələnin dadını, duzunu kifayət qədər hiss etmişik, yaşamışıq. Çilçırağımız, stolumuz yellənəndə, heç narahat olmurduq, çünki artıq belə xırda şeylərə öyrəşmişdik. Ya da çox soyuqqanlı böyümüşdük. Amma bir dəfə-gecənin bir yarısı, əməlli-başlı zəlzələ baş vermişdi. Atam o qədər qorxmuşdu ki, yerindən dik atılıb qardaşımı qucağına götürüb çölə qaçmışdı, bacım da onların arxasınca getmişdi. Mənsə uşaq idim, ağlım kəsmirdi. Atamın bu hərəkətinə görə anam o qədər hirslənmişdi ki, nə özü çölə çıxmışdı, nə də məni çıxarmışdı. Üstümü yaxşıca örtüb demişdi ki, qızım, sən yat, atanın başına hava gəlib. Evimiz möhkəmdir, heç nə olan deyil.

Qonşuların çığırtı səsi də evə dolmuşdu, hamı qorxudan gecənin qaranlığında çölə çıxmışdı. Təkcə anamla məndən başqa. Atam çöldən çığırırdı ki, çıxın, bu saat ev uçacaq. Amma anamla biz yorğanın altında eləcə uzanıb qalmışdıq. Az keçdi, titrəyiş, yellənmə dayandı. Atamgil evə qayıtdı. Hamı yerinə uzanıb yorğanı başına çəkdi. İkinci dəfə də həmin titrəyiş oldu. Amma heç kim yerindən tərpənmədi.

İndi bu hadisəni xatırlayanda anamgil gülüb özlərindən gedirlər. Amma mən indinin özündə atamdan inciyəm. Deməli, o qardaşımı hamımızdan çox sevirmiş. Bizi də sevsəydi, zələzlə olanda hamımızı çölə çıxarardı.

Yaşlı adamları isə danışırdılar ki, bir dəfə kənddə o qədər güclü zəlzələ baş verib ki, yer aralanıb, qoyunları otarmaqdan gələn çoban qoyunlarqarışıq düz yerin dibinə düşüblər, sonra yer təzədən bağlanıb. Elə bil bu dünyada belə bir çoban və bir sürü qoyun olamyıbmış. Təkcə çoban yox, deyirlər, çox adamlar zəlzələdən sonra elə yerin dibinə gediblər, yerin içində itkin düşüblər. Hətta bir dəfə nənəm danışırdı ki, babalarından biri də zəlzələdən yer aralananda ora düşüb, yerin ağzı bağlananda isə çuxasından bir parça torpağın üstündə qalıb. Sonra da həmin parçanı götürüb saxlayıblar.

İndi isə harda olmağımdan asılı olmayaraq, elə bilirəm, nə vaxtsa, güclü zəlzələ baş versə, bizə heç nə olmayacaq. Çünki evimizin təməlinə bir evin daşı tökülüb və divarları qoş daşlıdır, qalındır. Və həmyaşıd olduğumuz, eyni ayda doğulduğumuz üçün mən də evimiz kimi güclü, möhkəm yaranmışam... Ona görə də biz zəlzələlərdən qorxmuruq, əfəndim!


Müəllif: Çinarə Böyükçöl