22 Noyabr 2017 10:59
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada yaşayan həmkarımız Könül Şamilqızı Feysbukda sevindirici bir xəbər paylaşdı. Belə ki, bir müddətdir bəndənizin də axtardığı Məhəmmədəmin Rəsulzadənin polyak xanımı Leyla (Vanda) Rəsulzadənin Əsri məzarlığındakı qəbir yeri, nəhayət, bilindi.

Könül xanımın sayəsində tapılan bu qəbir Əsri məzarlığında, xristian bölümündə “504 ada 55 parsel” “ünvan”ındadır.

Leyla xanımın məzarının fotosunu görəndə çox kədərləndim. Ömrünü Azərbaycan Cümhuriyyətinin qurucusu olan bir şəxsə həsr edən, onun ən ağır günlərində yanında olan, son mənzilə yolçuluqda da tək buraxmayan bir qadının məzarının nə başdaşı vardı, nə də ki üzərində bir ad...

Sadəcə, məzarlığın qeydiyyat dəftərindəki sıralamaya əsasən ona aid olduğu bilindi.

Cümhuriyyətin yüz illiyi ərəfəsində belə sevinci bizə yaşatdığına görə Könül xanıma minnətdarıq.

***

Leyla xanım 1885-ci ildə Varşavada doğulub, Varşava Universitetini bitirib.

Həyatı ilə bağlı əlimizdə yetərli qaynaq yoxdur. Rəsulzadə ilə 1930-cu illərdə tanış olublar, bərabər bir neçə fotoları məlumdur. Haqqında ən geniş xatirəni 2006-cı ildə Türkiyədə “Kebikeç” dərgisinin 22-ci sayında Bülənd Danışoğlu adlı müəllif yazıb.

(Xatirələrdən: “Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona “madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi.

Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili əri “Leyli və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Əri, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmmədəmin Rəsulzadə...”)

Təəssüf ki, “Azərbaycan” dərgisində ölümü ilə bağlı yazılan nekroloqda da geniş məlumat yoxdur. Sadəcə bunlar yazılıb:

“May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi.

Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin ağır vaxtlarında başının üstündən bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq edib. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun”.

Ümid edirik ki, Azərbaycanın Ankaradakı səfirliyi və Azərbaycan Kültür Dərnəyinin və vətənpərvər azərbaycanlıların sayəsində Leyla xanımın məzarı adına layiq şəkildə bərpa ediləcək.


Müəllif: Dilqəm Əhməd