23 Noyabr 2017 11:13
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə ildir ki, Ağdamın “Qarabağ” klubu futbol azarkeşlərinə sözün əsl mənasında futbol bayramı yaşadır. Həm Avroliqada, həm də Çempionlar Liqasında kifayət qədər ciddi nailiyyətlərə imza atdı. Bir zamanlar ancaq xəyal etdiyimiz, nə vaxtsa gerçək olacağına ümid etmədiyimiz Çempionlar Liqasının qrup mərhələsinə qədər gələ bildik.

Bu, Azərbaycan futbolunun müstəqillikdən sonra az-çox inkişafının nəticəsidir. Yaxşı, bəs bu günə qədər futbolumuzu, futbolçularımızı bəzən tənqid, bəzən isə təhqir edən azarkeşlər haradadırlar? Onlarda nələr dəyişib? Onlar necə inkişaf ediblər?

Dünən Çepionlar Liqasının qrup mərhələsinin növbəti oyununda “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə üz-üzə gəldi. 0-4 hesabı ilə məğlub olduq. “Çelsi“ adı futbolsevərlərə yaxşı tanış olduğuna görə əlavə şərhə ehtiyac duymuram. Kaş belə oyunlar həmişə ola, uduzsaq da, olar. Oyun Bakı Olimpiya stadionunda keçirilirdi. Gözlənildiyi kimi, stadion ağzınacan dolmuşdu. Oyundan öncə şayiələr gəzirdi ki, futbol tariximizdə daha bir ilk olacaq. Azərbaycanın ən böyük xoreoqrafiya şousuna şahid olacağıq. Elə də oldu. 20 minə yaxın azarkeş əllərində tutuğu rəngli vərəqlərlə Azərbaycan bayrağının təsvirini yaratmışdılar. Nəhəng plakatda “The Glorious” – “Şərəf “Qarabağ” və “Far away from home but where you belong” - “Evdən uzaq, amma aid olduğun yer” sözləri də yazılmışdı. Bütün bunlara şahid olmaq möhtəşəm idi. Elə ki oyun başladı, stadionun o əzəmətli görüntüsü öz yerini verdi oyunu izləməyə gələn azarkeşlərin pərakəndə hay-küyünə. Bir tərəfdə “Qarabağ-Qarabağ” qışqırırdılar, o biri tərəfdə “Azərbaycan- Azərbaycan”. Bir tərəfdə şəkil çəkdirirdilər, o biri tərəfdə isə tum çırtlayırdılar... Çox keçmir, bu anlaşılmaz hay-küy səngiyirdi. Sakitlikdən istifadə edən azsaylı “Çelsi” azarkeşləri hamısı birdən, sinxron şəkildə elə gözəl oxuyurdular ki, bütün stadion onların bu səliqəli dəstəyinə paxıllıq edib, yenidən hay-küy salmağa başlayırdı. Bir sözlə, müstəqillikdən bu yana futbolumuz tənqid oluna-oluna, inkişaf edib bu səviyyəyə qədər yüksəldi. Amma azarkeşlər elə həmin azarkeşlərdi. Yalnız “Qarabağ”ın “İmarət fan klubu”nun üzvləri həmişəki kimi yenə də sona qədər dəstək oldular. İnanırıq ki, bir gün bütün “Qarabağ” azarkeşlərinin səviyyəsi ən azı “İmarət fan klubu”nun üzvləri qədər olacaq.

Bir məsələ də var ki, görəsən oyun boyu dayanmadan öz sevimli komandasına dəstək olan ingilis azarkeşlərdən neçəsi “Çelsi” üçün canından keçməyə hazır idi? Ancaq mən əminəm ki, yaxşı dəstək olmağı bacarmasa da, 68 min azarkeş “Qarabağ” üçün hətta canından da keçərdi... Stadiona doğru böyük həvəslə irəliləyən, ayağının birini bəlkə də Qarabağ müharibəsində itirən əlil azarkeşin bir ayağının səsi, 68 min azarkeşin səsindən daha çox "Qarabağ" qışqırırdı. Çünki o, hamıdan daha çox Qarabağlı idi...


Müəllif: Xəzər Süleymanlı