27 Noyabr 2017 22:56
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anamın mis güyümü vardı. Bulaqdan suyu onunla gətirirdi. Bizim isə bacımla güyümü çiynimizə alıb aparmağa heç cür gücümüz çatmırdı. Hətta güyümü çiynimizə boş belə alsaq, yenə yerimizdən tərpənə bilmirdik. Ona görə də kürəyində güyüm anam gözümüzdə ən qoçaq, ən dağ, ən güclü qəhrəman kimi görünürdü.

Mis güyüm suyu dadlı edirdi. Hətta su bir müddət güyümdə qalanda dadından doymaq olmurdu. Kənd yerində nə su süzmək, nə qaynatmaq? Uşağa da, böyüyə də, xəstəyə də çiy sudan içirərdilər. Hamı da sağlam, gümrah.

Vaxt elə yerə çıxıb durdu ki, artıq bacım güyümü çiyninə almağı öyrəndi. Artıq güyümün yarısından da olsa, suyu bulaqdan o gətirirdi.

Anamınsa bacıma acığı tuturdu ki, uşaqlar suyu güyümdə yox, vedrədə gətirər. Bir az da keçəndən sonra bacım su gətirəndə güyümü dolu tuturdu. Evə çatana qədər isə çiyni islanırdı, ətəyini sıxıb paltarı əynindən çıxarmırdı. Nə xəstələnmək? Kənd yerində də adam xəstələnər? Qışda isə bulaqdan su gətirmək lap zillətli işdir. Bu vaxt güyümün ağzından çiyninə su töküləndə əynini dəyişməsən, hə, qırx qızdırmayla xəstə yatarsan.

Fəsil-fəsil, güyüm-güyüm o qədər böyüdük, axırda anam dedi ki, əgər bir qız güyümü çiyninə alıb bulaqdan su daşıya bilirsə, deməli, yekə qız olub.

Daha arxasını demədi, biz başa düşdük ki, yekə qız olmaq kənd yeri üçün evlənmək yaşına çatmaq deməkdir. Anam dedi ki, yekələnməyinizi istəmirəm, ona görə də güyümü gizlətmişəm. Kim güyümümüzü soruşurdu, anam deyirdi ki, daha işlətməyəcəm, ağırdır, belim qırılır.

Mən elə bilirdim anam heç vaxt yalan danışmır. Sən demə, kəndə mis-aliminium alanlar gələndə anam güyümü adicə metal kimi satıbmış. Özü də Novruz bayramı ərəfəsiydi. Güyümün pulu ilə bizə xonça düzəltmişdi, şirniyyat bişirmişdi...

Bunu anam bizə təzələrdə danışıb. Deyir, acığımı güyümdən çıxdım. Həm evimizdə bir qəpik pul yox idi, həm bayram çatmışdı, həm güyümə baxanda elə bilirdim, bacını da, böyüyəndə səni də mənim əlimdən alıb aparacaq. Ona görə güyümdən zəhləm gedirdi. Amma indi baxıram ki, nə güyüm var, nə də siz. İndi anam ev dolusu adımızı çağırır, gec-gec gedirik deyə otaqlarda adımızı ana-ana gəzir ki, evin yadından çıxmayaq, divarlar bizi unutmasın. Nə də öz yaddaşını bir an belə bizsiz qoymasın. Anam bizimçün yamanca darıxır. Elə biz də, elə mən də...


Müəllif: Çinarə Böyükçöl