1 Avqust 2014 10:39

"Qarabağ" çətin keçəcəyi gözlənilən oyunda qələbə qazandı. Bu, əlbəttə ki, adi azarkeşlər və futbolsevərlər üçün olduqca sevindirici haldır. Çünki rəqib də elə-belə, sıradan komanda deyildi.

Dəfələrlə Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olmuş avstriyalılar bizimlə müqayisədə bir baş üstün komanda hesab olunur.

Ancaq meydanda sərgilənən mübarizə, göstərilən oyun bir daha sübut elədi ki, futbol meydançada oynanır, kağız üzərində kimin güclü olmasının o qədər də fərqi yoxdur.

Xüsusilə, erkən qolun vurulması komandamıza özünəinam qazandıran əsas amil idi. Ancaq hər şey nə qədər gözəl başlasa da, oyunun sonrakı axarı və ukraynalı hakimin bəzi yersiz və qərəzli müdaxilələri təmsilçimizin işini bir qədər çətinə saldı.

Qurban Qurbanov bu oyun üçün yaxşı taktika seçmişdi. İlk hissə boyunca "saat kimi işləyən" taktika hissənin sonlarında albaniyalı müdafiəçi Admir Telinin qırmızı vərəqə alması ilə müəyyən qədər dəyişikliyə məruz qaldı.

İkinci hissənin başlaması ilə Qara Qarayevi oyundan alaraq yerinə İlqar Qurbanovu oyuna salan baş məşqçimiz taktiki düzülüşə də müəyyən qədər əl gəzdirəsi oldu.

İlk başda müəyyən qədər anlaşılmaz qalan bu dəyişiklik oyunun sonlarına yaxın öz bəhrəsini verdi. Anlaşılmaz qalan isə o idi ki, hesabda üstün olan və müdafiəçisi qırmızı vərəqə almış komandanın baş məşqçisi müdafiəyəmeyilli oyunçu yerinə ön xətdən bir oyunçu alıb yerinə müdafiəçi salsaydı, daha məqsədəuyğun olardı.

Ancaq oyunsonrası mətbuat konfransında Qurban Qurbanovun özü də qeyd elədi ki, əslində, ön xətdən Çumbinyonu alıb yerinə İlqarı buraxmaq olardı. Qara Qarayevin çıxarmasının əsas səbəbi isə gənc futbolçunun sarı vərəqə alması idi.

İkinci hissə boyunca rəqibin təzyiqi artıracağı və "Qarabağ" üzərinə gələcəyi gözlənilən idi. Ağdamlılar da səliqəli müdafiə olunmaqla və azarkeşlərinin də dəstəyi ilə bir xeyli qonaqların təzyiqinə dözdülər.
Ancaq ani diqqətsizlikdən və müdafiədə yaranmış kiçik bir boşluqdan istifadə eləyən avstriyalılar hesabı bərabərləşdirdilər.

Sona lap az qalmış Reynaldonun komandasını ikinci dəfə hesabda önə çıxarması bütün stadionu ayağa qaldırdı. Ancaq çox keçmədən elə həmin Reynaldo müəmmalı və mübahisəli bir şəkildə qırmız vərəqə alaraq Tofiq Bəhrəmov adına Respublika Stadionuna toplaşmış on minlərlə azarkeşi kədərləndirdi.
Xüsusilə, dramatik və həyəcanlı bir şəkildə keçən son dəqiqələrdə isə hesab dəyişməyincə oyun bizim qələbəmizlə başa çatdı.

Təbii ki, istənilən oyunda, ev və ya səfər matçı - fərq eləmir, qazanılmış hər hansı qələbə olduqca önəmli və dəyərlidir. Ancaq ikitərəfli oyunlarda evdə buraxılan qol göz önünə gətirilincə, səfərdə təmsilçimizin işinin necə çətin olacağını indidən proqnozlaşdırmaq olar.

Əsas müdafiəçilərindən birinin və komandanın vuran ürəyinin, əsas qol silahının növbəti oyunu buraxacaq olması bir komanda üçün ən böyük çətinlikdir.Qurban Qurbanovun isə bir həftə vaxtı var. Bütün taktikasını Reynaldoya görə müəyyənləşdirən gənc mütəxəssis bir həftə ərzində Reynadonun baş rolda olmayacağı bir ssenari fikirləşməlidir. Özünün dediyinə görə, bu dəfə Reynaldonun oynadığı rola "dublyor" kimi Vüqar Nadirovu çəkəcək, ancaq bunun nə qədər effektiv olacağı yenə Qurbanovdan asılıdır.

Bütün bunlara baxmayaraq, ilk oyundan da göründüyü kimi, müdafiəsində ciddi boşluqlar verən, əks hücumlar zamanı düzgün mövqe seçə bilməyən "Zalsburq" yenilməyəcək rəqib deyil. Yetər ki, inam və istək olsun.


Müəllif: Zaur Xudiyev
Загрузка...