10 Dekabr 2017 08:45
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar – 5-10 il bundan qabaq gənclərin, yeniyetmələrin arasında yayılmış replər vardı. Hansı ki, bu ritmik, duyğusal, bir az romantik, çox-çox sentimental və reallıqla yaxından-uzaqdan əlaqəsi olmayan çığırtılar və ya pıçıltılar Mirzə təxəllüslü Elcan Əmirli adlı gəncə aid idi. Hansı ki, o gənc universitetdən qovulmuşdu və ya özünü qovdurmuşdu. Belələri adətən, talelərini özləri düzüb-qoşurlar ki, sonra da sinələrini gərə-gərə öz bədbəxt həyatlarını gələcək vikipediyalarında nümayiş etdirsinlər. Bu yekəxanalıqla da çocuqları özünə daha çox cəlb eləmiş, sevdirmişdi. Deyim ki, o replərə qulaq asandan sonra bizim qızlarımız daha çox kişiləşdi, daha çox qıçlarını ata-ata gəzdi, şalvarı oğlan kimi geyindi, belini qabağa əyib oğlan kimi yeriməyə başladı.

İŞİD-çilərə heç fikir vermisinizmi? Beyinləri balaca olur, bədənləri isə yekə. Bədən dediyimi cəmdək hesab edək. Cəmdək deyəndə ağlıma ilk olaraq camış gəlir. Mən İŞİD-çiləri camışa bənzədirəm. Uşaqlıqda ən çox qorxduğum heyvan camış olub. Çünki uzaqdan gəldiyini görəndə nə qədər qaçsam da, ağlasam da, yalvarsam da, düz üstümə cumurdu və mütləq ya məni möhkəm vəlvələyə, ya da az qala buynuzuna salırdı. Gərək gözünə görünməyəsən. Ümumiyyətlə, kənddə camış saxlayan adamlara yazığım gəlirdi. Axı bu axmaq heyvanlar nəyə lazımdır? Yeyirlər, palçığın içində eşələnirlər, yatırlar və mənim kimi adamları qorxudub təşvişə salırlar. Südü də, əti də iyrəncdi.

Allah mənim mətləbimi kəssin. Mirzədən camışa gəlib çıxdım. Yəni sözü sözə calamaq istəyirdim. Guya bədii manevr etmək istəyirəm. Bu İŞİD-çilər ağıldan az, qoldan zor adamları öz dəstələrinə alırdılarsa, mirzəkimilər tayfası da öz dəstəsinə məhz 18– uşaqları alırdı. Hansı ki, o uşaqların maneəli eşq macərası olsun, valideynləri ilə münasibəti bərbad olsun və ən əsası psixoloji problemləri olsun. Kütlədən, insanlardan soyusun. Məncə, bütün yaradıcılığı boyu həmin replərin müəllifi və yaratdığı qrup üzvləri insanları insanlardan soyutmaq üçün hesablanmışdı. İŞİD-çilər də belədir. Və mən həmin qanımızı it qanına döndərən mirzələrlə İŞİD-çilər arasında yaxından-uzaqdan heç bir fərq görmürəm.

Bu soyuqluq, bu iddiasızlıq bizdə dini yaddaşın və gənclikdə dinlədiyimiz həmin musiqilərin və ya oxuduğumuz əsərlərin izidir. Guya təvazökar olmaq lazımdır. Bir dəfə sinif yoldaşım qəşəngcə dərs danışıb yerinə oturanda müəllimimiz ənənəyə uyğun olaraq ondan soruşdu ki, neçə qiymət istəyirsən? Gözləyirdik ki, mütləq üç deyəcək. Çünki yalançı sadəliyinə öyrəşmişdik və nəinki bundan ürəyimiz, ruhumuz da bulanırdı. Axır həmin gün müəllim soruşanda ki, sənə neçə yazım, o da dedi ki, üç. Bütün sinif az qaldıq həmin yoldaşımızın təpəsini deşək, bağırsaqlarını boğazından tökək. Axı necə yəni? O cür dərs danış, sonra denən ki, müəllim, üçə razıyam? Yalansa, başına qayalar tökülsün.

Bu misalım da mətləbimi qüvvətləndiməyə xidmət edən ədəbazlıq idi. Yəni onu demək istəyirəm ki, əgər birinin istedadı varsa və bu istedadı hər hansı bir şəkildə üzə çıxara, insanlara nümayiş etdirə və sevdirə bilirsə, onun iddialı olmasının nəyi pisdir ki? Və ya niyə iddialı olmasın ki? Neynəsin, burnunu aşağı salıb Bakıya boz şəhər deyə-deyə, deyinə-deyinə gəzsinmi? Ya çıxıb xaricəmi getsin? İndi qanıqara Elcan Əmirli nə tövr elədisə buralardan çıxdı getdi, amma o yandan bu yana göndərdiyi o mənasız və sentimental romanları ki zəhləmizi töküb. Guya özünü son dərəcədə gözdən-könüldən uzaq tutub təvazökarlıq etmək istəyir. Guya adam iddiasızdır. Yalansa başına qayalar tökülsün. Yenə iddiası olsa cəhənnəm. Bir adamın ki, nə istedadı olsun, nə də iddiası, ondan nə danışmaq olar?

Bizim qaraya, qara rəngə ehtiyacımız yoxdur. Daha qaradan bezmişik. İddiasızlıq da qaradır. Bizə rənglər lazımdır. Yaşlı qan, qırmızı qan, sarı qan, göy qan. Amma qara qan yox. Bəlkə o vaxt şəhərimizdə al-əlvan geyimlər taparıq. Bəlkə o vaxt qızlarımız yerişin düzəldə, sarı, yaşıl, qırmızı donlar geyinə və qadın ədasıyla gəzə. Bəlkə o zaman ölkəmizin qara paltarlı qadınlardan canı qurtara.

İndi əsas mətləbə gəlim. Mən özümü yaşıl, sarı, qırmızı, göy qan hesab edirəm. İsetdadıma güvənirəm və çox iddialıyam. Qoy bütün ölkəmiz şux rənglərlə əhatələnsin. Qoy Bakı boz şəhər adlandırılımasın, qırmızı şəhər olsun. Qoy hamı Bakı küçələrinə boz yox, məhz qırmızı küçələr desin. Gedib xaricdə oturub səliqəli küçələrdən Bakının küçələrinə boz deməyə nə var ki? Gəl, a başına dönüm, yaşa dana bu bozun içində. Bəlkə buralara boz deməyə onda haqqın olar.

Deyəsən, bir az əsəbiləşdim. Ən yaxşısı budur, gedim yaradıcılığıma davam eləməyə. Onu da deyim ki, məndən qorxun, çox iddialıyam. Hamınızı yerlə yeksan edəcəyəm!


Müəllif: Çinarə Böyükçöl