12 Dekabr 2017 09:10
3 229

…Bizi gənc əsgərlərin Təlim-Tədris Mərkəzinə gətirdilər. Hamımız eyni formada, eyni saç düzümündə idik. Ətrafda baş verənləri anlamaq üçün o günə qədər dinlədiyimiz musiqiləri mızıldanır, oxuduğumuz kitabları köməyə çağırırdıq.

Gah komandirlərin zəhmli səslərindəki əmrlər, gah “dağıl-düzül komandası”, gah 30-40 dəqiqə tərpənmədən fərəqətdə qalmaq mülki həyatdakı rahatlığımızı canımızdan kir kimi çıxardırdı. Artıq hamı başa düşürdü ki, burada etiraz etməyə heç bir şans yoxdur. Özünü rahat şəkildə əmrlərə təslim etməlisən.

Cəbhə bölgəsindəydik. 3 aydan sonra düşmənə yaxın postlarda xidmət etmək üçün bölünürdük. Hamı bir-birinin üzünə diqqətlə baxıb susurdu. Və yəqin ki, hamı eyni şeyi düşünürdü. Tərxis olunanda bu uşaqlardan kimlərsə həyatda olmayacaq. Şəhidliyə ucalacaq... O anları təsəvvür edə bilirsiz? Həmin anda hamımız yüksək səslə nəinki hərbi marşları, hətta ən bayağı mahnıları da oxuyardıq, yetər ki, heç kəsə heç nə olmayaydı...

Həmişə üzümüzü güldürən Eyyubovun bu dəfəki cəhdləri uğursuz alınırdı. Hamı candərdi qımışır, yenidən cəbhə boyu xəyallara dalırdı. İndi bizi düşməndən qabaq üz-üzə qaldığımız həqiqətlər gülləbaran edirdi. Hərdən bu güllə səslərindən diksinib bir-birimizə gülmsəyirdik. Heç kəs öz aqibəti haqda düşünmək istəmirdi…

Haciyev içimizdəki ən zərif əsgər idi. Bütün hərəkətləri qadını xatırladırdı. Onun haqqında deyə biləcəyim ən kobud ifadə bu ola bilərdi. O, qadın kimi idi. Danışığı, gülüşü, yerişi. Həmişə gülürdü. Bu 3 ayda ən çox əziyyət çəkən də o oldu. Amma yenə də gülürdü. Kim ki özünü bir az ondan güclü bilirdi, bütün işlərə onu buyururdu. Tualet naryadına çıxanlar da öz yerinə onu göndərirdi. Çox vaxt da nizamnamədən kənar hərəkətlərə yol verirdi deyə, daha ağır naryadlarla cəzalanırdı. Hamı ona yuxarıdan aşağı baxırdı. Yenə gülürdü. Üzüyola idi. Elə bil, heç kəsin ürəyini qıra bilmirdi. Dəfələrlə başa salırdıq ki, heç kəsə qulaq asma, qorxma. Gülə-gülə deyirdi ki, bəs mən bura niyə gəlmişəm? Ona görə gəlmişəm ki, sizə xidmət edim. Burdakılar hamısı mənim qardaşımdı. Təki onların işinə yarayım. Az qala indicə çiynindən sürüşüb düşəcək kitelinin arxasını yığıb, kəmərini 2-3 dəfə belinə dolayırdı. Gülümsəyib gedirdi.

Bir dəfə dözmədik, üstünə qışqırdıq, danladıq. Söz verdi ki, daha belə olmayacaq. Gecə “yat komandası”ndan sonra gördük ki, yerində yoxdur. Köhnə əsgərlər döyüb qaldırıb ki, divardan aş, get şəhərdən bizə yemək al gətir. Bu da divardan aşan kimi patrullar görüb, tutublar. Az qala həbsə göndərəcəkdilər. Ata-anası gəlib yalvardı ki, aman-zaman bir oğlumuz var, yazığınız gəlsin. Bir təhər yoluna qoydular. Hərbi hissə komandiri taborun qabağında bu dəfə onu bağışladığını dedi, o isə yenə də gülümsəyib gözünü süzdürdü.

İndi xidmətə başlayandan cibində gəzdirdiyi dəftərçəsini hamıya bir-bir uzadıb əlaqə nömrələri yazdırır. Deyir ki, bir gün mülki həyatda görüşüb, bu günlər haqda danışacağıq. Mənə “qoca” deyirdi. Gəlib yanımda oturdu. Yeniyetmə qız kimi utana-utana dedi ki, qoca, təzə şeirlərin olsa, bir yolla mənə də göndər, gedib rayonda hamıya deyəcəm ki, mən bu şairlə xidmət etmişəm.

O gün hərəni bir tərəfə göndərdilər. O gündən sonra atılan hər gülləyə diksinirdik. Hər şəhid xəbəri gələndə doğma soyad axtarırdıq sanki. Amma istənilən soyadın qarşısında göz yaşımızla birgə baş əyirdik. Bir dəfə də “qalx komandası”na yaxın şiddətli atışma başladı. O qədər şiddətli idi ki, naryaddan yorğun gələn, daş kimi yatan əsgərlər də səsə ayıldı. 15-20 dəqiqə davam edən atışmadan sonra şəhid xəbəri eşitməyə öyrəncəli qulaqlarımız fərəqətdə dayanmışdı. Görəsən, bu dəfə kim?

Birdən qərargah rəisi həyəcanlı-həyəcanlı “şəhidimiz var” qışqırdı. Çox keçmədi, şəhidin adı, soyadı məlum oldu. Hacıyev…

O gün Hacıyev bölük növbətçisi imiş. 2 saatdan bir postdakı əsgərləri dəyişirmiş. Səhərə yaxın dəyişmək istəyəndə, görüb ki, növbəsi çatan əsgər şirin-şirin yatır. Çöldə də bərk soyuq olduğuna görə ürəyi gəlməyib. Onun yerinə posta özü çıxıb. Bu vaxt düşmən kəşfiyyatı qəfil hücum edib. Hacıyev isə təkbaşına mübarizədə elə qəhrəmanlıq göstərib ki, kəşfiyyat həm geri çəkilməli olub, həm də itki verib.

Cibindən tapılan dəftərçənin arasından anasına yazdığı məktub çıxıb.

“Salam ana. Hər şey yaxşıdır. Sizin üçün darıxmışam. Yadındadır, demişdin ki, ordakı əsgər yoldaşlarından muğayət ol, qulluqlarında dur, yeri gəlsə, yeməklərini də bişir, qablarını da yu, hamınız mənim balalarımsız. Dediklərini edirəm. Elə bilirlər ki, onlar məni buyuranda xətrimə dəyir. Amma bilmirlər ki, mən onların yolunda ölməyə də hazıram. Özünü qoru, canım anam. Tezliklə görüşəcəyik. Xidmət bitən kimi uşaqların hamısını kəndimizə dəvət edəcəm. Allaha əmanət.

Oğlun, Hacıyev”…

Xidmətimiz bitdi. O gündən xeyli vaxt keçib. Amma biz bu gün də Haciyevi xatırlayanda aşağıdan yuxarı baxırıq. Göylərə… İndi o bizim hamımıza yuxarıdan aşağı baxır…

Baxır və bu gün ən ölü saydığımız insanların içində belə əzəmətli bir qəhrəmanlıq yata biləcəyini heç vaxt ağlınızdan çıxarmayın deyib, yenə də gülümsünür…


Müəllif: Xəzər Süleymanlı